Narışkinin Bakı səfərinin hədəfi açıqlandı: "Qərbin ölkələrin daxili siyasətinə müdaxiləsi..."
03-10-2024 23:59 / Bu xəbər 864 dəfə oxundu
2-3 oktyabr tarixlərində Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıya rəsmi səfərə gəlib.
Səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi ilə görüşlər keçirilib.
Rusiya XKX-nin mətbuat xidmətinin məlumatına görə, İlham Əliyevlə görüşdə "beynəlxalq vəziyyətin aktual məsələlərinə", Rusiya XKX-nin Azərbaycan xüsusi xidmətləri ilə kəşfiyyat fəaliyyətinin müxtəlif istiqamətlərində əməkdaşlığına toxunulub, yaxın gələcək üçün ikitərəfli əlaqələrin prioritetləri nəzərdən keçirilib".
Nümayəndə heyətinin Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi ilə danışıqlarında qeyd edilib: "Xüsusi xidmətlərin xətti ilə Rusiya-Azərbaycan əməkdaşlığı dinamik şəkildə inkişaf edir, konstruktiv, qarşılıqlı səmərəli və etibarlı xarakter daşıyır. Rusiya və Azərbaycanın milli maraqlarının müdafiəsi məsələlərinin həllində konkret nəticələrin əldə olunmasına yönəlib".
Beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə məsələlərinə dair fikir mübadiləsi aparılıb.
"Rusiya və Azərbaycan xüsusi xidmətlərinin qarşılıqlı əlaqələrində Qərb xüsusi xidmətlərinin dövlətlərimizin daxili siyasi sabitliyinin pozulmasına yönəlmiş düşmənçilik niyyətlərinin müəyyən edilməsi səylərinə xüsusi yer ayrılır", - deyə məlumatda bildirilir.
Görüşlər zamanı qeyd edilib ki, yaranmış vəziyyətdə "kəşfiyyatın və əks kəşfiyyatın əsas vəzifələrindən biri xaricdə təşkil olunan anti-Rusiya və anti-Azərbaycan xarakterli təxribat aksiyalarının vaxtında müəyyən edilməsi və qarşısının alınmasıdır".
"Xarici xüsusi xidmətlərin Rusiya və Azərbaycan ərazisində sosial-siyasi vəziyyətin sabitliyinin pozulması məqsədilə sistemsiz müxalifətdən və beynəlxalq terror təşkilatlarından istifadə etməsinə qarşı birgə səylərin gücləndirilməsi zərurəti qeyd edilib", - deyə Rusiya XKX-nin məlumatında bildirilir.
Azərbaycan tərəfi Narışkinin Bakıya səfəri haqqında heç bir məlumat yaymayıb.