Naxçıvanda “Talıbovlar”a aid 1,56 milyon manatlıq yeni şirkət

Naxçıvanda “Talıbovlar”a aid 1,56 milyon manatlıq yeni şirkət

20-12-2024 17:56 / Bu xəbər 89 dəfə oxundu

Vəzifədən kənarlaşdırılandan sonra biznesinin qürubunu yaşayan "Talıbovlar ailəsi” yenidən biznes yüksəlişində

28 noyabr 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Şahbuz Office” MMC (VÖEN: 0201657711) adlı şirkəti dövlət qeydiyyatına alıb

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, yeni şirkət 1 milyon 560 min manat nizamnamə kapitalına sahibdir. 

Şirkətin qanuni təmsilçisi isə Qəhrəmanov Hünbət Elçin oğludur. Şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, Nəsirəddin Tusi 4 ünvanıdır.

Muxtar respublikanın sabiq daxili işlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı quran Hünbət Qəhrəmanovun Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağı olduğu deyilir. 

Onun atası Elçin Hünbətalı oğlu Qəhrəmanov isə uzun müddət Naxçıvan Muxtar Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri olub.

Bildirilir ki, Hünbət Qəhrəmanov uzun müddət ərzində "Talıbovlar” ailəsinin biznesini idarə edib. 

Naxçıvanda 2022-ci ilin dekabr ayında, düz iki il öncə ciddi kadr dəyişikliklərindən sonra "Talıbovlar”a məxsus olan biznes obyektləri transformasiyaya məruz qalmışdı, yəni əl dəyişdirmişdi. Məsələn, 2023-cü ildə məşhur "Badamlı Mineral Sular” MMC Hünbət Qəhrəmanovun əlindən alınaraq 6 fərdi sahibkara satılmışdı.

Qardaşı Elgün Qəhrəmanov da ailə biznesini idarə edənlərdən biridir. Belə ki, Elgün Qəhrəmanov "Bahar Karqo MMC”-nin qanuni təmsilçisidir. 

Şirkət 4 may 2021-ci ildə qeydiyyata alınıb, nizamnamə kapitalı isə 10 AZN-dir. 

Bu arada Vasif Talıbovun qızının adı da Baharxanım Talıbovadır.

Bundan əlavə, eyni tarixdə və eyni ünvanda (N. Tusi ev 4 ünvanında) 600 min manat nizamnamə kapitalı ilə "Region Property” MMC (VÖEN – 0201657841) adlı şirkət də qeydiyyata alınıb. 

Bu şirkətin qanuni təmsilçisi isə "Naxçıvanbank” ASC-nin hüquqi varisi olan "E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin İdarə heyətinin sədri İsa Bünyad oğlu İsayevdir. 

İsa İsayev uzun illər Vasif Talıbovun ailə üzvlərinə aid olan "Naxçıvanbank” ASC-nin rəhbərliyində təmsil olunub.

Eyni tarixdə 1 milyon 700 min manat nizamnamə kapitalı ilə "Head Property” MMC (VÖEN – 0201658481) adlı şirkət də qeydiyyata alınıb. Onun da qanuni təmsilçisi İsa Bünyad oğlu İsayevdir. 

O, deputat kimi altıncı çağırış (2020-2024-cü illər) Naxçıvan Muxtar Respublikası Ali Məclisində İqtisadi siyasət komitəsinin sədri olub.

Mənbə: Meydan TV