Natiq Cəfərli: "Kasıblığı ölçən ən vacib indikator ərzaqa xərclənən vəsaitdir"

Natiq Cəfərli:

15-04-2021 14:22 / Bu xəbər 2314 dəfə oxundu

"Əhali qazancının 20-25 faizindən çoxunu ərzağa xərcləyirsə, deməli, o ölkə kasıbdır"

Bu ilin ilk 3 ayında Azərbaycan əhalisi pərakəndə ticarətdə 9 mlrd. 525 mln. manat xərcləyib.

Həmin vəsaitin 4 mlrd. 429 mln. manatı ərzağa, 549 mln. manatı spirtli içki və tütün məmulatlarına, 514 mln. manatı isə yanacağa xərclənib.

Vəsaitin 216 milyon 100 min manat isə sırf əczaçılıq məhsulları və tibbi ləvazimatlara sərf edilib.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

Bildirilir ki, bu, 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 1,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4,7 faiz azalıb: "Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,1 faiz artıb. Alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6 faizi ərzaq məhsullarının, 5,8 faizi içkilər və tütün məmulatlarının, 16,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub”.

Statistika Komitəsi bildirib ki, 3 ay ərzində bir nəfər orta hesabla ayda 318.1 manatlıq, o cümlədən 172.9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 145.2 manatlıq qeyri-ərzaq malları alıb.

İqtisadçı Natiq Cəfərli deyib ki, dünyada kasıblığı ölçən ən vacib indikatorlardan biri əhaliyin ərzaqa xərclədiyi vəsaitdir.

Əgər əhali qazancının 20-25 faizindən çoxunu ərzağa xərcləyirsə, deməli, o ölkə kasıbdır: "Məsələn, 100 il əvvəl ABŞ-da əhali qazancının 50 faizini yeməyə, ərzağa xərcləyirdi. 2019-cu ildə isə bu 10.5 faiz olub. Yəni ABŞ əhalisi son 100 ildə kasıblıq səviyyəsini xeyli azaldıb”.

İqtisadçı bildirib ki, bu baxımdan Avropa Birliyi ölkələri arasında ən yaxşı göstərici Lüksenburqdadır. Bu ölkədə əhali qazancının cəmi 8,4 faizini ərzağa xərcləyir: "İrlandiyada bu 11.5, Almaniyada isə 11.7 faizə bərabərdir. Türkiyədə bu rəqəm 25, Rusiyada isə 35 faizə yaxındır. Demək istəyirəm ki, Azərbaycan əhalisi kasıbdır. Əgər o, qazancının 70-75 faizini ərzağa, dərmana, yanacağa, kommunal xidmətlərə xərcləyirsə, deməli, təhsilə, mədəniyyətə, kitaba, teatra, kinoya, muzeyə xərcləməyə pulu qalımır”.

Sonda Natiq Cəfərli deyib ki, təhsil və mədəniyyətə az pul xərcləyən toplum inkişaf edə, kasıblığın daşını ata bilmir.(Meydan tv)