Müdafiə Nazirliyində korrupsiya: daha iki nəfər həbs edilib
03-06-2024 16:34 / Bu xəbər 665 dəfə oxundu
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı daha iki maliyyə xidmət rəisi həbs edilib.
Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi çərçivəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışmış Cəbrayıl Orucov və Vahid Novruzlu təqsirləndirilən şəxs qismində cəlb edilib.
Onlar barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Hər iki şəxs barəsində 4 aylqı həbs qətimkan tədbiri seçilib.
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulanların cinayət işi üzrə məhkəmə prosesi davam etdirlir.
Xatırlatma
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Cinayət işi üzrə dövlətə dəymiş ziyan ümumilikdə 143 milyon manatdır.
İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı artıq ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.