Müsavat yeni seçkilərin keçirilməsini tələb edir
30-01-2025 16:55 / Bu xəbər 84 dəfə oxundu
REAL 5 üzvünün seçilməsini kiçik uğur sayır, AXCP seçkini "lağa qoyur”
Müsavat Partiyası Mərkəzi Seçki Qərargahı 29 yanvar 2025-ci ildə Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb.
Partiya hesab edib ki, seçkilər azad və ədalətli olmayıb, əhalinin iradəsini ifadə etməyib: "Seçkilərin keçirilməsi tarixi heç bir hüquqi izahat verilmədən bir aydan artıq gecikdirilib. Seçkilər bu dəfə də ölkədə seçkiqabağı demokratik mühitin olmadığı, əksinə repressiyaların daha da gücləndiyi, demokratik qanunvericilik bazasının, bərabərhüquqlu siyasi rəqabət imkanlarının təmin edilmədiyi şəraitdə keçirilib. Seçki ərəfəsində ölkədə sərbəst toplaşma hüququ, söz və ifadə azadlığı təmin edilməyib. Müxalifətdə olan siyasi partiyalara, müstəqil ictimai təşkilatlara, jurnalistlərə, hakimiyyətin siyasətini tənqid edən sosial media istifadəçilərinə qarşı təzyiq və təqiblər davam edib. Siyasi məhbuslar azadlığa buraxılmayıb, əksinə onların sayı daha da artıb”.
Müsavat Partiyası bildirib ki, ölkədə bütün seçki komissiyaları və oradakı vəzifələr həlledici səs çoxluğu ilə hakimiyyətin nəzarəti altında qalıb: "Bütün bunlar, eləcə də bələdiyyələrin öz təyinatı üzrə fəaliyyətinə imkan verilməməsi, bu qurumların faktiki olaraq yerli icra hakimiyyətlərinin əlavəsinə çevrilməsi əhalinin seçkilərə etimadının qırılmasına, seçicilərin mütləq əksəriyyətinin bələdiyyə seçkilərində iştirak etməməsinə gətirib çıxarıb. Seçici fəallığı tarixi minimuma enib, seçki məntəqələrinin əksəriyyətində seçicilərin iştirak faizi 5 faizdən aşağı olub. MSK və DSK-ların seçici aktivliyi barədə məlumatları dəfələrlə şişirdilib”.
"Yeni seçkilərin keçirilməsini tələb edirik”
Seçkilərdə "karusel” əməliyyatının olduğunu qeyd edən partiya bunun kütləvi xarakter aldığını vurğulayıb: "Eyni seçicilərin müxtəlif məntəqələrdə səs verməsi, "karusel” əməliyyatı və qutulara topa bülleten atılması kütləvi hal alıb. Sosial şəbəkələrdə seçki saxtakarlığını əks etdirən çoxsaylı videolar yayılıb. Seçki pozuntularını qeydə alan Müsavat Partiyasının müşahidəçiləri, xüsusilə seçki məntəqələrində çəkiliş aparan jurnalistlər təzyiqlərlə üzləşib. Müsavat Partiyasının rayon təşkilatları tərəfindən namizədliyi irəli sürülən 30-a yaxın namizədin heç birinə səsvermənin yekunlarına dair protokol təqdim edilməyib. Karbonlaşdırılmış protokollar seçki məntəqələrindən asılmayıb. Seçki məntəqələrinin əksəriyyətində səsvermənin yekunlarına dair protokollar ümumiyyətlə tərtib edilməyib”.
"Məntəqə seçki komissiyalarının sədrləri Seçki Məcəlləsinin seçicilərin səslərinin hesablanmasının birbaşa seçkilərə yekun vurulanadək fasiləsiz aparılması barədə 106.5. maddəsini kobud surətdə pozaraq qeyri-müəyyən müddətə fasilə elan edib, səslərin sabah sayılacağını və bundan sonra protokolların yazılacağını bildirərək müşahidəçilərin məntəqələrdən çıxmasını tələb edib. Seçki məntəqələrinin əksəriyyətində səsvermənin nəticələri ümumiyyətlə sayılmayıb, seçki bülletenləri kisələrə doldurularaq Dairə Seçki Komissiyasına və ya İcra Hakimiyyətinə aparılıb. Seçkilərin ilkin nəticələri seçki qutularında olan bülletenlərin sayılması yolu ilə deyil, yuxarıdan diqtə edilmiş uydurma rəqəmlərə uyğun olaraq elan olunub”, – deyə partiya qeyd edib.
Aparılan müşahidələrə əsasən partiya belə bir nəticəyə gəlib ki, seçkilər beynəlxalq standartlara cavab verməyib: "Yanvarın 29-da Azərbaycanda keçirilən bələdiyyə seçkiləri beynəlxalq standartlara, hakimiyyətin Azərbaycan dövlətinin üzv olduğu beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə cavab verməyib – seçkilər azad və ədalətli olmayıb, əhalinin iradəsini ifadə etməyib. Müsavat Partiyası 29 yanvar 2025-ci il tarixli bələdiyyə seçkiləri nəicələrinin ləğv edilməsini, ölkədə hüquqi dövlət, demokratik cəmiyyətin qurulmasını təmin edəcək islahatların, o cümlədən seçki islahatlarının aparılmasını, yeni seçkilərin keçirilməsini tələb edir”.
"Böyük qələbələr kiçik addımlarla qazanılır”
REAL Partiyasının sədri Natiq Cəfərli "Facebook” hesabında yazıb ki, təşkilat bu seçkidə kiçik uğur əldə edib.
O, kiçik uğuru böyük uğura doğru addım kimi qiymətləndirib: "Bələdiyyə seçkiləri bitdi. Təəssüf ki, yerli özünüidarə institutu olan bələdiyyələrin səlahiyyəti, məsuliyyəti və büdcəsi çox zəifdir. Seçkilərə ümumən inam az olduğundan bu vacib dövlət qurumuna seçkilərə də maraq çox az oldu”.
"Dünənki seçkilərdə 5 REAL üzvü bələdiyyəyə üzv seçildi, digər namizədlərimizlə bağlı bəzi pozuntular oldu, qanuni yollarla onların haqlarını qoruyacağıq.
İlk dəfə partiyadan 5 bələdiyyə üzvü seçilməsi kiçik bir uğurdur, böyük qələbələr kiçik addımlarla qazanılır. Ölkəmizdə bir gün mütləq seçki yolu ilə ciddi sistem dəyişiklikləri olacaq!” – Cəfərli qeyd edib.
"Seçki deyil, əsl "ASAN xidmət”dir”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli isə seçkiləri "ASAN xidmət” adlandırıb: "Məncə, Azərbaycanda bu gün "seçki” keçirildiyindən xalqın 99 faizinin heç xəbəri yox idi. İlham Əliyev seçki institunu o həddə məhv edib ki, bugünkü bələdiyyə "seçkiləri”ndə nəinki xalq, hətta seçki komissiyası üzvləri və namizədlərin əksəriyyəti belə iştirak etməyib. Seçki deyil, əsl "ASAN xidmətdir”. Adını siyahıya saldırırsan, sonra da gedib vəsiqəni götürürsən. Seçicilərlə görüş keçirmək, platforma hazırlayıb, paylamaq, təbliğat aparmaq, yarışmaq, xalqı inandırmaq, xalqa əziyyət verib onları seçkilərə gətirmək kimi "köhnəlmiş” və "mənasız” əziyyətlərdən namizədlərin də, xalqın da canı qurtarıb”.
"Parlament seçkilərində xalqımızın əvəzindən "seçmək əziyyətini” şəxsən İlham Əliyev özü çəkir. Bələdiyyə seçkilərində də onun təyin etdiyi "zəhmətkeş” icra başçıları heç kimə əziyyət vermədən özləri xalqın "əziyyətini çəkərək”, bələdiyyə üzvlərini "seçirlər””, – deyə Əli Kərimli bildirib.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti heç bir demokratiya, seçki, rəqabət imitasiyası etməyə də artıq ehtiyac duymur: "Cəmiyyətə hər fürsətdə açıq mesaj verirlər ki, biz düzələn deyilik, islahat, filan bizlik deyil. Biz belə də davam edəcəyik. Hünəriniz çatırsa, dəyişin bizi”.
"Karusel”, hədə və təhdidlər…
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində diqqətçəkən dairələrdən biri 23 saylı Nəsimi-Səbail Seçki Dairəsi olub. Bu dairədən müstəqil namizəd Cəmilə Əlişevaya ciddi problemlər yaradılıb.
Həmin dairədə jurnalistlər də maneələr və təzyiqlərlə üzləşiblər. Müşahidəçi Əhməd Məmmədli isə yaydığı videomüraciətdə ölümlə təhdid olunduğunu bildirib.
Həmin dairə üzrə məntəqələrdən yayılan videogörüntülərdən seçki qutularına topa bülletenlərin atıldığı, "karusel” əməliyyatı aydın müşahidə olunub.
Azərbaycanda bələdiyyə seçkiləri: qısa xronika
Azərbaycanda indiyə qədər 6 bələdiyyə seçkisi keçirilib.
Bundan əvvəlki seçkilər 1999, 2004, 2009, 2014 və 2019-cu illəri əhatə edir.
Sonuncu bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilmişdi.
Seçki Məcəlləsinə əsasən, bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir.
İndiyədək həmişə bu seçkilər dekabr ayında olub.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il noyabrın 6-da Azərbaycanda bələdiyyə seçkilərinin vaxtının dəyişdirildiyini bildirib.
Budəfəki seçkilər 2025-ci il yanvarın 29-a təyin olunmuşdu.
Bəzi ekspertlər bələdiyyə seçkilərinin keçirilməsi vaxtının uzadılmasını qanuna zidd hesab edirdilər.