Müxalifət mitinq keçirdi - FOTOLAR

Müxalifət mitinq keçirdi - FOTOLAR

14-04-2018 15:38 / Bu xəbər 3573 dəfə oxundu

Bu gün paytaxtın "Məhsul” stadionunda Milli Şura və Müsavat Partiyasının təşkilatçılığı ilə mitinq keçirilib.

Növbədənkənar prezident seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq keçirilən aksiyada AXCP sədri Əli Kərimli, Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, yazar Zümrüd Yağmur, Milli şuranın üzvü Vidadi Mirkamil, AXCP gənclər təşkilatının sədri Emil Səlimov, Müsavat başqanı Arif Hacılı və Milli Şuranın sədri Cəmil Həsənli çıxış ediblər.

Aksiyadan əvvəl mitinqin onlarla təşkilatçısı saxlanılıb və inzibati həbsə məruz qalıb. Təzyiqlərə, həbslərə baxmayaraq aksiyada minlərlə insan iştirak edib.

Aksiyada "Azadlıq”, "İstefa”, "Bu vətən bizimdir!” və digər şüarlar səsləndirilib. İştirakçılar müxtəlif plakatlar və siyasi məhbusların şəkillərini qaldırıblar. 

Mitinq iştirakşıları hakimiyyətə qırmızı kart göstəriblər. Minlərlə aksiya iştirakçısı eyni vaxtda qırmızı kart göstərərək "İstefa” şüarı səsləndirib.

***

Müsavat Partiyası başqanı Arif Hacılının çıxışının əsas hissəsi də elə prezident seçkiləri ilə bağlı olub.

"Bu növbədənkənar seçki mahiyyət etibarı ilə seçimsiz seçkilər idi. Seçkilərin növbədənkənar keçirilməsinin səbəbləri seçkidən əvvəl, seçki dövründə və ondan sonra elan edilmədi. Demokratik seçkilərin təşkili üçün tələb olunan şərtlərin heç birinə əməl olunmadı. Seçkilərin taleyi ATƏT-müşahidəçilərinin də dediyi kimi yalnız seçki günü həll olunmur, biz də bunları əvvəlki seçkilərdə dəfələrlə demişik. Seçkilərin demokratikliyi üçün ölkədə demokratik mühit olmalıdır ki, bu da Azərbaycanda mövcud deyildi. Azərbaycanda 150-dən çox siyasi məhbus var. Qəzet bir mədəniyyət növü kimi sıradan çıxarılıb. Teleradio tam şəkildə Azərbaycan hakimiyyətinin nəzarəti altındadır. Siyasi partiyarların bərabərhüquqlu mübarizə imkanları yoxdur. Sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılıb. Halbuki, qanunvericiliyə görə, bir neçə yer istisna olmaqla digər bütün məkanlarda vətəndaşların sərbəst toplaşmaq haqqı təmin olunmalıdır”.

Arif Hacılı bəzi məhbusların adlarını da sadalayıb.

"Bu insanlar Azərbaycanın gələcəyi üçün mübarizə apardığından həbsxanalara salınıblar. Onlar bizim gələcəyimiz üçün, bizim əvəzimizə, xalqın əvəzinə fədakarlıq göstərərək, həbsxanalarda da öz dəyanətlərini nümayiş etdirərək Azərbaycan cəmiyyətinin müqavimət gücünün artırılmasına xidmət edirlər”

A.Hacılı hökumətin Azərbaycanın iqtisadi inkişafı ilə bağlı açıqlamalarına toxunub, onların yalan olduğunu iddia edib.

"Hökumət yenə də iqtisaid inkişafdan danışır. Halbuki Azərbaycanın iqtisadi tənəzzülü bütün rəqəmlərdə özünü göstərir. Azərbaycan nəinki aparıcı dünya dövlətləri ilə müqayisədə, hətta MDB-yə daxil olan iqtisadiyyatı, cəmiyyəti geridə qalmış, iqtisadi resursları məhdud olan dövlətlərlər sırasında da ən geridə qalmışç iqtisadi vəziyyətə malikdir. 2017-ci ildə Azərbaycanda ümumdaxili məhsul nəinki artmayıb, hətta azalıb. Azərbaycan MDB ölkələri arasında belə yeganə ölkədir ki, inflyasiya iki rəqəmli olub. Belə bir şəraitdə hansı iqtisadi inkişafdan danışmaq mümkündür?” , - deyə Arif Hacılı sual edib.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Hakimiyyət rəsmiləri ötən il ölkədə ikirəqəmli inflyasiyanin olmasını daimi hesab etmirlər.Mərkəzi Bank bu il, 2018-ci ildə inflyasiyanın birəqəmli olcağını proqnozlaşdırıb. Rəsmilər söz və mətbuat azadlığına basqılarla bağlı şikayətləri də qəbul etmirlər.

***

Milli Şuranın sədri Cəmil Həsənli isə çıxışında prezident seçkilərini "İlham Əliyevin seçki məzhəkəsi” adlandırıb.

"Avtoritar rejimlərdə, totalitar diktaturalarda kütləvi aksiya keçirmək, insanların öz iradələrini ifadə etməsi son dərəcə ağırdır. Bu gün meydana gələn hər bir insan bir qəhrəmandır. Bu insanlar qadağaları, basqıları, repressiyaları, Əliyevin polis kordonlarını yıxaraq bura toplaşıb”.

Milli Şura sədri daha sonra əlva edib: "Bir tamaşa var idi. 22 gün idi ki, bu tamaşa hər 3 gündən bir, axşamlar televiziyalarda Azərbaycan xalqına təqim edilirdi. Ən böyük dramaturqlar belə İlham Əliyevin yazdığı bu məzhəkəni yaza bilməzdi, milləti bu formada təhqir edə bilməzdi”, - C.Həsənli bildirib.

Seçki ilə bağlı beynəlxalq müşahidəçilərin rəylərinə toxunan Milli Şura sədri həmin rəylərə dəstək ifadə edib.

"Bu aksiya həm də ATƏT-in müşahidəçilərinin elan etdiyi rəyə bir dəstəkdir. Biz elə belə də rəy gözləyirdik. Azərbaycan hakimiyyəti cinayət başında yaxalandı. Onun bütün seçki saxtakarlıqları, İlham Əliyevin hakimiyyəti daha 7 il mənimsəməsinin bütün mahiyyəti ortaya qoyuldu. Görürsünüz, ATƏT-ə qarşı necə həşir qaldırıblar…”.

Hökumətin siyasətini sərt tənqid edən Cəmi Həsənli onu korrupsiyada ittiham edib.

"Ölkəmizi beynəlxalq alımdə nüfuzdan salıblar. Bizim vətənimizi gözükölgəli ediblər. İndi hardsa bir oğurluq hadisəsi olur, içindən Azərbaycan çıxır. Harda bir gizli, ofşor hesab olur, içindən İlham Əliyevin ailə üzvləri çıxır. Azərbaycanda korrupsiyaya qarşı bu qədər komissiya yaradılıb. Bir neçəsi prokurorluqda, bir neçəsi Prezident Aparatında, daha hansı təşkilatlarda. Nəzarət komissiyaları var. Ancaq nəticə yoxdur, ola da bilməz”, - C. Həsənli diqqəti idarəetməyə çəkib.

Azərbaycan rəsmiləri isə deyirlər ki, dövlət başçısı İlham Əliyev korrpsiya ilə mübarizədə ciddi iradə ortaya qoyub.

Hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının təmsilçiləri bəyan ediblər ki, əksinə Milli Şura rəsmiləri korrpsiyaya bulaşıb.

***

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülaga Aslanlı da öz çıxışında prezident seçkilərindən bəhs edib. O, bildirib ki, seçkilər hakimiyyətdən ötrü ugursuz başa çatıb.

"Bizim mitinqlərimizdə insanların az olduğunu deyirlər. Seçkidə hakimiyyət 50 mindən artıq müşahidəçi qeydə aldırmışdı. Həmin 50 min müşahidəçi 450 nəfər müşahidəçinin qarşısında diz çökməyə məcbur oldu. Çünki dünya 450 beynəlxalq müşahidəçinin vermiş olduğu rəyi qəbul etdi”, G.Aslanlı deyib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətlərinin hazırladığı birgə hesabatda Azərbaycandakı seçkilərin hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib.

ATƏT-in müşahidə missiyasının hesabatına Mərkəzi Seçki Komissiyası (MSK) da münasibət bildirib.

MSK hesab edir ki, belə yanaşma missiyanın obyektivliyinə və qərəzsizliyinə ciddi kölgə salır.

"MSK adı çəkilən sübutsuz, ziddiyyətlərlə dolu qərəzli hesabatın tam təhlilini məqsəd kimi qoymur. Ümid edir ki, müşahidə missiyasının yekun hesabatında çoxsaylı uyğunsuzluqlar aradan qaldırılacaq. Əks halda, MSK-a böyük təəssüf hissi ilə nümayəndələri sözü gedən missiyanın tam əksəriyyətini təşkil edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə əməkdaşlığın dayandırılması məcburiyyəti qarşısında qalacaq”, - deyə MSK bildirib.

***

AXCP sədri Əli Kərimli əsasən aprelin 11-də keçirilmiş prezident seçkilərindən bəhs edib.

"Bütün dünya boyu seçki saxtakarlıqları ifşa olunub. Bütün dünya İlham Əlieyvin saxta seçkilər nəticəsində hakimiyyətinin davam etdiyini deyir. Bunların da bütün dünya ilə bacaracaqları bir iş yoxdur, hamının əvəzini bizdən çıxmaq istəyirlər. Bu mitinqin alınmaması üçün indiyə qədər etdiklərindən də artığını etdilər. Hazırda AXCP-nin təşkilat şöbəsinin müdiri Vaqif Qurbanov başda olmaqla 8 nəfər inzibati qaydada həbs olunub, 100-lərlə fəal polis idarələrinə aparılıb, hədələnib. İnsanların bu mitinqə gəlməsini önləməkm üçün hər şey ediblər. Amma buna baxmayaraq sizlərin qarşısını kəsə bilməyiblər”.

Əli Kərimli seçkiləri boykot edənlərə təşəkkür edib.

"Sizə, bütün xalqımıza seçkini boykot etdiyiniz , hökumətin yalanlarına inanmadığınız , İlham Əliyevi öz saxtakar komandası ilə baş-başa buraxdığınız və seçkinin nəticələrini tanımadığınız üçün təşəkkür borcumuz var. Bütün dünya da bizim dediyimizi dedi. Amerika Konqresi, ATƏT, Avropa Birliyi, özünə hörmət edən bütün dünya da dedi ki, seçki beynəlxalq standartlara uygun olmayıb”.

Əli Kərimlinin həbslər və fəalların polisdə hədələnmələri ilə bağlı dediklərinə, hələlik, hüquq mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl keçirilən aksiyalar ərəfəsində də bəzi fəalların saxlanması ilə bağlı məlumatlar yayılmışdı. Martın 31-də keçirilən son aksiya ərfəsində isə AXCP-nin 3 fəalına polisə müqavimət ittihamı ilə inzibati həbs verildiyi bildirilmişdi.

Azərbaycan rəsmiləri isə seçkinin azad və ədalətli keçirildiyini bildirirlər. Prezident seçkilərinin nəticələri ilə bağlı aprelin 12-də Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunmuş şənlikdə də hazırkı dövlət başçısı İlham Əliyev demişdi ki, açıq, şəffaf, ədalətli şəkildə keçirilmiş seçkilər xalqın iradəsini əks etdirir:

«Bu seçkilərdə Azərbaycan xalqı öz seçimini etdi. Azərbaycan xalqı bir daha bizim siyasətimizə öz səsini verdi. Bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi», deyə hakim Yeni Azərbaycan Partiyasının sədri, hazırkı dövlət başçısı İlham Əliyev vurğulamışdı.

***

"Biz bu mitinqi seçki tamaşasından 3 gün sonra keçiririk”

Bunu mitinqin aparıçısı İlham Huseyn deyib.

Onun bildirməsinə görə, Azərbaycan xalıq bir daha gördü ki, hakimiyyət rəqabətsiz, alternativsiz mihitdə belə saxtakarlıq etmədən seçki keçirə bilmir:

"Özləri seçdilər, özləri təsdiqlədilər, özləri bayram etdilər. Hətta bəzi deputatlar qol götürüb oynadılar da. Amma onlar Qarabağı işğaldan azad etdiklərinə görə, oynamırdılar. Seçki qutularını işğal etdiklərinə görə, oynayırdılar”.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Hələ seçki günü gecə, Mərkəzi Seçki Komissiyası (MSK) bildirmişdi ki, artıq səslərin 90 faizindən çox sayılıb. Sayılan bülletenlərə əsasən, hazırkı dövlət başçısı İlham Əliyev 86 faizlə liderdir. Qalan 7 namizədin 0.75 faizdən 3.11 faizə kimi səs topladığı bildirilib.

Müsavat Partiyası və Milli Şura növbədənkənar prezident seçkisini boykot ediblər. Onlar seçkinin nəticəsini tanımadıqlarını açıqlayıblar.

Hazırkı dövlət başçısı İ.Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası isə seçkilərin azad və ədalətli keçirildiyini bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətlərinin hazırladığı birgə hesabatda isə Azərbaycandakı seçkilərin hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib.///bastainfo.com