Müharibədən zərərçəkmiş şəxs: “Pul ayrılıb, amma İcra Hakimiyyəti vermir”

Müharibədən zərərçəkmiş şəxs: “Pul ayrılıb, amma İcra Hakimiyyəti vermir”

03-03-2021 17:46 / Bu xəbər 2792 dəfə oxundu

"Müharibə zamanı evimiz atışmalar nəticəsində zərər görüb, pəncərələrə sellofan çəkib 2 otağına yığışmışıq. Hələ bir köməklik görməmişik".

Bunu "Toplum TV”-yə Tərtərin Qaradağlı kəndinin sakini Tural Əliyev deyib.

Tural Əliyev II Qarabağ müharibəsində əmlakı ziyan görmüş vətəndaşlardandır.

O deyir ki, müharibədən sonra evlərinə bir dəfə baxış keçirilsə də, heç bir yardım edilməyib: "Kəndə nə qədər yardım paylanıb, amma bizə heç nə verilməyib. Bu haqsızlıqdır. Biz də burda yaşayırıq, müharibədən zərər görmüşük. Daha bir neçə ailə bizimlə eyni vəziyyətdədir”.

Tural Əliyevin sözlərinə görə, 2016-cı ildəki Aprel döyüşlərində də mal-qarasına ziyan dəyib: "O vaxt 5 inəyim tələf oldu. Oonların da pulunu ala bilmədim. O pulu Tərtər Rayon İcra Hakimiyyətinin işçisi İlqar Musayev mənimsədi. Həyat yoldaşı bizə zəng edib dedi ki, 5 inəyin ikisinin pulunu bizə verin, üçünü siz alın. Biz də razılaşmadığımız üçün heç birinin pulunu ala bilmədik. Mal-qaranın şəkilləri də var, baytardan aldığımız aktlar da, amma o aktları da yox etdilər. İcra Hakimiyyətindən bildirdilər ki, vəsait ayrılanda sizə ödəniş edəcəyik. Bilirəm ki, prezident dəymiş ziyanla bağlı Tərtərə vəsait ayırıb, amma bizə ondan heç nə çatmayıb, yəni pul ayrılıb, amma İcra Hakimiyyəti vermir”.

Tərtər sakini deyir ki, iki övladı xəstədir, imkansızlıqdan onları müalicə etdirə bilmir: "Övladım serebral iflic xəstəsidir, yeriyə bilmir, pensiya alan valideynlərimlə birlikdə yaşadığımız üçün bizə sosial müavinət vermirlər. Böyük qızımın da onurğasında əyrilik var, korsetlə yeriyir. İmkanım yoxdur ki, onun korsetini dəyişdirim. Hər iki uşağın birlikdə müalicəsi 1800 manatdır, amma maddi imkanım yoxdur, gücüm çatmır”.

"Qardaşım həm Aprel döyüşlərində, həm də II Qarabağ müharibəsində fəal iştirak edib. Eyni zamanda 11 ildir ki, hərbi xidmətdədir, amma, təəssüflər olsun ki, buna qiymət verilmir”, - Tural Əliyev belə deyir.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadovsa evlərə baxış keçirildiyini və mərhələli şəkildə yardımlar edildiyini bildirir: "Noyabrın 11-də Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb, Fövqəladə Hallar Nazirliyinin komissiyası burada olub. Müharibədən zərər görmüş bütün şəxsi ev, inzibati bina və obyektlərə baxış keçirilib, aktlar yazılaraq aidiyyatı üzrə qurumlara göndərilib".

"Vətəndaşların 30 faizinin evində təmir-bərpa işləri aparılır, qalanlarında da davam edəcək. Hazırda bunun üçün iki şirkət çalışır. Eyni zamanda Tərtər əhalisinin 30 faizi kompensasiya alıb, qalanlarına da vəsait ayrılan kimi ödəniləcək”, - icra başçısın müavini belə deyir.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bundan sonra Dağlıq Qarabağa Rusiya sülhməramlı qüvvələri yerləşdirilib.

Bəyanatın şərtlərinə uyğun olaraq 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Müharibə zamanı mülki əhalinin yaşadığı Gəncə, Bərdə, Tərtər və digər rayonlara da ciddi ziyan dəyib.