Müəllim daha bir yeniliyə imza atdı: "Onlar ürəklərinin azalmasından qorxurlar"
11-12-2023 01:48 / Bu xəbər 1396 dəfə oxundu
Təhsildə innovativ layihələrlə gündəmə gələn Oğuz rayon Calut kənd orta məktəbinin ibtidai sinif müəllimi Günel İbrahimova daha bir layihəyə imza atıb.
O, şagirdlərin motivasiyasının daimi təminatı, dərsə marağın, diqqətin davamlılığının artırılması məqsədilə "Anaya sevgi, dünyaya sevgi” adlı layihəyə start verib.
Bu barədə Günel İbrahimova "Arqument.az"a danışıb.
O deyib ki, layihənin əsas məqsədi şagirdlərin dərsə marağını artırmaq, ən əsası da zəif oxuyan şagirdləri yaxşı oxuyan yoldaşlarının səviyyəsinə çatdıra bilməkdir.
"Şagirdlər ay boyunca qoyulan şərtlərə əməl etməklə bir ürək qazanırlar. Şərti pozan şagirdlər ürəyi itirir. Şərtlərə dərsə hər gün yaxşı hazırlaşmaq, yoldaşları və evdə bacı-qardaşları ilə yaxşı davranmaq, davranış qaydalarına əməl etmək, valideynləri incitməmək, summativlərdən yaxşı qiymətlər almaq, ən əsası telefondan uzaq durmaq daxildir", - deyə o bildirib.
"Şərtlərdən hər hansı birinə əməl etmədikdə şagirdlər bir ürək itirdiyi halda telefona əl vurduqda cəza olaraq iki ürək itirirlər. Ay sonunda hər bir şagird topladığı ürəklər hesabına hədiyyə qazanır. Layihədə həm də məqsəd şagirdlərin yaxşı oxumasını təmin etməkdir. Eyni zamanda, burada hədəf onları daimi motivasiya edə bilməklə yanaşı, ən əsası gələcəyimiz olan körpə fidanları çağımızın böyük problemlərindən birinə çevrilmiş telefon asıllılığından uzaqlaşdırmaqdır", - müəllimə belə deyir.
Müəllim deyir ki, layihə çərçivəsində digər bölgədən olan həmkarları ilə də əlaqələr qurub, bundan sonra da əhatəsini daha da genişləndirmək niyyətindədir: "Şagirdlər gündüz dərs zamanı müəllimlərin müşahidəsində olurlar. Amma dərsdən sonra evdə olduqları zamanlarda, istirahət, hətta bayram günlərində "müşahidə kameraları vasitəsilə, TİMS platforması ilə” nəzarətdə olduqlarına inandırılırlar. Onlar daha böyük məsuliyyətli prosesə cəlb edildiyinin fərqinə varırlar. Ona görə də diqqəti daha çox dərslərinə verirlər. Nəticələr də artıq ürəkaçandır və bir aylıq təcrübə müddətindən sonra bu qənaətə gəldik. Ona görə də müxtəlif bölgələrimizin müəllimləri ilə əməkdaşlıq etməyə başladıq".
Onun sözlərinə görə, layihə əməkdaşlıq edilən digər məktəblərdə həm şagirdlər, həm də valideynlər tərəfindən böyük maraqla qarşılanıb, hətta ictimai dəstək aldıqdan sonra televizyalarda da işıqlandırılıb.
Müəllimə bundan sonra da təhsildə belə yeniliklərə ciddi cəhdlə imza atacağını deyib.
Günel İbrahimova 2020-ci ildə koronavirus pandemiyası zamanı təhsildə ilk dəfə onlayın "Son zəng" təşkil edib.