Mötərizəyə alınan insanlar...

Mötərizəyə alınan insanlar...

13-01-2021 13:10 / Bu xəbər 581 dəfə oxundu

Hüseynbala Səlimov

Bizim böyük şəhərin əvvəl bir İçərişəhəri vardı. Mənim üçün tez zamanda bütün şəhər İçərişəhər oldu. Daha sonra ölkə İçölkəyə çevrildi – gələcəyə aparan yolları daraldı, labirintə çevrildi və mən də, biz də elə bu labirintdəcə ilişib qaldıq, hara üz tutduqsa, sonda bir bumeranq kimi əvvəlki yerimizə qayıtdıq.

Beləcə, mən İçölkə ilə Çölölkə arasında çabalamağa başladım və bu vurnuxma bu şəhərdə yaşamaq haqqı almağımdan düz otuz il keçəndən sonra da dayanmadı; burada heç nə ruhumu oxşamır, bəzən cahanşümul uğurlarımız belə ruhumu qanadlandırmır...    

Bilirsiniz, bəlkə də, hər şey başqa cür olsaydı, mən də bu şəhərdə, bu ölkədə ilişib qalmağımdan qəti iztirab duymazdım. Amma iş elə gətirdi ki, mən də, bizim bütün cəmiyyətimiz də sovet keçmişilə demokratik gələcək arasında ilişib qaldıq – sözdə guya soveti inkar etdik, amma gəl, əməldə onun mentaliteti və kanonları ilə yaşamaqda davam etdik. 

Elə bu səbəbdən də özümü və bütün cəmiyyətimizi "mötərizəyə alınmış” kimi hiss etməyə başladım. 

Riyaziyyatdan xəbəri olanlar bilirlər ki, ədədləri və yaxud da ifadələri ona görə mötərizəyə alırlar ki, onların üzərində eyni əməliyyatları həyata keçirsinlər. 
Bu əməliyyatları etmək üçün mötərizə içindəkilərə fərq qoymurlar və beləcə mötərizə içində boz və yekənəsəq bir atmosfer yaranır ki, bunu öz cəmiyyətimizin durumunda hiss edir və duyuruq...

Bu bozluğun və ya yeknəsəqliyin qəribəliyi ondadır ki, adamda hətta sovet yeknəsəqliyi üçün nostalji yaradır. Adam dərhal aeroporta cummaq və rus şəhərlərindən birinə uçmaq istəyir ki, bu darısqallıqdan canını qurtarsın, çünki bizim şəhərlərlə rus şəhərləri arasındakı fərq yalnız və yalnız hansısa həndəsi darısqallıqda deyil, yox, bizim şəhərlərimizdə, o cümlədən də Baş şəhərimizdə bir mənəvi darısqallıq da var ki, bunu biz düz otuz doqquz il əvvəl, SSRİ-nin Baş şəhərində yaşamağa başlayarkən duymuşduq.

O vaxt gördük ki, sən demə, başqa bir sosializm də, başqa sovet qaydaları da varmış. Biz bu kiçik İçölkəmizdə öz sovetimizi bərqərar etmişdik və öz sosializmimizi qurmuşduq. İndi də belədir – bizim İçölkəmiz və İçşəhərimiz demokratik bir məkandır, amma özünəməxsus şəkildə demokratikdir... 

Bax, adamı sıxan da, üzən də elə budur. Hey deyirsən ki, nə olar, gəlin biz də öz bildiyimiz və özümüzə sərf edən kimi yox, elə hamı kimi, cəmi dünyadakı cəmiyyətlər və dövlətlər kimi demokratik olaq.

Amma yox. Bu, onda olardı ki, biz mötərizəyə alınmazdıq. Hamı kimi demokratiya da o vaxt olacaq ki, mötərizəni götürəcəklər, ağına-bozuna baxmadan üzərimizdə eyni əməliyyatları aparmayacaqlar.

Güman ki, Lermontov özünün "Əlvida, Rusiya...” şerini yazanda heç ağlına belə gəlməzdi ki, o, Rusiyadan qopmaq, mötərizədən çıxmaq və hamı kimi azad olmaq istəyən cəmiyyətlərin şüarına çevriləcək, küçə və meydanlarda, hətta Maydanlarda səslənəcəkdir...

Amma oldu. Bəlkə, biz də bir gün bu şerin misralarını xatırlayacaq və darısqallıqdan can qurtarmağa, İçşəhərlə Çölşəhər arasındakı sərhədləri götürməyə çalışacağıq. 

Yadınızdadırmı həmin misralar: "Əlvida, çirkli Rusiya! Ağalar və qullar ölkəsi...”

Hələliksə... Bəli, hələliksə mən Lermontovun digər bir şerini – "Buludlar...” şerini xatırlayıram. Təxmini mənası belə idi: "Ey göy üzündəki buludlar, əbədi sərgərdanlar...” 

Onu da deyim ki, ola bilsin, əsl poeziya biliciləri mənim "tərcümə” sahəsindəki demokratiyamı bəyənməyəcək və "Axı bu şeir belə tərcümə olunubdur!” deyəcək və haqlı da olacaq, düz də edəcəklər... 

Amma məni ona görə anlamaq və başa düşmək lazımdır ki, mən tərcüməçilik iddiasında bulunmuram, sadəcə, çabalayıb, vurnuxub bu mötərizədən çıxmaq istəyən və mötərizə içindəkilər kimi yox, onun çölündəki insanlar kimi olmaq istəyən birilərindənəm və dediyim də budur ki, nə olar, gəlin özümüz kimi yox, hamı kimi, cəmi mütərəqqi bəşəriyyət kimi olaq, "öz demokratiyamızı” yox, yüz illərin sınağından çıxan bəşəri demokratiyanı gətirək bu ölkəyə...

Bəli, başa düşürəm, mənim bu pessimist sətirlərimi oxuyanlar "İmkan verməz ki, Qarabağa görə bir doyunca sevinək” deyəcəklər. Üstəgəl, özüm də anlayıram ki, indi çox həssas məqamdır. Amma bununla belə biz Avropa Birlyilə çalışmalarımızı arxivə göndərməməliyik, ən azı ona görə ki, indi bizə yeni bazarlar lazımdır. 

Hazırda kənd təsərrüfatı məhsullarımızın əsas bazarı Rusiyadır və Kreml artıq bundan bir siyasi təzyiq aləti kimi istifadə edir. Dağlıq Qarabağaın qaytarılmış rayonları bizim kənd təsərrüfatı potensialımız bir az da artıracaq və bizə yeni bazarlar lazım olacaq. Odur ki, bir gözümüz Avropa səmtində olmalıdır.

qaynar.info