Nazim Bəydəmirli həbsdə qaldı

Nazim Bəydəmirli həbsdə qaldı

10-07-2023 19:45 / Bu xəbər 1005 dəfə oxundu

Keçmiş deputatla bağlı apelyasiya şikayəti təmin olunmadı

İyulun 10-da Bakı Apelyasiya Məhkəməsində keçmiş deputat və iş adamı Nazim Bəydəmirli haqqında həbs qərarından verilmiş şikayətə baxılıb. 

Hakim Anar İbrahimovun sədrliyilə keçirilən məhkəmə prosesinin sonunda apelyasiya şikayəti təmin olunmayıb – Nazim Bəydəmirli haqqında istintaq getdiyi müddətdə onun həbsdə saxlanmasına dair Nərimanov Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qapalı keçirilən məhkəmə prosesində keçmiş deputatın özü də iştirak edib.

Onun vəkili Aqil Layıc Meydan TV-yə bildirib ki, həbs qərarlarında şikayət vermək üçün apelyasiya məhkəməsi ölkə daxilində sonuncu instansiyadır. 

Vəkili növbəti hüquqi addım olaraq, müvəkkilinin ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət vermək niyyətindədir: "Nazim Bəydəmirlinin ev dustaqlığına buraxılması üçün müraciət edəcəyik”.

İyunun 4-də saxlanılan keçmiş deputat haqqında bir gün sonra 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Nazim Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

İş adamı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandıqdan az sonra Daxili İşlər Nazirliyi açıqlama yayaraq, Nazim Bəydəmirlinin şikayət əsasında araşdırmaya cəlb olunduğunu açıqlayıb: "Vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək, ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də Nazim Bəydəmirliyə 10 min manat versə də, qalan məbləği vermədiyinə görə o, şikyətçini ailəsi ilə şantaj edərək, rüsvayedici görüntüləri yayacağını bildirib. Hazırda Nazim Bəydəmirli bu müraciət əsasında saxlanılıb. Araşdırmalar davam etdirilir”.

Nazim Bəydəmirli isə bildirib ki, ona qarşı irəli sürülmüş ittiham tamamilə əsassızdır. 

O, nə kimisə hədələyib, nə də pul tələb edib. 

Onun sözlərinə görə, zərərçəkmiş qismində tanınan, hədə-qorxu ilə pul tələb etdiyi iddia olunan şəxslə eyni şirkətdə payçı olub. 

Sabiq deputat vurğulayıb ki, əksinə, o, şikayətçi idi və bir müddətdir araşdırma gedirdi. İyulun 4-də araşdırma adıyla onu çağırıb, özünü cinayət məsuliyyətinə cəlb ediblər.

Nazim Bəydəmirlinin ittiham olunduğu Cinayət Məcəlləsinin 182.2.4 maddəsində 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.