Namizədliyi təsdiqlənən Harris Ukrayna və İsraili dəstəkləyəcəyinə söz verdi

Namizədliyi təsdiqlənən Harris Ukrayna və İsraili dəstəkləyəcəyinə söz verdi

23-08-2024 13:33 / Bu xəbər 569 dəfə oxundu

"Mən həmişə İsrailin özünümüdafiə hüququnu müdafiə edəcəyəm”

Demokratların prezidentliyə namizədliyini qəbul edən Harris Ukraynaya dəstək vəd edir

ABŞ prezidentliyinə namizəd Kamala Harris Çikaqoda keçirilən Demokratlar Partiyasının Milli Qurultayında seçki kampaniyası çərçivəsində çıxış edib.

Demokratlar Partiyasının 2024-cü il prezident seçkisində namizədliyini qəbul edən Harris qalib gələcəyi təqdirdə Ukraynanı və Vaşinqtonun NATO müttəfiqlərini dəstəkləyəcəyinə söz verib.

Harris İsrailə dəstək mövzusuna da toxunub.

O bildirib ki, Ağ Ev administrasiyası israilli girovların azad edilməsi və Qəzza zolağında atəşkəsin əldə edilməsi ilə bağlı razılaşmaya yaxınlaşmaq üçün gecə-gündüz işləyir.

Eyni zamanda o, 7 oktyabrın (HƏMAS-ın Qəzza zolağında İsrailə qarşı başlatdığı hərbi hücum günü) təkrarlanmasının qarşısını alacağına söz verib: "Mən həmişə İsrailin özünümüdafiə hüququnu müdafiə edəcəyəm. Həmçinin özünü müdafiə edə bilməsini təmin edəcəyəm. Çünki İsrail xalqı bir daha HƏMAS adlı terror təşkilatının oktyabrın 7-də törətdiyi dəhşətlərlə üzləşməməlidir”.

Harris bildirib ki, son on ayda Qəzza zolağında baş verənlər dağıdıcıdır və qaçqın, aclığa məcbur edilən əhali arasında iztirabların miqyası ürək parçalayır.

O, ABŞ-ın hazırkı Prezidenti Co Baydenlə bu müharibəyə son qoymaq üçün çalışdığını təkrarlayıb.

Həmçinin əlavə edib ki, ABŞ-nin qüvvələrini və maraqlarını İrandan və İran tərəfindən dəstəklənən terrorçulardan qorumaq üçün lazım olan hər hansı addımı atacaq.

Kamala Harris çıxışında respublikaçılardan rəqibi Donald Trampı avtoritar liderlərlə yaxınlaşdığına görə sərt tənqid edib.

Harris deyib ki, Tramp Ukraynadan və müttəfiqlərdən üz çevirərək Birləşmiş Ştatların adını bədnam edir.

2024-cü il noyabrın 5-də ABŞ-da prezident seçkisi keçiriləcək.

ABŞ Prezidenti Co Bayden iyulun 21-də payızda baş tutacaq seçki yarışından geri çəkildiyini açıqlayıb və vitse-prezident Kamala Harrisin demokratlardan prezidentliyə namizəd olmasını təklif edib.

59 yaşlı Harris ABŞ-da böyük siyasi partiyadan prezidentliyə namizəd olan ilk tünd dərili qadındır(Meydan TV)