Namizəd icra hakimiyyəti tərəfindən maneələrlə üzləşdiyini deyir

Namizəd icra hakimiyyəti tərəfindən maneələrlə üzləşdiyini deyir

17-01-2020 15:56 / Bu xəbər 1448 dəfə oxundu

78 saylı Lerik seçki dairəsində namizəd Hikmət Ağayev bu gündən seçki təbliğatına başladığını, lakin İcra Hakimiyyəti tərəfindən maneələrlə üzləşdiyini deyir.

Bu barədə arqument.az-a Hikmət Ağayevin seçki qərargahından məlumat verilib.

Məlumata görə, İcra Hakimiyyətindən yerli icra nümayəndələrinə zəng edərək, namizədlərin seçicilərlə görüşünə mane olmaq tapşırığı verilib.

"Lerik Rayon İcra Hakimiyyəti bütün inzibati resurslarını işə salaraq hakim partiyanın namizədi İqbal Məmmədovun yenidən deputat olmasına səfərbər edib", - açıqlamada deyilir.

Məlumata görə, Lerikin icra başçısı Rövşən Bağırovun İqbal Məmmədovla şəxsi münasibətləri var.

İqbal Məmmədov 2010-cu ilin noyabrında IV çağırış, 2015-ci ildə  Aisə V çağırış Parlament seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən deputat seçilib.

2019-cu ildə isə Lerikdə ona məxsus "Relax" İstirahət Mərkəzində baş verən qalmaqalla gündəmə gəlib. 
 
İcra Hakimiyyəti isə məsələyə münasibət bildirməyib.