NATO Ukraynanın Rusiyaya hücumlarına haqq qazandırıb
01-06-2023 16:39 / Bu xəbər 607 dəfə oxundu
"Kiyevin özünü müdafiə etmək hüququ var"
Bunu iyunun 1-də NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya təşkil olunan hücumlarla bağlı açıqlamasında bildirib.
Stoltenberq vurğulayıb ki, NATO-nun mövqeyi dəyişməzdir: Kiyevin özünü müdafiə etmək hüququ var.
"Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”, - deyə o qeyd edib.
Baş katibin sözlərinə görə, Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir: "NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”.
Bundan əvvəl Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmədiyini bildirmişdi.
"Vaşinqton Ukraynaya əsas silah tədarükçüsüdür - bir şərtlə ki, ölkə ondan özünü müdafiə etmək və Rusiya qüvvələri tərəfindən işğal olunmuş Ukrayna ərazilərini geri almaq üçün istifadə etsin. Ukrayna Rusiya ərazisinə hücumlar üçün Amerikanın verdiyi heç bir silahdan istifadə etməməyə razılaşıb", - Ağ Evin mətbuat katibi Karin Jan-Pyer mayın 31-də verdiyi açıqlamada bildirib.
Rusiya Müdafiə Nazirliyi mayın 30-da Moskva şəhərinə pilotsuz uçuş aparatları ilə hücumlar təşkil olunduğunu açıqlayıb.
Rusiya tərəfi bu hücumlara görə, Kiyevi ittiham edib.
Ukrayna rəsmiləri isə hücumda hər hansı iştirakı inkar ediblər.