Müsavat Partiyası Rusiyaya uçuşları dayandırmağa çağırır
28-12-2024 02:51 / Bu xəbər 130 dəfə oxundu
Rusiyanın hava hücumundan müdafiə sistemi səhvən AZAL-ın təyyarəsinə hücum etsə də, Rusiya buna görə məsuliyyət daşıyır.
Bu barədə bu gün Müsavat Partiyası bildirib.
"Dəhşətli haldır ki, Azərbaycanın təyyarəsi hücuma məruz qaldıqdan sonra Rusiyanın Qroznı, Mineralnıye Vodı və Mahaçqala şəhərlərində məcburi enişinə icazə verilməyib. Üstəlik, Rusiya hərbçilərinin dronları zərərərsizləşdirmək üçün elektron mübarizə sistemlərindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsi uzun müddət tamamilə rabitəsiz qalıb”, - bəyanatda deyilir.
Müsavat Partiyası Rusiya hakimiyyətindən baş vermiş faciəyə görə Azərbaycan xalqından üzr istəməsini, bütün təqsirkarların məsuliyyətə cəlb olunmasını, həlak olan şəxslərin ailə üzvlərinə və xəsarət alanlara təzminat ödəməsini tələb edir: "Putin rejimi Ukrayna və Rusiya xalqlarının kütləvi qırğınına səbəb olan, digər xalqların da böyük itkilərinə gətirib çıxaran işğalçı müharibəyə son qoymalıdır. Azərbaycan hakimiyyəti ayrı-ayrı deputatların, media orqanlarının və siyasi qurumların vasitəsilə Rusiyadan etiraf və üzrxahlıq gözlədiyini ifadə etsə də, hələlik rəsmi şəkildə bunu tələb etmir. Müsavat Partiyası hakimiyyəti bu məsələdə daha prinsipial olmağa çağırır”.
Müsavat Partiyası hesab edir ki, hadisənin obyektiv araşdırılması üçün müstəqil ekspertlərdən ibarət beynəlxalq komissiya yaradılmalıdır.
Partiya vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə Rusiyaya sərnişin reyslərini dayandırmağa çağırır.