Müharibədə zərər görən Tərtər sakini: “Kim pul veribsə, ona çox vəsait ayrıldı”

Müharibədə zərər görən Tərtər sakini: “Kim pul veribsə, ona çox vəsait ayrıldı”

16-09-2021 14:55 / Bu xəbər 1425 dəfə oxundu

"Mən tək qadınam deyə səsimi eşidən yoxdu. Evimdə xəstəm var. Anam 11 ildir ki, yeriyə bilmir. Mən indi 4 il kredit verməliyəm, 70 manatla dolanmalıyam. Dedim təki evim düzəlsin. İcra hakimiyyəti də adama çətinliklə cavab verir, o qədər get-gələ salırlar ki, adam yazdığına da peşman olur”. 

Çimnaz Məmmədova Tərtər rayonunun Yuxarı Qaradağlı kənd sakinidir. 

O, "Toplum TV"-yə deyir ki, ötən il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlamış müharibə nəticəsində evi və tövləsinə ziyan dəyib: ”Evimizin üstü və elə bizim üçün ev kimi qiymətli olan tövləmə ziyan dəyib. Təmir vaxtı şirkət evimin üstü üçün 100 şifer əvəzinə 14 şifer yazdı. Ustalar işə başlayanda dedilər ki, bu evin üstünə çatmayacaq. Mən onda şirkət əməkdaşı Rüstəm müəllimə zəng vurdum. O isə məhəl qoymadı”. 

Çimnaz Məmmədova

Ç. Məmmədova tövləsinə dəymiş ziyana görə ona 24 şifer yazıldığını  və bunun dəymiş ziyanı qarşılamadığını bildirir: "Əlacsız kredit götürdüm, nisyə 80 ədəd şifer alıb evimin üstünü öz cibimin pulu ilə düzəltdirdim. İndi qalıb tövləm. Tövləmi qonşumla şərik tikmişdik. Bir tərəfində o heyvan saxlayırdı, bir tərəfdə mən. 14 metr tövlənin bir tərəfi uçub. Üzü qışa gedir, mən heyvanımı harda saxlayacam? Getdim rayon mərkəzinə, şirkətin rayondakı ofisinin baş müdiri Nizami müəllimə müraciət etdim. Mənə 60 manat pul verdi ki, get o boyda tövlənin üstünü düzəlt”. 

Çimnaz Məmmədovanın səsləndirdiyi iddialar Tərtər Rayonunda dağılmış evlərin tikinti və bərpası ilə məşğul olan 3 şirkətdən biri - "Real İnşaat” MMC ilə bağlıdır.

İyunun 6-da Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi "Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri" ilə əlaqədar tender müsabiqəsi keçirib.

"Real-İnşaat» MMC həmin tenderdə 5 milyon 454 min 248 manat 45 qəpik dəyərində müsabiqənin qalibi olub və hazırda Tərtər rayonunda dağılmış evlərin bərpası və təmiri ilə məşğuldur.

Ç. Məmmədova Rüstəm adlı şirkət işçisinin müavini Vüsal adlı şəxsin ondan 2000 manat aldığını da iddia edir: "Mənə dedi ki, 2000 manat ver tövləni düzəldək. Həmin adama pulu verdik, o da pulu yığıb kənddən qaçıb”. 

O deyir ki, həmin şəxslə bağlı kənd sakinlərinin rayon prokurorluğuna müraciət etsələr də, prokurorun məzuniyyətdə olduğunu deyiblər: "Məzuniyyətdən qayıtmağını gözləyirik. Yenidən müraciət edəcəyik”.

"Toplum TV” Vüsal adlı şəxslə əlaqə saxlasa da, ona zəng çatmayıb.

Çimnaz Məmmədova deyir ki, dağılmış evlərə ilk dəfə baxış keçirən zaman da kim pul veribsə, onlara çox vəsait ayrıldı.

"Real İnşaat”-ın iş icraçısı Rüstəm Tağıyev səslənən iddialarla bağlı "Toplum Tv”-yə açıqlamasında deyib ki, əməkdaşı olduğu şirkət ancaq dəyən ziyanı qarşılayır: "Mən icraçıyam. Sənəd üzərində nə verilibsə, mən onu icra edirəm. Çimnaz Məmmədovanın dəymiş ziyandan kənar istəkləri var. Biz isə onu həyata keçirə bilmirik. Çimnaz Məmmədovanın tövləsi qonşusu ilə ortaq olub. O istəyir ki, biz həmin tövləni mişar daşı ilə ayıraq. Yəni, qonşuların hərəsi üçün ayrıca tövlə tikək. Bizə başqa sakinlərin evlərində aparılan təmirləri nümunə göstərir. Başqalarının həyətinə mərmi düşüb, xanımın divarı isə qəlpədən qəzalı vəziyyətdədir. Biz qəlpə hara dəyirsə, orda təmir işi aparırıq. Onun şiferi sınıb və o ziyanı qarşılayırıq”. 

R. Tağıyev şirkətdə Vüsal adlı əməkdaşın olmadığını deyir. "O şəxsin bizə heç bir aidiyyəti yoxdur. Tövlənin üstünə ancaq ziyan dəyib, onlar isə istəyirlər ki, biz tövləni yenidən tikək. Sənədləri belə həmin xanıma göstərmişik və istəklərinin bizim səlahiyyətlərimiz çərçivəsindən uzaq olduğunu bildirmişik. O bizə müraciət edib tək qadın olduğunu dedi, əlavə olaraq, hətta onlara 10-a yaxın da şifer vermişik”.

Şirkət əməkdaşı "Real İnşaat”-ın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təyin etdiyi qaydalara əsasən işlədiyini bildirir. O, məhz Ç.Məmmədovanın istəklərinə görə, tövlənin təmirinin yarımçıq qaldığını deyir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu isə "Toplum Tv”-yə məsələnin araşdırılacağını bildirib.

27 sentyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında baş vermiş müharibədə ümumilikdə 11 rayon və şəhərdə, o cümlədən Tərtərdə bir sıra evlər dağılıb. Hökumət ziyanın aradan qaldırılması üçün maliyyə vəsaiti ayırıb və əlaqədar qurumlara əhaliyə dəymiş zərəri aradan qaldırmaq üçün səlahiyyətlər verib.