Müsavat Əli Kərimli və Leyla Nəcəfquliyevaya təzyiqləri pislədi
24-09-2024 00:46 / Bu xəbər 621 dəfə oxundu
Sentyabrın 23-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, iclasda görülən işlər barədə məlumat dinlənilib.
Müsavat fəalı Natiq Ulubəyin xüsusi amansızlıqla qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi haqda məlumat verilib.
Sentyabrın 22-də eyni gündə Azərbaycan ordusunun iki hərbçisinin həlak olmasından narahatlıq ifadə edilib, hər iki hadisənin obyektiv araşdırılaraq ictimaiyyətə məlumat verilməsinin zəruriliyi vurğulanıb.
Ötən həftə Nərimanov Rayon Məhkəməsi "Qafqazinfo” saytının Müsavat Partiyasına qarşı böhtan atması ilə əlaqədar xüsusi ittiham qaydasında partiya rəhbərliyinin şikayətini icraata götürməkdən imtina edib.
Divanda qeyd edilib ki, Müsavat Partiyasını ağır cinayətdə – guya xaricdən pul alaraq ölkədə iğtişaş törətməkdə ittiham edən sayt rəhbəri məhkəmə prosesinə gəlməməklə, əslində partiyaya böhtan atdığını dolayısı ilə etiraf etmiş olub.
Məhkəmənin şikayəti icraata götürməkdən imtina etməsi, bu böhtanın hakimiyyətdən qaynaqlandığını təsdiqləyir.
Nərimanov Rayon Məhkəmənin bu absurd qərarından cəmi bir neçə gün əvvəl Nəsimi Rayon Məhkəməsi AXCP sədri Əli Kərimliyə qarşı əsasız olaraq xüsusi ittiham qaydasında təqdim olunan şikayəti icraata götürüb. Halbuki Əli Kərimli ona qarşı iddia qaldıran şəxsi hər hansı bir cinayətdə ittiham etməyib, böhtan atmayıb.
Müsavat Partiyası hakimiyyətin sifarişi ilə çıxarılan məhkəmə qərarlarını qətiyyətlə pisləyib, buna son qoyulmasını tələb edib.
Bildirilib ki, Müsavat Partiyasından deputatlığa namizədlərin əksəriyyəti seçki pozuntuları ilə bağlı MSK və məhkəmə orqanlarına müraciət etsə də, şikayətlərdən heç biri təmin olunmayıb. Bəzi şikayətlər poçt tərəfindən qəsdən yubadılıb.
Divanın iclasında partiyanın rayon təşkilatlarının sentyabrın 1-də keçirilən növbədənkənar seçkilərdə fəaliyyəti ilə bağlı arayış layihəsi müzakirə olunub, sənədin təkmilləşdirilməsi üçün müvafiq təkliflər irəli sürülüb.
Divan sentyabrın 28-də Məclisin növbəti sessiyasını keçirilməsi haqqında qərar qəbul edib, sözügedən arayışın sessiyada müzakirəyə çıxarılması razılaşdırılıb.
Deputatlığa namizəd Leyla Nəcəfquliyevanın çalışdığı orta məktəbdə qanunsuz olaraq işdən çıxarılması pislənilib, onun dərhal işə bərpa olunması, hakimiyyət üçün arzuedilməz namizədlərə qarşı təzyiqlərə son qoyulması tələb edilib.
Sonda cari məsələlər müzakirə olunub.