Müşfiq Cabbarla bağlı da həbs qətimkan tədbiri seçilib

Müşfiq Cabbarla bağlı da həbs qətimkan tədbiri seçilib

09-03-2024 13:43 / Bu xəbər 871 dəfə oxundu

O, peşəkar jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyib

"Toplum TV” ilə bağlı cinayət işi üzrə iki gün əvvəl saxlanılan jurnalist Müşfiq Cabbar haqqında həbs qərarı çıxarılıb.

Onun istintaq dövründə həbsdə saxlanması üçün müstəntiqin verdiyi vəsatət və prokurorun təqdimatına martın 8-də Xətai Rayon Məhkəməsində baxılıb.

Məhkəmə vəsatəti və təqdimatı təmin edib – Müşfiq Cabbar barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham olunan jurnalist özünü təqsirli bilmir.

Müşfiq Cabbar heç bir cinayət törətmədiyini, peşəkar jurnalist fəaliyyətinə görə cəzalandırıldığını bildirib.

Toplum TV-nin bu cinayət işi üzrə saxlanılan digər əməkdaşlarından ikisi – Fərid İsmayılov və Elmir Abbasov təqsirləndirilən şəxs qismində tanınsa da, onların istintaq dövründə həbsdə saxlanmamasına qərar verilib.

Onların barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Bu barədə Fərid İsmayılovun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil bildirib ki, Fərid İsmayılovun barəsində ciddi problemlər var.

O, 3 ay öncə ağciyər problemilə əlaqədar cərrahiyyə əməliyyatı keçirib, hələ də sağalmayıb.

Fərid İsmayılov və Elmir Abbasov da Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə ittiham olunur, lakin onlar da özlərini təqsirli bilmir.

"Toplum TV” ilə bağlı cinayət işi üzrə hələlik 7 nəfər təqsirləndirilən şəxs qismində tanınıb ki, onlardan 5 nəfərin barəsində həbs qətimkan tədbiri seçilib.

Həbs olunanlar arasında təsisçi, III Respublika Platformasının Qurucu Heyət üzvlərindən Akif Qurbanov da var.

Martın 8-də bu cinayət işi üzrə daha iki nəfər – media hüququ üzrə ekspert Ələsgər Məmmədli və III Respublika Platformasının Qurucu Heyətinin üzvü Ruslan İzzətli də şübhəli şəxs qismində saxlanılıb. Onların evində axtarış aparılıb.

Ələsgər Məmmədlinin evindən 60 min avro pul tapıldığı iddia olunur. Onun ailə üzvləri isə həmin pulu axtarışa gələnlərin özlərinin mənzilə qoyub, sonra da götürdüklərini deyir.

Son 4 ay ərzində Azərbaycanda bir sıra media orqanlarının rəhbər şəxsləri və əməkdaşları qaçaqmalçılıq ittihamıyla həbs olunub.

Onların arasında korrupsiya araşdırmalarıyla tanınan "AbzasMedia”, "Kanal 13” internet televiziyası da var.

Jurnalistlər qaçaqmal yoluyla ölkəyə pul gətirməkdə ittiham olunur.

Onlar bu ittihamı rədd edir, evlərdən, ofislərdən tapıldığı iddia olunan pulları ora polislərin özlərinin atdığını bildirirlər.

Jurnalistlər peşə fəaliyyətlərinə, hökumətin korrupsiyası ilə bağlı materiallara görə cəzalandırıldıqlarını deyirlər.