Natiq Cəfərli: “112 milyon dollar xərclənib, qalan 400 milyon oğurlanıb”

Natiq Cəfərli: “112 milyon dollar xərclənib, qalan 400 milyon oğurlanıb”

11-02-2021 12:29 / Bu xəbər 945 dəfə oxundu

"Sadəcə, "Gənclik”dəki tunel deyil, Nazirlər Kabinetinin 2017-ci ilə qədərki dövlət investisiyalarının bölgüsü ilə bağlı sərəncamlarına baxsanız, çox fantastik rəqəmlər ortaya çıxar”.

Bunu "Toplum TV”-yə açıqlamasında iqtisadçı Qadir İbrahimli deyib.

"İtalian Dizayn Holdinq”in rəhbəri Franko Rizzato 2013-cü ildə "Gənclik” metrostansiyası yaxınlığında tikilən tunelin qiymətinin 512 milyon dollara başa gəldiyi ilə bağlı sosial media hesabından paylaşım edib.

İqtisadçı-ekspert Natiq Cəfərli iddia edir ki, sözügedən tunelin tikintisinə bu qədər pul xərclənə bilməz: "Gənclik”dəki tunelin tikintisinə 512 mln. dollar xərclənib" - belə yazmayın, bu, yalandır. O tunelə o qədər pul xərclənə bilməz. Maksimum, 112 milyon dollar xərclənib, qalan 400 milyon oğurlanıb. Ölkədə dövlət sifarişlərini, təmir-tikinti layihələrini yerinə yetirən şirkətlərin birində illər öncə "yeyinti" aşkarlanmışdı, 26 nəfər həbs olunmuşdu. Məlum olmuşdu ki, iş icraçısı eyni maşına gün ərzində 820 reys yazıbmış. Guya eyni nömrəli maşın gün ərzində hər reysində 13 km yol qət edib torpaq daşıyıbmış, yəni günə 10660 km yol sürübmüş, bir gündə Bakıdan Moskvaya qədər olan məsafəni 2 dəfə Kamazla gedib-gəlibmiş. İş icracısından soruşanda deyib ki, nə edim, başımın üstündə duran elə dedi, mən də elə yazıb, pulu silib əsas hissəsini ona verdim. Onun başının üstündə durandan soruşublar ki, niyə elə demisən? O da deyib ki, mənim də başımın üstündə duran mənə elə tapşırmışdı. Bu misalı niyə çəkdim? Bunlar o qədər savadsızdılar ki, oğurluqları da cizgi filmdir, çünki həm savadsızdırlar, həm də cəzasız”.

İqtisadçı Qadir İbrahimli də məbləğin kifayət qədər şişirdilmiş olduğunu düşünür: "Sadəcə, bu tunel deyil, Nazirlər Kabinetinin 2017-ci ilə qədərki dövlət investisiyalarının bölgüsü ilə bağlı sərəncamlarına baxsanız, çox fantastik rəqəmlər ortaya çıxar. Eldar Mahmudovun nazir olduğu dövrdə MTN-nin inzibati binasının təmirinə 125 milyon dollar xərcləndi. Yəni bir inzibati binaya bu qədər vəsait niyə ayrılmalıdır? Vaxtilə "Nizami" kinoteatrının təmirinə 50 milyon manat, o zamanki məzənnə ilə 62 milyon dollar xərclənmişdi. Təxmin etmək olar ki, təmir üçün nə qədər vəsait lazımdır. Belə desək, maksimum 1-2 milyon. 62 milyon dollar isə fantastik məbləğdir. Eyni zamanda şəhərin mərkəzində olan "Səadət" sarayının təmirinə 165 milyon dollar ayrılıb. Yəni bir binanın təmiri üçün bu qədər pul xərclənə bilməz. Hazırda müasir zavodların tikintisi təxminən 5 milyon manata başa gəlir, yəni təmir üçün ayrılan vəsaitlə 20-30 zavod tikmək olardı”.

Qadir İbrahimli
FOTO: azadlig.org

Q.İbrahimlinin sözlərinə görə, bu kimi halların qarşısının alınması üçün ilk növbədə dövlət qurumları öz öhdəsinə düşən işi görməlidir: "Maliyyə Nazirliyi dövlətin maliyyə ayırımlarına nəzarəti təmin edəcək birbaşa icra strukturudur. Eyni zamanda Milli Məclisin Hesablama Palatası da büdcədən ayrılan vəsaitlərə nəzarət edir. Digər tərəfdən ictimai nəzarət üçün QHT-lərin fəaliyyətinə şərait yaradılmalıdır ki, onlar da bu prosesdə iştirak edə bilsinlər. Burada daha vacib olan isə fikrimcə, azad mediadır. Təəssüf ki, Azərbaycanda bu problemləri işıqlandıran media orqanlarının sayı çox azdır. Çünki onlar uzun müddət təqiblərə məruz qalıb, əməkdaşları həbs olunub, hətta fəaliyyətləri dayandırılıb. Bu nəzarət mexanizmləri işə düşmədikcə fantastik rəqəmləri görməyə davam edəcəyik”.