Müharibə sərçələrin hərbçi kitelinin qoltuğuna soxulmasıdır

Müharibə sərçələrin hərbçi kitelinin qoltuğuna soxulmasıdır

27-09-2022 15:06 / Bu xəbər 1144 dəfə oxundu

Xalid Ağalı

Füzuli rayonu, 
2020-ci il, 
27 sentyabr, saat 06:58... 

Bu fotodakı dünyamızın sözün bütün mənalarında altının üstünə çevrilməsinə 4 dəqiqə qalıb. 

Mən həmin ilk 1-2 saatı heç nə ilə müqayisə edə bilmirəm. 

Ümumilikdə 44 günü müqayisə etmək istəyəndə yadıma yalnız 10-15 il əvvəl başıma gələn qorxunc 50-60 saniyəlik türbülans olayı gəlir, 44 gün davam edən türbülans… 

Müharibənin təsirlərini 10 milyonun hərəsi bir cür yaşadı, yaşayır, yaşayacaq. 

Müharibə, onu görməsən, yaşamasan, heç cür təsəvvür edə bilməyəcəyin başqa bir dəhşətdir. 

Müharibə, hər anda hansısa qiymətli bir şeyini itirməkdir, növbəti anda sənə aid hər şeyin yox olacağını gözləməkdir, sərçələrin qorxudan hərbçi kitelinin qoltuğuna soxulmasıdır, qarğaların başlarını itirib, torpaq üstə düşüb çapalamasıdır, itlərin hürməyi unutması, dovşanların, tülkülərin insanlara sığınmasıdır. 

Müharibə, iki ildir ki, qəlpələri ailə dağılmalarıyla, xəstəlik tapmalarla, intiharlarla başımıza səpələnməyə davam edən, hələ 10 illərlə də davam edəcək dəhşətdir. 

Müharibə həm də yalnız əlində silah olmuş, sağından-solundan mərmilər uçuşmuş, yuxarıda dediklərimin ağuşunda çarpışmış 10 minlərlə hərbi geyimlini ömürlərinin sonuna qədər müşayət edəcək, yalnız onların yaşantısına yazılmış sərhədsiz, ölçüsüz, qorxular, əndişələr, təbəddülatlardır…

Ölkəmiz bir də heç vaxt müharibə yaşamasın. 

Şəhidlərimizi sayğı ilə anır, sağ qalmış on minlərlə qürürlu döyüş yoldaşlarımıza sağlıq arzulayıram.