Nağıllara çox inanma, nağıllarda div olur... - Cəlil Cavanşirdən yeni şeirlər

Nağıllara çox inanma, nağıllarda div olur... - Cəlil Cavanşirdən yeni şeirlər

02-04-2022 01:28 / Bu xəbər 7725 dəfə oxundu

Şair Cəlil Cavanşirin yeni şeirləri: 

Böyüklər üçün nağıl

sən də elə bilirsən ki, yaşadığın nağıldı
mən də bu sərsəm nağılın ağ atlı şahzadəsi?
bir də gördün çıxdım getdim, xəyalların dağıldı
bir də gördün öldüm getdim,
üzülmə birdənəsi.

nağıllara çox inanma, nağıllarda div olur,
küpəgirən cadugərlər, gedər-gəlməz meşələr
saçlarından asırlar ha, gözəl-göyçək qızları,
divlər hələ çox yaşayar, qırılmasa şüşələr.

simurqların qanadında qurduğumuz xəyallar,
simnarların qalasında dustaq kimi çırpınar
barmağına duz basmasan, div aparar almanı
kəndirini dar quyuda kəsər doğma qardaşlar.

ədalətli padşahlar var, rəşadətli igidlər
nağılların bədheybəti, qulyabanı, şahmaran
yaxşıların arzuları nağıllarda çin olar
nağıl gözlüm, bu həyatda mənasızdı arzular

bir də keçəl şah qızından nağıllarda kam alır,
rəml atmaqla aşkar olmur dərvişlərin hiyləsi.
mən də qamış at sürürəm təpəgözün üstünə,
keçilməzdir, aşılmazdır qarşı dağın zirvəsi.

sən də elə bilirsən ki, yaşadığın nağıldı
mən də bu sərsəm nağılın ağ atlı şahzadəsi?
bir də gördün çıxdım getdim, xəyalların dağıldı
bir də gördün öldüm getdim,
üzülmə birdənəsi.

Qapalı dairə, aum, Ohm və sairə

aummm…
aummm…
…bütün ağrıların səlib yürüşü başlayır
canımda xəstəlik, üşütmə
əzrayıl
gün sayır...
uçub dağılmış qəbirdi yatağım
boş, bomboş, çox boşdur
qucağım...
ruhumdakı gərginiklə
düz mütənasibdir həsrətin şiddəti...
...alatoranda
siqaret axtaran əllərim eynəyimlə rastlaşır
görüntü şəffaflaşır
sonra
siqaret, qəhvə və sairə...

aummm…
aummm…
...günün ən sıxıcı saatlarını,
başımı qatıram işlə
və sonra yorğunluq bürüyür canımı
ruhumu sıxır bu vərdişlər
və işlər...
ruhumdakı gərgnliklə
tərs mütənasibdir yoxluğunun müddəti...
arzular, xəyallar, yalanlar
gələnlər, gedənlər, qalanlar...
avtobus sürünür küçəylə
həmdəmlik başlayır gecəylə
eynəyim yorulub gözümdən
çıxarıb uzağa atıram özümdən
qorxuram bir anlıq
görüntü bulanıq
sonra,
siqaret, pivə və sairə...

aummm…
aummm…
siqaret, siqaret, siqaret
içki süz..
içki süüz...
içki süüüzzz
beynimin içində anasız küçüklər
beynimin içində həyasız pişiklər
beynimin içində zəhərli ilanlar
beynimin içində duman var...
qapalı çevrədə boş şeydir olanlar
ağrı var, əzab var, yalan var
rutindir bu anlar,
baş qatım zamanla
carpe diem...
ölüm də gecikir boş yerə
qapanır dairə
sonra
siqaret, viski və sairə...

aummmmmmmmm!!!
Vilen Dank, Ohm!

Yorğunam

qaranlıq və ağrılı şeylər yazıram həyata dair
əllərim, gözlərim, saçlarım qocalıb
ruhum yorğun düşüb şair…

bir yandan da bu yaz günəşi canımı sıxır,
günün səs-küylü saatları əzabdı, zülümdü, ağrıdı
adam bu izdihamda azır, karıxır…

qaranlıq və kədərli sözlər tökülür dodaqlarımdan,
bir az öncə bir adam düşdü gözümdən, parçalandı
bir az öncə, düşdüm gözlərindən, yaralandım...

bircə dənizin səsi, dalğaların nəğməsi
ruhuma sığal çəkir
və mən
qaranlıq və ağrılı şeylər yazıram həyata dair
dayanmışam sahildə, sakitəm, kədərliyəm durğunam
daha bircə misra da yazmağa həvəs yoxdu
yorğunam, dəniz, yorğunam...

Unutmaq istəyirəm...

üsyan – sükutlara, susqunluqlara
sakit!
danışmaq istəyirəm...

bir az sən yaxın gəl, bir azca da mən
çıx get!
qayıtmaq istəyirəm...

burax bu sevdanı, burax sevməyi
tərk et!
darıxmaq istəyirəm...

az süz, bu badələr araqçün deyil,
rədd et!
ayılmaq istəyirəm...

bu sevgi əzabsa, mən çəkim, səbr elə
sən get!
qalmaq istəyirəm...

ağrı var, əzab var, ölüm var - mən təkəm
s..ir et!
unutmaq istəyirəm...

Ülkü Tamerə sayğılarla…

Soyuq düşdü, şaxta vurdu
Buymuş alın yazımız
Duman aldı başımızı
Qəfil gəldi bu payız...

Yağış döyür küçələri,
Küçələrdən çay axır
Qapılarda qalır gözlər
İndi hamı darıxır...

Bir xəstəlik havası var
Şəhərin səmasında
Gözlər sıxır öz suyunu
Şəhidlərin yasında

Bu payızı dustaq kimi,
Qapanıram daxmama.
Əgər birdən əcəl gəlsə
Toxtaq dayan, ağlama

Ağır-ağır ləngər vursa
Səmalarda göyərçin
Əllərini aç səmaya,
Payız topla mənimçün...
 
Mənbə: Yeniyaz.az