"Müstəqillik bir qrup adamı diktatora çevirdi" - Yadigar Sadıqov
11-03-2017 14:10 / Bu xəbər 3237 dəfə oxundu
Prezident İlham Əliyevin İrana səfəri təkcə iqtisadi deyil, siyasi cəhərdən də müxtəlif cür qiymətləndirildi. Bu məsələdə müxalifət partiyalarının da münasibəti maraqlıdır.
Toplum TV yaranmış suallara Müsavat Partiyasının başqan müavini Yadigar Sadıqovla cavab tapmağa çalışıb.
- Ötən həftə prezident İlham Əliyevin İrana rəsmi səfəri oldu. Səfəri necə dəyərləndirirsiz? İran-Azərbaycan münasibətləri hansı istiqamətdə inkişaf edir?
- Son illərdə Azərbaycan-İran münasibətlərinin daha da normallaşdığını hiss etmək olar. Əvvəlki dövrdə, xüsusilə Xəzərin neft yataqlarının işlənməsi ilə bağlı işlər başlayanda bu münasibətlər daha kəskin idi. Sonrakı məsələlər də yadınızdadı, İran təyyarələrinin bizim sərhədləri tez-tez pozması və sair. Amma son zamanlar münasibətlər normallaşıb. Çünki Azərbaycan hökuməti Qərblə münasibətini soyuqlaşdırıb və bu konteksdə İran-Azərbaycan münasibətlərinin istiləşməsi müşahidə olunur. Bununla bərabər, mən hesab etmirəm ki, bu səfər Azərbaycan-İran münasibətlərində ciddi nəticələrə səbəb olacaq və səfər zamanı hər iki prezidentin dediyi kimi, qardaş münasibətlərə gətirib çıxaracaq. Hər halda İran-Azərbaycan münasibətləri bu səviyyədən xeyli uzaqdı. Lakin yenə dediyim kimi, əvvəlki illərə nisbətən münasibətlər normaldır.
- Şimal-Cənub dəhlizinin çəkilməsi, İran-Rusiya nəqliyyat xəttinin Azərbacan üzərindən birləşməsi bizə hansı perspektivlər vəd edir?
- İqtisadi cəhətdən təbii ki, bizə xeyri olacaq. Hər halda tranzit ölkə kimi gəlirlər əldə etmək hər bir ölkənin can atdığı iqtisadi fəaliyyətdir. Bununla bərabər, Azərbaycan Qərblə energetika sahəsində öz fəaliyyətini davam etdirməyə çalışır. Çünki öz enerji ehtiyatlarını Qərbdən başqa satacaq bir yeri də yoxdur. Buna görə də Rusiya ilə İran arasında körpü olmaq mümkündür, bundan iqtisadi səmərələr əldə etmək lazımdır. Lakin Azərbaycanın milli maraqlarını, Qərbə inteqrasiyasını qurban verməmək şərti ilə. Və bu körpünün iqtisadi körpüdən siyasi körpüyə çevrilməsinə yol vermək lazım deyil.
- Son zamanlar İran rəsmiləri Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək istədiklərinə dair fikirlər səsləndirirlər. İranın vasitəçiliyi Qarabağ düyününün açılmasına kömək edərmi?
- Təkcə İranın deyil, hər hansı bir dövlətin hazırkı status-kvoda vasitəçiliklə uğur qazanması imkansız görünür. Çünki tərəflərin durduqları mövqe tamamilə bir-birinə əksdir və heç bir tərəf konsensusa meyilli deyil. Təbii ki, mən Azərbaycan tərəfinin mövqeyini haqlı hesab edirəm. Qarabağı Azərbaycanın ayrılmaz hissəsi sayıram. Ermənistan tərəf də o mövqedədir ki, Dağlıq Qarabağ müstəqil olmalıdır və dünya ölkələri tərəfindən tanınmalıdır. Belə olan halda nə İranın, nə Türkiyənin, nə də Rusiyanın uğur qazanacağı ağıla sığandır. Mənə elə gəlir ki, status-kvonun dəyişməsi lazımdır. Bu da hərbi əməliyyatlar yolu ilə mümkündür. Heç olmasa ermənilərin qalib psixologiyasını sındırmaq lazımdır. Bundan sonra ermənilər ola bilsin ki, daha konsensusa meyilli olsunlar. İndiki status-kvoda isə bu, imkansız görünür.
- Son illərə Orta Şərqdə gedən proseslərdə İranın şiəlik kartından istifadə edərək güclənməsi hiss olundu. Bunun bizə nə kimi təsirləri olacaq? İran şiəlik kartından Azərbaycanda necə istifadə edir?
- Suriyadan başlamaq istərdim. Doğrudan da, İran orada öz mövqelərini gücləndirdi. Əvvəla, birmənalı şəkildə dəstəklədiyi Bəşər Əsədin hakimiyyətdə hələ də qalmasına nail olub. Bu da Liviyada, Tunisdə, Misirdə baş verən hadisələrə nisbətən onun hakimiyyətdə qalması ciddi bir nəticədir və xüsusilə də İranın xeyrinə işləyən bir nəticədir. Digər məsələ isə ondan ibarətdir ki, İŞİD kabusunun ortaya çıxmasından sonra İranın şiə rejimi kifayət qədər mülayim görünməyə başladı və bir çox insanda - təkcə Azərbaycanda yox, ümumiyyətlə, bizim coğrafiyada yaşayan insanlarda daha simpatik göründü. Bunun da nəticəsində İranın nüfuzu xeyli dərəcədə artdı. Azərbaycana gəldikdə, təbii, əhalinin əksəriyyəti şiə olan bir toplumdur. Bir çox regionlarda - Naxçıvanda, Cənub bölgəsində, Bakı kəndlərində daha ciddi nüfuza malikdir. Bu məsələdə başqa bir halı da qeyd etmək lazımdır ki, son on il ərzində dünyəvi dövlət olan Azərbaycanda bir pərişanlıq hiss olunur. Bu da insanları müxtəlif istiqamətlərə yönəlməyə vadar edir, xilas yolunu dini dövlətdə görməyə calışırlar. Bu, təəssüfedici haldı, eyni hadisələri biz ərəb ölkələrinin tarixində görmüşük. Ötən əsrin 50-ci, 60-cı illərində ərəb ölkələri müstəqil olanda orada dini dövlət yaratmaq istəyən qüvvələr yox idi. Lakin müstəqillik orada bir qrup adamı diktatora çevirdi. Sivil müxalifət, dünyəvi müxalifət məhv edildi və nəticədə də insanlar dini dövlət quruluşuna üz tutmağa başladı. Belə olan halda təbii ki, İran Azərbaycanda özünə yaxın rejimin yaradılmasına maraqlı olardı və bunu da həyata keçirmək istərdi. İran kifayət qədər praqmatik siyasət yürüdən bir ölkədir. Hələ bunun nə qədər real olduğunu ölçüb-biçir. Amma hər halda həmin rejimin yaranması olmasa da, şiələr içində nüfuzundan istifadə edərək Azərbaycan hakimiyyətinə, onun xarici siyasətinə təsir göstərməyə çalışacaq.
- Bu yaxınlarda İranın Azərbaycandakı səfirliyinin rəsmisi müxalif təşkilatlardan olan REAL Hərəkatının nümayəndələri ilə görüşdü. Bundan sonra hərəkatın üzvləri faktla bağlı prokurorluqda dindirildi. Müxalifət nümayəndələrinin İran rəsmiləri ilə görüşməsini necə dəyərləndirirsiz?
- Əvvəla, mən REAL-la bağlı hadisəyə münasibət bildirmək istərdim. Hüquq-mühafizə orqanları REAL-ın təmsilçilərini sorğuya çağırmamışdan öncə o iddiaları yayımlayan müəllifi çağırmalı idi. Və yazılan iddiaların nə qədər həqiqətəuyğun olduğunu, bu informasiyanı haradan aldığını dəqiqləşdirməli idi. Bundan sonra ciddi bir informasiya mənbəsinə istinad var idisə, REAL üzüvlərini dəvət edə bilərdi. Lakin tamamilə uydurma, heç bir fakta əsaslanmayan yazıya əsasən REAL-çıları dindirməyə çağırmaq açıq-aşkar siyasi sifariş olduğunu göstərirdi. İranla müxalifətin münasibətlərinə gəldikdə isə, - bu, şəxsən mənim fikrimdir, bunu Müsavat Partiyasının mövqeyi kimi dəyərləndirməyin - yanaşmam ondan ibarətdir ki, müxalifət hakimiyyətə iddialı bir siyasi qüvvədir. Sabah hakimiyyətə gələ biləcəyini, Azərbaycanın xarici və daxili siyasətini yürüdə biləcəyini iddia edən bir qüvvədir və belə bir qüvvənin milyonlarla azərbaycanlının yaşadığı İranla da münasibətləri olmalıdır. Burada qeyri-adi heç nə yoxdur. İrana fars dövləti kimi yanaşmamalıyıq. Bu, həmçinin də bizim bir çox soydaşımızın - türklərin, İranın şimalında yaşayan talışların qurduğu bir dövlətdir. İran dünyada ən çox azərbaycanlının yaşadığı ölkədir. Hesab edirəm ki, əgər dəvət olarsa, Azərbaycan müxalifəti də onlarla görüşməli, öz fikirlərini çatdırmalıdır.
Qara Məhəmmədoğlu