Natiq Cəfərli: "ReAl 36 seçki dairəsini qazandı"

Natiq Cəfərli:

27-08-2021 16:42 / Bu xəbər 2198 dəfə oxundu

Natiq Cəfərli: "Həmin dairələr üzrə 9 katiblik də qazanmışıq"

ReAl Partiyasına 36 seçki dairəsində (DSK) yer verilib.

Bu barədə ReAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli məlumat yayıb.

O bildirib ki, partiya 36 dairənin 9-da katiblik qazanıb və nümayəndələr artıq təsdiqlənib: "Qanunların bizə verdiyi imkanlardan sonuna qədər istifadə edərək 36 DSK-da öz nümayəndəmizi təyin etdik. Bu dairələrin 9-da katiblik də qazandıq".

Partiya təmsilçisi deyib ki, artıq növbəti mərhələyə start verilib: "Məntəqə seçki komissiyalarında 1000-ə yaxın üzv təyin etmək hüququmuz var. Qanunlara görə, məntəqə seçki komissiyasının üzvləri də partiyanın rəsmi üzvü olmamalıdır, amma bizim təqdimatla təyin edilməlidir".

"Ölkədə seçki mövzusunu həmişə diqqətdə saxlayırıq, məmləkətdə pozitiv dəyişikliklərin seçki dalğası fonunda, seçkilər vasitəsi ilə həyata keçirilməsinə inanan, bunun üçün çalışan təşkilatıq. Biz oturub YAP-dan, hakimiyyətdən gözəl seçki mühiti gözləyən, buna inanan siyasi təşkilatlardan deyilik. İnanırıq ki, seçkinin şəffaf, doğru-düzgün keçirilməsində cəmiyyətin, seçicinin, vətəndaşın, müxalifətin də əməyi, payı, inadı, israrı, fəaliyyəti olmalıdır", - deyə Natiq Cəfərli qeyd edib.

Onun sözlərinə görə, ReAl seçki prosesi ilə bağlı bütün ölkə vətəndaşların müraciət ünvanlayıb: "Bütün vətəndaş cəmiyyətinə, aktiv vətəndaşlara, seçkidə müşahidəçi olmaq istəyən, bu günə qədər fəaliyyətimizi tənqid edən, amma seçki institutunun vacibliyinə inanan hər kəsə müraciət edirik ki, məntəqə seçki komissiyalarına üzv olmaq istəklərini bildirsinlər. Biz hər müraciət edən aktiv vətəndaşı komissiya üzvlüyünə təqdim etməyə hazırıq".

2009-cu ilin yanvar ayında hərəkat olaraq təsis edilən ReAl Partiyası 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınıb.