MTN generalının məhkəməsində qalmaqal: zərərçəkənlər məhkəməni boykot etdi

MTN generalının məhkəməsində qalmaqal: zərərçəkənlər məhkəməni boykot etdi

27-10-2021 13:17 / Bu xəbər 313 dəfə oxundu

Hakimin generalla keçmiş əlaqəsi, jurnalistlərin məhkəməyə buraxılmaması etirazlara səbəb oldu.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi, general Mövlam Şıxəliyev, bu idarəyə tabe olan İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisi vəzifəsində çalışmış Vüsal Ələkbərov və Sahib Ələkbərovun məhkəməsində baş verənlərin ictimaiyyətə yayılmaması üçün hakimlər bu məhkəmə prosesində jurnalistlərin iştirakına imkan vermir. 

Bu isə sabiq MTN-çilərin vaxtilə hədə-qorxu ilə külli miqdarda pul aldığı iddia olunan, hazırda isə məhkəmədə zərərçəkmiş qismində çıxış edən zərərçəkənlərin etirazına səbəb olub. Onlar məsələ ilə əlaqədar etirazlarını oktyabrın 26-da məhkəmə iclasında açıq şəkildə ifadə ediblər.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər media nümayəndələrinin məhkəməyə buraxılmasını tələb ediblər. Lakin onların bu haqda vəsatətini hakimlər təmin etməyib.

"Siz nəyi gizlətmək istəyirsiniz? Niyə narahatsınız ki, bunların əməlləri, neçə-neçə ailəni ağlar qoyması ictimaiyyətə yayılar? Hər kəs bunların nə işlərlə məşğul olduqlarını bilməlidir”, – zərərçəkmişlər etiraz edib.

Mövlam Şıxəliyev istisna olmaqla, digər təqsirləndirilən şəxslər həbsdə deyil. İstintaq və məhkəmə dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Zərərçəkənlər bundan da narazıdır. Onlar vəsatət qaldırıb ki, Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərov haqqında qətimkan tədbiri dəyişsin, adları çəkilən təqsirləndirilən şəxslər də həbs olunsun. Lakin Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası bu vəsatəti də təmin etməyib.

Hakim Elbəy Allahverdiyevin təqsirləndirilən generala "müəllim” xitabı isə zərərçəkmişləri daha da hiddətləndirib. Zərərçəkmişlərdən Zaur Əliyev Elbəy Allahverdiyevə yazılı şəkildə etiraz verib, onun bu işə baxmasını istəmədiklərini vurğulayıb. Keçmiş prokurorluq əməkdaşı olan Zaur Əliyev bildirib ki, hakim ədalətli, obyektiv davranmır, açıq-aşkar Mövlam Şıxəliyevin müdafiəçisi kimi hərəkət edir.

Zərərçəkmiş əlavə edib ki, hakim Elbəy Allahverdiyevlə Mövlam Şıxəliyevin arasındakı isti münasibətlərin kökü illər öncəyə gedib çıxır. Onun sözlərinə görə, Elbəy Allahverdiyev hakimlikdən əvvəl Respublika Hərbi Prokurorluğunda mühüm işlər üzrə müstəntiq işləyib. O dövrdə də MTN-in İstintaq Baş İdarəsinə ezam olunub, bir müddət oradakı istintaq qrupunun tərkibində fəaliyyət göstərib. Həmin dövrdə Mövlam Şıxəliyev baş idarənin rəis müavini, daha sonra isə rəisi olub. O vaxtdan da aralarında yaxın münasibət yaranıb və zərərçəkmişin fikrincə, hakimin indi ona "müəllim” deyə müraciət etməsi də ondan qaynaqlanır.

Digər zərərçəkmişlər də vəsatəti müdafiə ediblər, lakin etiraz təmin olunmayıb.

Bu da zərərçəkənlərin narazılığına səbəb olub. Zərərçəkmişlərdən Hüseyn Səfərov etirazını daha sərt şəkildə ifadə edib. 

O bildirib ki, hakimin bu cür davranışıyla əlaqədar müvafiq qurumlara müraciət edəcək. Hakim Hüseyn Səfərovun zaldan çıxarılmasına göstəriş verib.

Digər zərərçəkənlər də hakimin bu cür davranışına etiraz olaraq, məhkəmə zalını tərk ediblər: "Siz burada özünüzü hakim kimi yox, adamları ağlar qoyanların vəkili kimi aparırsız…”

Hakim təzyiqlə (zaldan çıxanların qeydiyyata alınmasına göstəriş verməklə) onların qarşısını almağa çalışsa da, nəticə verməyib.

Məhkəmə prosesi noyabrın 2-nə qədər təxirə salınıb.

Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. 

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.

Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

Zərərçəkmişlər arasında "Texnikabank”ın sahibi Etibar Əliyev, onun oğlu Kəramət Əliyev və digərləri var.///Meydan TV