Natiq Cəfərli: "Hökumət yenə deyəcək ki, qiymətlər cəmi 3% artıb, kef eləyin...”

Natiq Cəfərli:

05-01-2021 14:40 / Bu xəbər 711 dəfə oxundu

"Aİ-92 benzin 1 manat, dizel 80 qəpik oldu - xoş gəldin 2021-ci il, bu hələ "çiçəklərdir", "meyvələr" sonra olacaq”.

İqtisadçı Natiq Cəfərli benzinin qiymətinin qalxmasına belə reaksiya verib.

İqtisadçının fikrincə, qiymət artımı digər sahələrdə də bahalaşmaya gətirib çıxaracaq: "Benzinin qiyməti 10%-dən, dizelin qiymətinin isə 30%-dən çox artması ərzaq, aqrar sektor məhsullarından tutmuş, nəqliyyata qədər hər şeyin qiymətinə təsir edəcək, logistika bahalaşacaq. Amma hökumət yenə deyəcək ki,  qiymətlər cəmi 3% artıb, inflyasiya yoxdur, kef eləyin...”.

"Hökumət yanacaq istehlakının ekologiyaya mənfi təsirlərindən belə narahatdırsa, o zaman illərdir təklif etdiyimiz addımı atsın: hibrid və elektriklə işləyən avtomobillərə 0 rüsum və vergi tədbiq etsin, həm ölkənin avtoparkı müasirləşər, həm də ekoloji vəziyyətə bu addım müsbət təsir edər”, - deyə iqtisadçı bildirib.

Tarif Şurasının qərarına əsasən, yanvarın 4-dən etibarən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Bu günə kimi isə Aİ-92 markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 90 qəpik, dizel yanacağının isə 60 qəpik təşkil edib.(toplum.tv)