Naxçıvandan şikayət var
30-03-2022 16:54 / Bu xəbər 3710 dəfə oxundu
Bir neçə gün öncə Naxçıvan şəhərində narkotik ittihamı ilə Vurğun Əliyev adlı gənc saxlanılıb.
Yaxınları onun şərləndiyini deyir.
Daha sonra işgəncə yolu ilə bu gəncdən bütün dost-tanışlarının adını öyrənib, onları da Naxçıvan Şəhər Polis Şöbəsində gətiriblər.
Burada Vurğun Əliyev və onun 21 dostuna əlavə işgəncələr verilib.
Dostlardan ya Vurğun Əliyevlə "cinayət ortaqlığı"nı boyunlarına almağı, ya da hərəyə 4 min manat verib, canlarını qurtarmaq tələb olunub.
Bu haqda "Gündəlik Naxçıvan"a zərərçəkənlərin yaxınları məlumat verib.
Onların sözlərinə görə, V. Əliyev də daxil, işgəncə yolu ilə 22 nəfərin hər birindən 3-4 min manat arası rüşvət aldıqdan sonra, onları azadlığa buraxıblar: "Tutulanların hamısı Şərur rayonundandır: 15 nəfər Çomaxtur, 7 nəfər isə Zeyvə kəndindən. Öncə Vurğunu şəhərdə gəzərkən, polislər cibinə nəşə atıb tutublar. Sonra onu Naxçıvan Şəhər Polis Şöbəsinə aparıblar. Burada ona işgəncə verib, son bir il ərzində onunla yaxınlıq edən 21 nəfərin adını öyrəniblər. Daha sonra onu məcbur ediblər ki, guya narkotiki dost-tanışları ilə birlikdə İrandan gətirməsi ilə bağlı izahat versin. Həmin izahat əsasında 21 nəfəri tutub polisə gətiriblər. Burda da hamısına 3-4 gün olmazın işgəncələr verib, pul tələb ediblər. Hər kəsin qohum-əqrabası yığılıb, borc-xərc, kreditlə tələb olunan pulu düzəldib, veriblər. Ümumilikdə 70 min manatdan artıq pul toplanıb. Bu pulu verdikdən sonra, hamısı evə buraxılıb".
Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən şikayətçilərdən biri iddi edir ki, bu şərləmə olayının arxasında Naxçıvan DİN durur: " Vurğuna görə bizim qohumu da tutmuşdular. Getdik, polisdə müstəntiq dedi ki, 4 mini gətirməsəz, azadlığa buraxılması mümkün deyil. And-aman elədi ki, o puldan ona qəpik də çatmayacaq. Dedi ki, yeni təyin olunan daxili işlər naziri Rəşad İsmayılovun vəzifəyə gəlmək üçün çoxlu xərci çıxıb. İndi bizdən tələb edir ki, bu yollarla pul toplayıb, onun ziyanını ödəyək. 3 gün vaxt qoydular ki, hərəniz 4 min gətirməlisiz. Biz də kasıb adamlarıq. Bütün qohumlar yığışdıq, borc-xərc, kimi qoyun-keçisini satıb, birtəhər 3500 manat düzəltdik. Güclə bu qiymətə razı sala bildik".
"Gündəlik Naxçıvan" məsələyə münasibət öyrənmək üçün Naxçıvan Şəhər Polis Şöbəsi ilə əlaqə saxlayıb.
Şöbədən iddialara konkret münasibət bildirməsələr də, Naxçıvanda kiminsə şərlənərək həbs olunmasının mümkün olmadığını dedilər.












