“MTN işi”ndəki keçmiş müstəntiq: "Zakir Qaralov, Rüstəm Usubov nə tapşırıb, eləmişik"

“MTN işi”ndəki keçmiş müstəntiq:

09-06-2022 00:41 / Bu xəbər 916 dəfə oxundu

"Siz Azərbaycanda yaşamırsınız?.. Bu məsələlər bilmirsiz necədir?.. Biz kimik ki?.. Zakir Qaralov, Rüstəm Usubov,  Mövlam Şıxəliyev nə tapşırıb, onu da eləmişik”.

Bu sözləri iyunun 8-də "MTN işi” üzrə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən biri – nazirliyin İstintaq İdarəsinin metodiki yardım və kriminalistika şöbəsinin keçmiş rəis müavini Sahib Ələkbərov vəkillərdən birinin suallarını cavablandırarkən deyib.

Beləliklə, Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (indiki Dövlət Təhlükəsizlik Xidməti) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodik yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. 

Məhkəmə iclasına hakim Elbəy Allahverdiyev sədrlik edir. Məhkəmənin başladığı ilk vaxtlardan (8 ay) hakim media nümayəndələrini məhkəmə salonuna buraxmır. 

Təqsirləndirilən şəxslərin vəkilləri də mediaya danışmır. Bu səbəbdən də media nümayəndələri yalnız zərərçəkmiş və şahidlərdən məlumatlar toplamalı olur.

Yalnız Mövlam Şıxəliyev dəmir barmaqlıqlar arasındadır. Digər təsqirləndirilən şəxslərsə həbslə əlaqəsi olmayan qətimkan tədbiri altındadır. 

8 aydır ki, zərərçəkmişlər onların da həbsdə saxlanmasını, məhkəməyə istintaq təcridxanasından gətirilib aparılmalarını tələb edirlər.

Bugünkü məhkəmə iclası başlayan kimi təqsirləndirilən şəxslərdən biri Sahib Ələkbərov qısa çıxış edib. O, məhkəmənin nəzərinə çatdırıb ki, ötən iclaslarda bəzi zərərçəkmişlərin yalan danışdığını deyib: 

"Mən o vaxt Qulam Bağırovun, burada zərərçəkmiş kimi ifadə vermiş Azad və Ceyhun Seyidovların MTN-də saxlanılarkən barələrindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsinə kömək etdim. Ancaq onlar gəlib burada yalan danışırlar. Seyidovları elə bir yerdən tapşırmışdılar ki, Mövlam Şıxəliyev onlardan pul ala bilməzdi. Qulam Bağırovun da başında mənim keçəlim boyda şiş vardı, humanizm göstərib azad etdik, gedib xaricdə müalicə olundu”. 

Sonra Sahib Ələkbərov ötən iki gün məhkəmədə zərərçəkmiş kimi ifadə vermiş Zaur Əliyevin suallarını cavablandırıb. 

O bildirib ki, müstəntiq kimi cinayət işini o vaxtkı baş prokuror Zakir Qaralova, baş prokurorun 1-ci müavini Rüstəm Usubova və idarə prokuroruna məruzə edirmiş. 

Bu məruzələr idarə rəisi Mövlam Şıxəliyevin vasitəsiylə baş tuturmuş.
 
Təqsirləndirilən şəxsə vəkil Osman Kazımov da sual verib: 

- Siz icraatınızda olan cinayət işinin istintaqını əmr və tapşırıqla həyata keçimisiniz?

Sahib Ələkbərov (əsəbi):

- Siz Azərbaycanda yaşamırsınız?.. Bu məsələlər bilmirsiniz necədir?.. Biz kimik ki?.. Zakir Qaralov, Rüstəm Usubov, Mövlam Şıxəliyev nə tapşırıb, onu da eləmişik”.

Bundan sonra Sahib Ələkbərov vəkilin suallarını cavablandırmaqdan imtina edib.

Məhkəmə iş üzrə zərərçəkmiş Orxan Abdullayevin atası Elman Abdullayevi şahid kimi dindirib. 

Şahid məhkəmə salonuna daxil olub iltizamı imzaladıqdan sonra hakim ondan təqsirləndirilən şəxslərdən kimləri tanıdığını soruşub. 

Şahid İstintaq idarəsinin 1-ci şöbəsinin rəisi Yasin Məmmədovu göstərərək: "bu şərəfsizi”, deyib. Hakim şahidə qeyri-etik danışdığına görə xəbərdarlıq edib.

Şahid ifadəsinə davam edib: "Oğlum Orxanı qanunsuz həbs etmişdi. Yasinlə MTN-də xidməti otağında görüşdüm. Bir barmağıyla işarə elədi ki, bu qədər ver, uşağı buraxım. Mən də elə bildim 1000 manat istəyir. Biləndə ki, onu düz anlamamışam, güldü, dedi, a kişi, 1000 manat nədi, 100 mindən danışıram. Xeyli danışıqlardan sonra məbləği 50 min manata endirə bildim, verib, uşağı ordan qurtardım”.

Sonra məhkəmə Kəlbəcər köçkünü, Gəncədə məskunlaşmış Ramiz Əliyevi şahid kimi dindirib. Ancaq Ramiz Əliyev deyib ki, o, əslində gərək zərərçəkmiş kimi dindirilsin: "Məni həbs edəndən sonra Yasin Məmmədov telefon kitabçamı qurdaladı, ordan 21 nəfər qızıl alverçisini öz siyahısına yazdı, sonra da onlardan ümumilikdə 200 min manata pul aldı”.

Şahid hakimdən Yasin Məmmədovun nəyə görə dəmir barmaqlıqdan kənarda saxlandığını soruşub. Sual cavabsız qalıb.

Daha sonra zərərçəkmiş kimi Ramiz Əliyev ifadə verib. O da sahibkar olub. 

İfadəsində bildirib ki, 2014-cü il oktyabrında MTN əməkdaşları tərəfindən həbs olunub. İstintaqı Yasin Məmmədov aparıb. 

9 ay həbsdə qaldıqdan sonra tələb olunan pulu verməli olub və azadlığa çıxıb: "Mən həbsdə olduğum müddətdə tanıdığım neçə-neçə qızıl alverçisini çağırıb pul almışdı. Mən bundan həbsdən buraxılandan sonra Mərkəzi Univermaqda qızıl satan Ağasalam Ağamalıyevlə görüşəndə xəbər tutdum. Deməli, Ağasalamla mənim tanışlığım olub. Telefon nömrəsi də kitabçamda olub. Yasin Məmmədov telefonumun yaddaşından götürüb, ona zəng vurub, MTN-ə çağırıb, pul tələb edib. Bakıda, Gəncədə qızıl satan bütün tanışlarımdan bu yolla pul yığıb. Ağasalamı mənə görə çağırıb pul alıblar, istintaq onu zərərçəkmiş hesab edib, mənim özümü isə şahid... Mən zərərçəkmiş kimi tanınmağımı istəyirəm. Bu adam (Yasin Məmmədov nəzərdə tutulur) məni tamamilə müflis vəziyyətinə salıb. Görün məni nə vəziyyətə salıbsa, məhkəməyə gəlmək üçün qonşulardan yolpulu alıram”.

Ramiz Əliyev deyib ki, Mərkəzi Univermaqdakı görüşdə Ağasalam ona: "Məndən 100 min manat tələb etdilər. Dedilər, verməsən, səni də Ramizin gözünə qatıb qaçaqmalçı düzəldəcəyik. Çox danışıqlar apardım, məbləği 50 min manata sala bildim”, - deyib.

Ramiz Əliyev onu da bildirib ki, Birinci Qarabağ Müharibəsində kəşfiyyatçı olub, bədənində iki güllə yarası, 48 qəlpə var. 

Bu barədə Yasin Məmmədova deyəndə müstəntiq ona deyib ki, bu işi o işə qatma.

Şahid məhkəməyə Yasin Məmmədovun həbslə hədələmə yoluyla kimdən nə qəər aldığını da siyahı şəklində açıqlayıb: "Bakıdakı Mərkəzi Univermaqdakı qızıl alverçiləri Elçin Əhmədovdan 30 min manat, Ağasalam Ağamalıyevdən 50 min manat, Moskva Univermağındakı qızıl alverçiləri Məhəmməd Hüseynovdan 20 min manat, Azad Rəşidovdan 30 min manat, Məhərrəm Məmmədovdan 2 min manat. Məzahir Manafovla Teymur Ağalarovdan da alıb, ancaq məbləğləri bilmirəm. Gəncə şəhərindəki univermağın qızıl alverçiləri Eldar Əliyevdən 20 min manat, Samir Hüseynovdan 20 min manat, Şahmalı Məmmədov,  Fizuli, Gülnarə adlı alverçilərin hər birindən 10 min manat, Şəkidəki qızıl alverçisi Əlidən 10 min manat... Vüqar Həsənov, Əliməmməd Məmmədov, Ayaz Vəliyev – bunlardan da alıblar, ancaq məbləği bilmirəm. Adlarını çəkdiyim bu adamların hamısının evində qanunsuz axtarışlar aparılıb. Gəncə Mərkəzi Univermağında yerləşən "Zaminbank”ın şöbəsində valyutadəyişmə məntəqəsində işləyən Vüqarı da saxlayıblar. Ondan da 20 min manat alıblar. Bütün bu adamların adları mənim telefon kitabçamda olub və hamısını bu yolla tapıb soyublar. Mən bütün bunlardan azadlığa çıxandan sonra xəbər tutmuşam”.

Şahid ifadəsini yekunlaşdırdıqdan sonra hakim növbəti məhkəmə iclasını iyunun 13-nə təyin edib.(Toplum TV)