Namizədlər: "87 saylı Ağsu-İsmayıllı seçki dairəsində nəticələr ləğv edilsin"

Namizədlər:

16-02-2020 17:03 / Bu xəbər 930 dəfə oxundu

09 fevral 2020-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa qeydə alınmış namizədlər bəyanat yayıblar. 

Bəyanatı namizədlərdən Ayaz Qocamanov, Aytən Piriyeva, Elşən Əliyev, Ağasən Hüseynov, Vüsal İmanov və Xatirə Rəhimli imzalayıb.

Onlar bəyan ediblər ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində seçkilər saxtalaşdırılıb: "Bəyan edirik ki, 09 fevral 2020-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər zamanı Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin 1-ci bəndində insan haqları haqqında bəyənnamənin 21-ci maddəsinin birinci bəndində və Avropa İnsan Hüquqları və əsas azadlıqları haqqında konvensiyanın 1 saylı protokolunu 3-cü maddəsində təsbit edilmiş hüquqlarımız pozulub". 

"Bununla yanaşı, seçki prosesi zamanı Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddənin 1-ci bəndi də kobud şəkildə pozulub", - namizədlər bildiriblər. 

Bəyanatda bildirilir ki, 09 fevral 2020-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndə vəkil edilmiş şəxs və müşahidəçilərimizin seçki komissiyaları tərəfindən seçkilərin keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı qeydə aldığı yüzlərlə akt və videogörüntülər vardır. 

"Buraya "karusel”, bülletenlərin topa sayda atılması, müşahidəçilərə lazımi şəraitin yaradılmaması, seçki prosesi zamanı onlara təzyiq olunması, bülleten çatışmamazlığı, namizədlərin səsini saxtalaşdırılması, inzibati resurslardan istifadə, əvvəldən qeyd olunmuş hazır bülletenlər kimi onlarla fakt daxildir. Bütün bunlar mediada-sosial şəbəkələrdə də yayılıb və Seçki Məcəlləsinə görə ciddi qanun pozuntuları kimi təsbit olunub. Baş verən qanun pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyasına da müraciət ünvanlamışdıq", - namizədlər qeyd ediblər. 

Onlar seçkinin nəticələrinin ləğvini tələb edirlər: "Ona görə də bütün bu faktları nəzərə alaraq keçirilmiş seçkinin rəsmi nəticələrini tanımadığımızı bəyan edir, eyni zamanda 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə səsvermənin nəticəsinin etibarsız hesab edilməsini və təkrar seçkilərin keçirilməsini tələb edirik".