“MTN işi”: Zakir Qaralovla Rüstəm Usubov da dindirilməlidir

“MTN işi”: Zakir Qaralovla Rüstəm Usubov da dindirilməlidir

06-12-2021 18:10 / Bu xəbər 2469 dəfə oxundu

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyev, İstintaq İdarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, idarənin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. 

Qaynarinfo xəbər verir ki, bu günə qədər cinayət işi üzrə hazırlıq iclası və 6 proses keçirilib. 

Ötən müddət ərzində 32 zərərçəkən və 4 zərərçəkənin hüquqi nümayəndəsindən yalnız bir nəfər bir epizod üzrə dindirilib. Həmin epizod üzrə şahidlər də məhkəmədə sualları cavablandırıblar. 

Ümumilikdə 2 aya yaxındır ki, proses davam edir. Bu müddət ərzində zərərçəkənlər mütəşəkkil cinayətkar quldur dəstənin üzvləri ilə üz-üzə, təkbətək qalıblar. 

Məhkəmə prosesini izləyənlərdə belə fikir formalaşıb ki, ittihamın sübut olunması yalnız zərərçəkənlərin maraq dairəsindədir və onlar öz sualları, vəsatətləri ilə bu dəstəni ifşa etməlidir. 

Dövlət ittihamçısı isə ötən müddət ərzində zərərçəkənlərin vəsatətlərinə, suallarına susqunluqla qarşılıq verir. Eyni tərzi təqsirləndirilənlər və onların vəkillərinə münasibətdə də sərgiləyir. Hətta zərərçəkənlərin azadlıqda olan təqsirləndirilən şəxslərin onlara təzyiq göstərməsinin qarşısının alınması ilə bağlı vəsatətlərini belə dövlət ittihamçısı müdafiə etməkdən yayınır.

Sanki ittihamın irəli sürülməsi, müdafiə edilməsi, sübut olunması, ittihamın təsdiqlənməsi dövlət ittihamçısını maraqlandırmır. Zərərçəkənlər deyir ki, dövlət ittihamçısı prosesə gəlməsə belə, nəsə dəyişməyəcək. Çünki kənardan belə qənaət formalaşır ki, Vüsal Mehrəliyev prosesdə prosessual qaydanın pozulmaması üçün formal olaraq iştirak edir. Əslində isə prosesdə bu şəkildə iştirakı ilə Cinayət Prossessual Məcəllənin tələblərini kobud şəkildə pozur. 

"Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov deyib ki, "MTN işi” üzrə istintaq alayarımçıq aparılıb. Bu gün məhkəmə də həmin alayarımçıq istintaqın davamdır: "Bu gün Mövlan Şıxəliyev və digərilərinin cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində keçirilən proses kitablara "belə istintaq, belə məhkəmə aparmazlar” sərlöhvəsi ilə salınıb tədris olunacaq. Sizin "bunun səbəbi nədir” sualınızın cavabı sadədir. Mövlan Şıxəliyev və digərilərinin ittiham olunduğu cinayətlər bir günün içində törədilməyib. Həmin cinayətlər illərlə davam edib, yüzlərlə Azərbaycan vətəndaşına saxta, qondarma ittihamlar verilib, həmin ittihamlar əsasında qanunsuz həbs olunub. 

MTN-in İstintaq Təcridxanası şəxsi zindan kimi istifadə edilməklə vətəndaşlar azadlıqdan mərhum ediblər. Zindana salınan vətəndaşlar tələb olunan pulu, əmlakı, malını verənə qədər orada saxlanılıblar. Bu gün Mövlan Şıxəliyev "qurbanlıq” rolunu bilərəkdən özü qəbul edir, dəmir barmaqlıq arxasında sakit oturub yaxın zamanda azadlığa çıxacağına ümidlidir. İttihamçı onun üstünə getsə, ittihamı sübut etmək üçün qanunamüvafiq addımlar atsa, Mövlan Şıxəliyevin mövqeyi kəskin şəkildə dəyişəcək. Onun özü olduqca sərt ittihamçıya çevriləcək. Deyəcək ki, ittihamlar qondarma olubsa, niyə Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsi, onun başında dayanan Rüstəm Usubov, Rüstəm Usubovdan yuxarıda dayanan Zakir Qaralov həmin ittihamları təsdiq edib? 

Niyə onun və əlaltılarının vətəndaşların həbsinə dair vəsatətləri təmin edilərək məhkəmələrə təqdimatlar göndərilib? Niyə məhkəmələr saxta və uydurma ittihamları təsdiq etməklə günahsız vətəndaşlar barəsində qondarma hökmlər cıxarıblar? Belə olan halda dövlətin sütunları sayılan məhkəmə hakimiyyəti sarsılır və bu yol verilməzdi. Bu səbəbdəndə Baş prokurorluğun istintaqı formal aparılmaqla, yarımcıq şəkildə məhkəməyə verib, barələrində tez bazar ittiham hökmünün cıxarılmasına nail olmaq istəyirlər.

Mövlan Şıxəliyevin barəsində ittihamedici hökm çıxarılacaqsa, qanunun tələbidir ki, həmin ittihamları təsdiq edən vəzifəli şəxslər - Rüstəm Usubovla Zakir Qaralov da istintaqa cəlb edilməlidirlər. Onların məsuliyyətdən kənar qalması Mövlan Şıxəliyevin barəsində formal hökmün cıxarılmasının əsas şərtidir.

Zərərçəkən Hüseyn Səfərova qarşı irəli sürülən qondarma dələduzluq ittihamı ilə bağlı məsuliyyət daşıyan vəzifəli şəxslərin də dairəsi tam olaraq müəyyən edilməyib və barələrində qanuna müvafiq şəkildə hec bir hüqiqi qiymət veilməyib. Belə ki, zərərçəkən Hüseyn Səfərova qarşı ittihamın irəli sürülməsində cinayət işi üzə müstəntiq Mahir Qasımovun rolu, ona rəhbərlik edən şöbə müdiri Vüsal Ələkbərov və İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevin biləvasitə təqsiri var.  

Hüseyn Səfərovun qondarma ittihamla qanunsuz həbsi üçün Mövlan Şıxəliyev vəsatət verən vəzifəli şəxsdir. Bu qanundan kənar vəsatətə əsasən təqdimat verən isə baş prokurorun 1-ci müavini Rüstəm Usubov olub. Hüseyn Səfərovun həbsinə verilən təqdimatı Səbail Məhkəməsində Rauf Hüseynov (Bu gün Qaradağ məhkəməsinin sədridir) qərarı ilə təmin edib. Ümumilikdə isə Azərbaycan məhkəmələrində MTN-dən gələn təqdimatları, ittihamları təmin edən hakimlərin əksəriyəti də Eldar Mahmudovun dəstəsinin üzvləri olub. Obrazlı desək, Eldar Mahmudov kontrabasda tək ifaçı olmayıb. Sonradan qondarma cinayət işləri Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Burada da  qondarma ittihamlar hakim mantiyası geyinmiş, vaxtilə MTN-də işləmiş müstəntiqlər tərəfindən hökmə çevrilib. Beləcə cinayət halqası qapanıb. Azərbaycan vətəndaşlarının həyatları məhv edilib”.
 
Hüquqşünas deyib ki, bu gün "MTN işi”nin alayarımçıq aparılması, gələcəkdə bu iş üzrə yenidən istintaq araşdırmalarının aparılmasını, təqsirkarların tam dairəsinin müəyyən olunmasını zəruri edir.  

İttihama görə, Mövlan Şixəliyev Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, idarənin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər. 

İstintaqla Mövlan Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlan Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib. 

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Mehrac Qurban oğlu Qurbanov, Etibar Vahid oğlu Cəfərov, Akif Teymur oğlu Qurbanov, Orxan Elman oğlu Abdullayev, Cavidan Mustafa oğlu Hacıyev, Railə Rafkat qızı Musayeva, Kəramət Etibar oğlu Əliyev, Zaur Ağahüseyn oğlu Əliyev, Afət Davud oğlu İsmayılov, Azad Niyazi oğlu Rəşidov, Hüseyn Nəriman oğlu Səfərov, Müsənnif Hilal oğlu Salahov, Ceyhun Mahmud oğlu Seyidov, Əhməd Məhəmməd oğlu Mirzəyev, Sərdar Əhməd oğlu İsmayılov, Elvar Layıq oğlu Əliyev, Seyran Burhan oğlu Nəcəfov, Rauf Faiq oğlu Kərimov, Qulam Davud oğlu Bağırov, Qüdrət Baloğlan oğlu Baloğlanov, İbrahim Məhəmməd oğlu Zeynalov, Rauf Qasım oğlu Həsənov, Ələddin Hüseyn oğlu Əliyev, Anar Sadıx oğlu Heydərov, Bahəddin Abdulla oğlu Sultanov, Elşən İsmayıl oğlu Mədətov, Ağasalam Mövlud oğlu Ağamalıyev, Namil Heydər oğlu Rzayev, Etibar Mahmud oğlu Əliyev, Nizami Firudin oğlu Kazımov, Əfsəl Xanlar oğlu Həsənəliyev və Esmira Məcid qızı Bayramova zərər çəkiblər. 

Cinayət işi üzrə 32 zərərçəkmiş var. Onlara ümumilikdə 20 milyon manat ziyan vurulub.