Nazim Bəydəmirli ilə bağlı məhkəmə qərarı niyə icra edilmir?

Nazim Bəydəmirli ilə bağlı məhkəmə qərarı niyə icra edilmir?

23-08-2023 00:41 / Bu xəbər 852 dəfə oxundu

Məlum olduğu kimi, keçmiş millət vəkili, iqtisadçı Nazim Bəydəmirlinin barəsində 6 iyul 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilib. Əlbəttə, heç kəsdə şübhə yoxdur ki, irəli sürülən ittihamın (hədə-qorxu ilə tələb etmə) hüquqi yox, siyasi əsası var. O da sirr deyil ki, keçmiş millət vəkili Gədəbəy rayonu, Söyüdlü kəndində baş verən ekoloji problemləri məlum hadisələr yaşananadək də sosial şəbəkələrdə, KİV-də qaldırıb, adiiyyəti dövlət orqanlarının qanunazidd hərəkət, ya da hərərkətsizliyini tənqid edib. Etirazçılara, kənd əhlinə divan tutulanda ilk səsini qaldıran ziyalılardan olub, ayrı-ayrı platformalarda etiraz səsini yüksəldib".

Hquq müdafiəçisi Rüfət Səfərov belə deyir. 

"Elə buna görə də rəsmilər cin atına miniblər, dövlət başçısı İlham Əliyevi inandırıblar ki, Söyüdlüdəki aksiyaların təşkilati-texniki tərəflərini keçmiş millət vəkili təmin edib.
Təxmin edirəm ki, dövlət başçısı bərk hirslənib və deyib: "Onu tutun, atın içəri!” - deyə o bildirib. 

Rüfət Səfərovun sözlərinə görə, daxili işlər naziri Vilayət Eyvazov da tabeliyindəkilərə əmr verib, heç bir hüquqi əsas, ya da səbəb olmadan ziyalı insan cəmiyyətdən təcrid edilib: 

"Bütün bunlar azlıq edirmiş kimi, Nazim bəy bir aya yaxın müddətdə həyat yoldaşı və övladları ilə görüşə, telefonla danışa, sovqat, bağlama və s. qəbul edə bilməyib. Baxmayaraq ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun tələbinə görə təqsirləndirilən şəxs həftədə 2 dəfə 15 dəqiqədən az olmamaqla telefonla danışa, ayda 4 dəfə 4 saatadək müddətə ləyaqətli şəraitdə və nəzarət altında görüşmək hüququna malikdir. Məsələ ictimailəşəndən sonra Penitensiar Xidmətin rəhbərliyi Nazim Bəydəmirlinin ailə üzvləri ilə danışmasına şərait yaradıb. 25 gündən sonra keçmiş millət vəkili 3-4 dəqiqəlik həyat yoldaşı Fəridə xanımla dərdləşib. Sonrakı günlərdə zənglərin sayı və danışıq müddəti artıb. Məlum olub ki, istintaqçılar qadağa qoyub, 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi də riayət edib. Belədə müdafiə tərəfi problemi məhkəmədə mübahisələndirib. İşə baxan Nərimanov Rayon Məhkəməsi qeyd edilən məhdudiyyətləri tamamilə aradan qaldırıb. Bir həftə ötməsinə baxmayaraq, məhkəmə qərarı hələ də icra edilmir.
"Səbir edin”, - deyilir.
Niyə?
Nə üçün?
Axı ailə üzvləri, həyat yoldaşı, oğlu, qızı Nazim bəy üçün çox narahatdırlar. Görmək istəyirlər. Haqlarıdır. İnsafınız olsun, heç olmazsa, ailə təmasına imkan verin. Bayaq Nazim müəllimin həyat yoldaşı Farida xanımla danışıram. "Çarəsiz vəziyyətdə qalmışıq... Üstəlik, öyrənmişəm ki, Nazim bəy 16 dustaqla birgə saxlanılır”, - deyir. Təsəvvür edin, yayın cırhacırı, 16 dustağın saxlandığı kamera". 
 
Nazim Bəydəmirli iyulun 4-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ("Bandotdel” kimi tanınır – red) çağrılaraq saxlanılıb. 

Ertəsi gün Nərimanov Rayon Məhkəməsinin qərarıyla onun barəsində həbs qətimkan tədbiri seçilib. 

O, həbs olunandan bu yana ailə üzvlərilə görüşə və telefonla əlaqə saxlaya bilmirdi. Onun görüş və telefon danışığı hüququ istintaq orqanının qərarıyla məhdudlaşdırılıb.

Vəkilləri məhdudlaşdırma qərarından məhkəməyə müraciət etmişdi. Avqustun 15-də Nərimanov Rayon Məhkəməsində bu məsələyə baxılıb. Məhkəmə məhdudiyyətin əsassız olduğu qənaətinə gəlib və onun aradan qaldırılmasına qərar verib.

Eyni gündə Nərimanov Rayon Məhkəməsində Nazim Bəydəmirlinin istintaq dövründə ev dustaqlığına buraxılması üçün vəkillərinin verdiyi vəsatətə də baxılıb. Lakin bu vəsatət təmin olunmayıb.

2005-2010-cu illərdə  104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Cinayət işinin materiallarında iddia olunur ki, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib.

Nazim Bəydəmirli ittihamı qəbul etmir, Söyüdlü etirazlarına görə həbs olunduğunu deyir.

Onun həbsindən bir neçə gün əvvəl hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində bir neçə nəfərin sırasında Nazim Bəydəmirlinin də adı hallandırılırdı.

Nazim Bəydəmirli özü də "Bandotdel”ə çağrılarkən oradan vəkilinə telefon zəngində Söyüdlü hadisələrinə görə saxlandığını bildirib.