MTN-çilərin məhkəməsində intihara cəhd

MTN-çilərin məhkəməsində intihara cəhd

21-06-2022 23:55 / Bu xəbər 207 dəfə oxundu

Zərərçəkən: " Hakim vətəndaşın yox, quldurların maraqlarına xidmət edir

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş üç polkovnikin – şöbə rəisləri Vüsal Ələkbərov və Yasin Məmmədov, şöbə rəisinin müavini Sahib Ələkbərovun iyunun 21-də keçirilən məhkəməsində intihara cəhd edilib. 

Sabiq MTN-çilərin saxta ittihamlarla həbs edib, yaxınlarından külli miqdarda pul alınandan sonra azadlığa buraxdıqları iddia olunan 30-dan artıq zərərçəkmişdən biri – keçmiş polis zabiti Əfsəl Həsənəliyev məhkəmə zalında özünü yandırmağa çalışıb. Zalda olan icra məmuru və digər zərərçəkmişlər hadisənin qarşısını alıblar.

Bütün bunlar Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyilə keçirilən məhkəmə iclasında baş verib. Hakim sabiq Baş Prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatətin təmin olunmadığını açıqlayandan sonra zərərçəkmiş buna etiraz edib. 

Əfsəl Həsənəliyev bildirib ki, hakim Elbəy Allahverdiyev həqiqəti üzə çıxarıb, təqsirkarları cəzalandırmaq üçün yox, əksinə, onların əməllərini ört-basdır eləmək üçün hakim kürsüsündə əyləşib. O, əvvəlcədən özüylə gətirdiyi yandırıcı mayeni üstünə tökərək, özünü yandırmaq istəyib.

Əfsəl Həsənəliyevi məhkəmə zalından çıxarıblar. O, məhkəmənin binası qarşısında jurnalistlərə açıqlamasında bildirib ki, 2014-cü ildə qondarma ittihamla həbs edilib. Ailəsindən 100 min dollar pul tələb olunub, son nəticədə məbləğ 50 min dollara düşüb. Ailəsi evi banka girov qoyub, oradan götürdüyü pulu MTN-də Yasin Məmmədova verib. Sonradan krediti ödəyə bilmədiklərinə görə evi itiriblər.

"Ailəmin evsiz qalmasına səbəb olanlardan ikisi də Zakir Qaralov və Rüstəm Usubovdur. Ailəmdən alınan pulun yarısı onlara çatıb. Mənim haqqımda saxta cinayət işində onların da imzası var. Hakim niyə onları çağırmır? Niyə jurnalistləri məhkəmə prosesinə buraxmır? Çünki orada üstü açılan böyük cinayətlərin ictimaiyyətə çatmasının qarşısını almaq istəyir. Hakim vətəndaşın yox, quldurların maraqlarına xidmət edir”, – Əfsəl Həsənəliyev Meydan TV-yə bildirib.


Əfsəl Həsənəliyev. 
Foto: Meydan TV

2021-ci ilin aprelindən həbsdə olan Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. 

Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.

Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.