“Müdafiə Xətti”: "Avropa Konvensiyası və Azərbaycan Konstitusiyasına əməl edilsin"
23-12-2021 01:36 / Bu xəbər 1208 dəfə oxundu
"Müdafiə Xətti” İnsan Haqları Təşkilatı ictimai müzakirəyə çıxarılmadan Milli Məclisdə II oxunuşda qəbul edilən "Media haqqında” qanun layihəsini mürtəce xarakterli sənəd sayıb.
Bu barədə təşkilatın dekabrın 22-də yaydığı bəyanatda deyilir.
Təşkilat bildirib ki, azad media, söz və fikir, mətbuat azadlıqları ilə bağlı qanun layihəsinə Ana Yasaya zidd əlavələr edilib: "Konstitusiyanın 7-ci maddəsinin I hissəsində Azərbaycan dövlətinin demokratik, hüquqi respublika olduğu, 50-ci maddəsinin II hissəsində kütləvi informasiyanın azadlığına təminat verildiyi, o cümlədən, mətbuatda dövlət senzurasının qadağan edildiyi göstərilib. Amma son illərdə onlarla jurnalist siyasi ağırlıqlı inzibati və cinayət təqibinə, pis rəftara məruz qalıb, elektron və yazılı nəşrlərin fəaliyyətinə inzibati orqanlar tərəfindən qanunazidd müdaxilələr edilib".
"Layihənin ictimai müzakirəyə çıxarılmadan, media hüququ üzrə ixtisaslaşan ekspertlərin, təcrübəli media mütəxəssislərinin, Avropa Şurası Venetsiya Komissiyasının, ATƏT-in Media Ofisinin və s. rəyləri öyrənilmədən tələm-tələsik parlamentdə müzakirə edilməsi mürtəce xarakterindən irəli gəlir. Əgər həmin qanun layihəsi parlamentdə qəbul olunarsa, onsuz da qeyri-qənaətbəxş olan mətbuat, məlumat, ifadə azadlığının durumu, xüsusilə, rəqəmsal medianın vəziyyəti daha da pisləşəcək, alternativ fikirlər, tənqidi rəylər qanunvericilik səviyyəsində əngəllənəcək", - deyə bəyanatda vurğulanır.
"Müdafiə Xətti” Azərbaycan hökumətinə və qanunverici orqana çağırış edir ki, Avropa Konvensiyasının 10-cu (İfadə azadlığı), Azərbaycan Konstitusiyasının 47-ci (fikir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrinin tələblərinə əməl etsin: "Media siyasəti həyata keçirilərkən azad jurnalistikanın inkişafının təmin edilməsi əsas hədəf seçilsin".
Milli Məclis "Media haqqında” qanun layihəsini dekabrın 20-də ikinci oxunuşda qəbul edib.












