Müsavat Partiyası: "Qazilərin intiharı ciddi narahatlıq doğurur"
10-06-2024 16:29 / Bu xəbər 780 dəfə oxundu
İyunun 10-da Müsavat Partiyası Divanının iclası keçirilib.
İclasda ötən həftə ərzində görülən işlər barədə məlumat dinlənilib.
İyunun 24-də saat 12:00-da Azərbaycan milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin anadan olmasının ildönümü ilə əlaqədar Fəxri xiyabanda onun məzarının ziyarət edilməsi qərara alınıb.
Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda məlumatların intensivləşdiyi bildirilib.
Divanın iclasında partiyanın seçkilərə hazırlığı ilə bağlı müzakirələr aparılıb. Həmçinin seçki prosedurları ilə əlaqədar müvafiq planlaşdırma aparılıb.
Ötən günlər Avropa Parlamentinə keçirilən seçkilərin nəticələri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusən Fransa və Almaniyada ifrat millətçi qüvvələrin səslərinin artmasından narahatlıq ifadə olunub.
Qeyd edilib ki, Avropa Parlamentində Müsavatın müttəfiqi olan Avropa Liberal Demokrat İttifaqı (ALDE qrupu) seçkilərdə üçüncü yeri tutub.
İclasda ölkə başçısı İlham Əliyevin avrointeqrasiya əleyhinə çıxışına münasibət bildirilib.
Qeyd olunub ki, Avrointeqrasiya xəttinin milli mənafelərimizi əks etdirən əsas siyasi istiqamət olduğu həm ölkə Konstitusiyasında, həm də "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”nda öz əksini tapıb.
Bildirilib ki, avrointeqrasiya 1918-ci ildən başlayaraq Azərbaycan xalqının tarixi seçimidir və bu seçimi xalqın iradəsinə zidd olaraq heç kim dəyişdirə bilməz.
Ötən həftə Daşkəsəndə Qarabağ qazisi Ədalət İsmayılovun özünü yandıraraq intihar etməsi, Salyan rayonunda isə Qarabağ qazisi Mircavid Bədirovun intihar etməsi haqda məlumat dinlənilib.
Qazilərin intiharı, onların sosial durumunun ağır olması ilə əlaqələndirilib.
Müsavat Partiyası hakimiyyətdən Qarabağ qazilərinin problemlərinin kökündən həlli üçün kompleks tədbirlərin görülməsini tələb edir, ayrı-ayrı fərdlərin müraciətlərinə həssas yanaşılmasının zəruri olduğunu vurğulayır.
Sonda cari məsələlər müzakirə olunub.