Navalnı səhhəti barədə: "Artıq yataqdan qalxanda ağrıyıram"

Navalnı səhhəti barədə:

27-03-2021 13:49 / Bu xəbər 2145 dəfə oxundu

Rusiyada həbsdə olan müxalifət lideri Aleksey Navalnının səhhəti pisləşib. 

Bu barədə o, martın 27-də özünün "Instagram" hesabında məlumat verib. 

"Ya qoyun bura həkim gəlsin, ya da dərman verin. Vermirlər. Artıq yataqdan qalxmaq əziyyətlidir, çox ağrıdır. Şikayətə qulaq asır, amma heç nə etmirlər", - deyə o qeyd edib. 

Çərşənbə günü müxalif liderin vəkilləri onun səhhətinin pisləşdiyini xəbər vermiş və həbsxanada onunla görüşə icazə verilmədiyini açıqlamışdılar. Sonradan məlum olmuşdu ki, həmin gün Navalnı MRT analizindən keçib, amma diaqnozun nəticəsi açıqlanmayıb. Həbsxana rəhbərliyi məhkumun səhhətinin qənaətbəxş olduğunu açıqlamaqla kifayətlənib. 

Navalnının həbsxanada kürəyində ağrılarının başlanması barədə hələ 25 fevral tarixində xəbər verilmişdi. Həmin vaxt o, Seçenov universitetindən dəvət olunan mütəxəssisin onu müayinə etməsini tələb etmiş, amma penitensiar xidmət və həbsxana rəhbərliyi buna icazə verməmişdi. 

Navalnı hesab edir ki, yanına mütəxəssin buraxılmasına verilən rədd cavabı, həmçinin lazımi müalicədən məhrum olması insani hüqularının pozulması və ona məsxərə etmək mənasına gəlir. 

Navalnı həmçinin həbsxanada onun "qaçmağa meyillilər" siyahısından çıxarılmasını tələb edib, çünki hazırda onu hər saatda bir dəfə yoxlayırlar, "bu da yuxusuluq kimi işgəncəyə gətirib çıxarır". 

Bu məlumatların ortaya çıxmasından sonra müxalif liderin həyat yoldaşı Yuliya onu  "dərhal azad etmək" tələbiylə prezident Vladimir Putinə çağırış edib. 

Kremlin sözçüsü Dmitri Peskov isə bu çağırışa reaksiya verməyəcəklərini bildirib və Navalnı ilə əlaqədar sualları müvafiq federal xidmətə ünvanlamağı təklif edib.///toplum.tv