Mühafizə orderi və qanunvericiliyin labirintləri

Mühafizə orderi və qanunvericiliyin labirintləri

14-11-2021 11:59 / Bu xəbər 1227 dəfə oxundu

Şölə Nuri

Mühafizə orderi barədə eşidənlər yəqin az deyil. Bilməyənlər üçün qısa aydınlıq gətirim ki, məişət zorakılığına məruz qalmış şəxs, həmin zorakılıq cinayət məsuliyyəti yaradacaq səviyyədə olmadığı halda, bunun təkrarlana bilməsi ehtimalını göz önünə alaraq, ona mühafizə orderi verilməsi, başqa sözlə, xüsusi qoruma təyin olunması barədə səlahiyyətli dövlət qurumlarına müraciət edə bilər.  Uyğun Qanunda həmin orqanın adı qeyd olunmayıb, əvəzində, "müvafiq icra hakimiyyəti orqanı” ifadəsi işlədilib.

Bir neçə gənc qanunlarda tez-tez rast gəlinən "müvafiq icra hakimiyyəti orqanı" ifadəsinin vətəndaşın öz hüququnu reallaşdıra bilməsində nə kimi çətinliklər yarada biləcəyini müəyyən etmək üçün kiçik bir eksperiment aparmağa qərar verdik. Öncə qeyd olunan Qanunda göstərilən orqanın çoxsaylı dövlət orqanlarından hansı biri olduğunu aydınlaşdırmaq üçün  internet resurslarına baş vurduq. Orada xeyli eşələnib uğursuz cəhdlərdən bezərək, sualımıza daha operativ cavab ümidi ilə belə bir eksperimentə - dövlət qurumlarının qaynar xətlərinə müraciət etməyə qərar verdik. 

Öncə Daxili İşlər Nazirliyinin 102 Qaynar Xətti ilə saxladıq; zorakılıqdan söhbət gedirsə, belə hallarda vətəndaşın müraciət üçün aglına gələcək ilk yer məhz polisin olması çox məntiqlidir. Qurumdan telefona cavab verən əməkdaşla danışıgın özəti:

- Salam, biz mühafizə orderi əldə etmək istəyirik, amma onu hardan əldə edə biləcəyimizi bilmirik. Qanuna baxdıq, başa düşə bilmədik. Yardımçı ola bilərsinizmi bizə?
- Nə? 
- Mühafizə orderi.
- Başa düşmədim.
- Mühafizə orderi.
- Orden nədi?
- Order, xanım, order.
- Hmm? Siz məlumat mərkəzi - 119 ilə əlaqə saxlayın.

Xanım əlaqə üçün əlavə daha bir - daxili nömrə verdi.

Eləmə tənbəllik, indi də o nömrəni yıgdıq. Buradakı xanım suala bir qədər əsəbi reaksiya verdi, zəng edənin kimliyini, hansı qurumdan olduğunu soruşdu. Müraciətçinin adi bir vətəndaş olduğunu biləndə "orderi özünüz üçün alırsınız" sualı gəldi. Sorduğumuz bilginin başqa bir şəxslə bağlı gərək olduğunu deyəndə, həmin sənədi verən qurum barədə məlumatsız olduğunu bildirib başqa bir nömrə verdi ki, bura müraciət edin, "bəlkə onlar deyə bilər, amma indi nahardadılar, 2-dən sonra zəng vurun". Zəng vurduq, telefonumuza cavab verən olmadığını görüb, bu işin başını buraxdıq...

Son dövrlərdə artan zorakılıq halları kontekstində mühafizə orderinin oynaya biləcəyi rolu nəzərə alsaq, onun önəmini buna ehtiyacı olan məlumatsız vətəndaşa izah etmək görəvli qurumların vəzifəsidir; orada çalışanlar bu vəzifəni o zaman layiqincə yerinə yetirə bilərlər ki, ilk növbədə özləri bu barədə məlumatlı olsunlar. Təəssüf ki, bu işdə əksinin şahidi olduq.

Amma bunlar bir yana, heç olmasa, qanunun dili aydın, anlaşılan olsa, yardıma ehtiyacı olan vətəndaş kimlərinsə əlavə izahına möhtac olmaz.

Ümumiyyətlə, hər hansısa bir qanunda qeyd olunan "müvafiq icra hakimiyyəti” deyiləndə (belələrinin sayı çoxdur) hansı orqanın nəzərdə tutuldugunu bilmək üçün həmin qanunun tətbiq edilməsilə bağlı ölkə Prezidentinin uyğun Fərmanına baxmaq gərək. Nəzərə alsaq ki, hətta hüquqçular arasında bundan xəbərsiz olanlar az deyil, hüquqdan anlayışı olmayan birisi üçün bunun necə məşəqqətli iş olduğunu təsəvvür etmək çətin deyil. Təhsilsiz birisi, lap elə təhsili olsa belə, - qanunvericiliyin bu cür labirintlərindən hətta hüquqçular belə baş açmaqda çətinlik çəkirlərsə, - orda yazılanı necə anlasın?  

Yeri gəlmişkən, Avropa Məhkəməsi çoxsaylı qərarlarında, o cümlədən Azərbaycanla bağlı bir neçə işdə qanunun keyfiyyətli olmasının vacibliyini vurğulayıb və onun əlamətlərini dövlətlərə xatırladıb: qanun elə yazılmalıdır ki, hər kəs üçün aydın, anlaşıqlı və çatımlı olsun. 

...Mühafizə orderinə gəldikdə, uzun və qısamüddətli olaraq iki növü var. Müddəti uzun olanı zorakılığa məruz qalmış şəxsin müraciəti əsasında məhkəmə qərarı ilə, qısamüddətlini isə eyni məzmunlu müraciət əsasında uyğun yerli icra hakimiyyəti qurumu verir. 

Bəs bu sahədə real durum necədir? Dövlətin qorunmasına ehtiyacı olan vətəndaş məhkəmədən və ya icra orqanından onu bürokratik əngəllənmə olmadan, rahatlıqla ala bilirmi? Həmin sənəd onu zorakılıqdan müdafiə etmək gücündədirmi? Bu sahədə görülən işlər barədə məlumatlar topluma nə dərəcədə açıqdır?

Bu və mövzu ilə bağlı suallar ətrafında araşdırmamızın nəticəsi ilə oxucuları növbəti yazımızda tanış edəcəyik.