Naxçıvanda həkimlər xərçəngi “pnevmoniya” kimi qiymətləndirib: xəstə vəfat edib
09-10-2023 17:51 / Bu xəbər 813 dəfə oxundu
Prokurorluq cinayət işi açdığını deyir
Naxçıvan Muxtar Respublikasında (MR) həkimlər xərçəng xəstəliyini "pnevmoniya” kimi qiymətləndiriblər.
Bildirilir ki, ağciyərdəki patoloji kölgəliyi isə göbələk infeksiyası kimi dəyərləndiriblər.
Bu barədə Naxçıvan MR-in Prokurorluğu məlumat yayıb.
Qeyd olunur ki, nəticədə xəstə vaxtında lazımi müalicə almadığına görə həyatını itirib.
Söhbət Naxçıvanın Culfa rayonunun Gülüstan kənd sakini Elməddin Vəliyevdən gedir.
O, Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Kardioloji Mərkəzində vəfat edib.
Elməddin Vəliyevin ölümüylə bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılıb.
"Araşdırma zamanı toplanmış sübutlara əsasən, Elməddin Vəliyevdə aşkar edilmiş sağ ağciyər xərçənginin həkimlər tərəfindən "pnevmoniya” kimi qiymətləndirilməsi, patologiyanın müalicə tədbirlərindən kənarda qalması, sağ ağciyərdə aşkar edilmiş patoloji kölgəliyin göbələk infeksiyası kimi qiymətləndirilməsi nəticəsində onun düzgün müalicə olunmamasına əsaslı şübhələr müəyyən edilib”, – prokurorluğun məlumatında deyilir.
Fakta görə Naxçıvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
İstintaqın davam etdiyi bildirilir.