Müxalifət Rusiya ordusunun qayıtmasından narazıdır, YAP isə qələbədən danışır

Müxalifət Rusiya ordusunun qayıtmasından narazıdır, YAP isə qələbədən danışır

11-11-2020 01:34 / Bu xəbər 1277 dəfə oxundu

Noyabrın 10-da gecə Qarabağ probleminin sülh yolu ilə həllinə dair imzalanmış üçtərəfli sazişi Azərbaycanda siyasi partiyalar və ekspertlər müxtəlif cür qiymətləndirirlər.

Müsavat Partiyasının sədri Arif Hacılı "AzadlıqRadiosu"na açıqlamasında qeyd edib ki, Azərbaycan ictimaiyyəti və partiyalarla məsləhətləşmələr olmayıb. Onun fikrincə, Qarabağa dair mühüm razılaşmadan öncə bunun olması gərəkirdi.

A.Hacılı

"Azərbaycanlılar saziş haqda gecə saat 4-də biliblər"

"Azərbaycanlılar saziş haqda gecə saat 4-də biliblər, bu, yolverilməzdir", - o deyib.

A.Hacılı ölkə ərazisinə xarici qoşunların yeridilməsini istisna edən Azərbaycan Konstitusiyasını və ölkənin müstəqilliyi barədə Bəyannaməni hakimiyyətin pozduğunu qeyd edib.

Müsavat Partiyası prosesdə Türkiyə sülhməramlı qüvvələrinin iştirakı ilə bağlı İ.Əliyevin şifahi bəyanatına baxmayaraq, gecə imzalanan bəyanatda Türkiyə və onun silahlı qüvvələrinin adının çəkilməməsindən narazılığını bildirib.

A.Hacılı bu sazişin həyata keçiriləcəyinə şübhə ilə yanaşır.

A.Mirzəzadə

YAP təmsilçisi: "Tarixi qələbə"

Parlamentin deputatı və hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə isə "Turan" agentliyinə açıqlamasında sənədi "tarixi qələbə" adlandırıb. Onun fikrincə, Azərbaycan ordusu işğal olunmuş torpaqların bir hissəsini geri qaytardı, qalan hissə isə Ermənistan qoşunlarının çıxması ilə geri qaytarılacaq. Partiya təmsilçisi bunu iki prezidentin- Heydər Əliyevin və İlham Əliyevin xidməti hesab edir.


YAP təmsilçisi Rusiya silahlı qüvvələrinin Azərbaycana qayıtmasını imzalanmış sazişdə nöqsan hesab etmir. Onun fikrincə, Rusiya ordusunun Qarabağdakı bölmələrinin sayı və niyyəti razılaşdırılıb. O qeyd edib ki, sənədə əsasən, Rusiya Federasiyasının sülhməramlı qüvvələri 5 il müddətinə yerləşdirilir.

A.Mirzəzadə azərbaycanlı qaçqınların qovulduqları doğma torpaqlarına qayıtması üçün açılan imkanlara da diqqət çəkib.

R.Mirqədirov

"Qara gün"

Siyasi mühacir, analitik Rauf Mirqədirov isə 2020-ci il noyabrın 10-nu Azərbaycan tarixində "qara gün" adlandırılıb. O hesab edir ki, İ.Əliyev Azərbaycanın tarixinə xilaskar kimi daxil olmayacaq, çünki Rusiyanı Azərbaycana qaytarır.

"Siyasət mümkünlük sənətidir"

"Siyasət mümkünlük sənətidir, bu gün biz maksimum mümkün olanı aldıq. Amma hələ münaqişənin sonu deyil və biz Azərbaycanın bütün ərazisi üzərində tam suverenliyinin bərpası uğrunda mübarizəni davam etdirəcəyik", - bunu isə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkədə yazıb.

"Azərbaycanın müstəqilliyi üçün təhlükəli amil"

Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) bu məsələ ilə bağlı geniş bəyanat hazırlanır.

S.Həzi

Partiyanın sədr müavini Seymur Həzi bəyanatın əsas müddəalarını AzadlıqRadiosuna belə açıqlayıb: "AXCP Azərbaycan ordusunu dəstəkləyib, onu müharibədə qalib sayır. Lakin uzun müddətdən sonra Rusiya ordusunun bölgəyə qayıtması partiyanı narahat edir".

Partiya Rusiya ordusunun ölkə ərazisində olmasını Azərbaycanın müstəqilliyi üçün təhlükəli amil hesab edir.