Nazim Bəydəmirli məhkəmədə həbsinin səbəblərini açıqlayıb
24-06-2024 09:34 / Bu xəbər 600 dəfə oxundu
Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan iqtisadçı, Söyüdlü hadisələrinə görə özünü "ekologiya məhbusu" adlandıran Nazim Bəydəmirli Bakı Ağır Cinayətlər Məhkəməsində həbsinin səbəblərindən danışıb.
Nazim Bəydəmirli çıxışını həm də ictimaiyyətə ünvanlayıb.
O, məhkəmədəki çıxışında şərləndiyini və əsassız həbs olunduğunu deyib:
"Mənim haqqımda şikayətçi olan Ədalət Bağırov 2004-cü ildən tanıyıram. Belə ki, onun özünün verdiyi ifadədə olduğu kimi, bizim həmyerlimiz hakimlərdən biri tanış edib. Tanışlığımıza səbəb "Avto Qarant” ASC-nin dövlət mülkiyyətində olan 30 % səhmlərini mənim olmağımı təklif etməyi olub.
Bu təklifdən sonra bir neçə dəfə "Avto Qarant” ASC-nin yerləşdiyi ərazidə olmuşam, daxili audit təşkil etmişəm, əmlak balansına baxaraq 30% səhmlərin dövlətdən satın alınmasına razılıq vermişəm.
Dövlət Əmlak Komitəsinin səlahiyyətli şəxsləri ilə danışıqlardan sonra ilk olaraq 50 min ABŞ dolları ekvivalentində AZN avans ödəmişəm, daha sonra 70 min ABŞ dolları ekvivalentində AZN "Unibank” KB vasitəsilə açıq hərracın qalibi olaraq şəxsi vəsaitlərini Dövlət Əmlak Komitəsinə ödədikdən sonra "Avto Qarant" ASC-nin 30% səhmlərinə mülkiyyət hüququ qazanmışam.
Bir neçə ay sonra ASC-nin ümumi yığıncağı keçirilmiş və mən orada iştirak edən zaman bir neçə səhmdarın, o cümlədən Ədalət Bağırovun əmisi oğlu Aydın Xıdırovun Ədalətin adına rəsmiləşdirilmiş 61% səhmlərlə bağlı məhkəmə mübahisələrimin olduğundan ASC-nin cari fəaliyyətindən gələn gəlirlərlə bağlı mənimsəmələrin olduğu iddialardan xəbər tutmuşam.
Mən 2005-ci ilin sonunda keçirilən seşkilərdə Milli Məclisə deputat seçildiyim səbəbindən "Avto Qarant” ASC-nin idarə heyəti üzvlüyündən çıxmışam. Oradakı fəaliyyətə nəzarəti Ədalətə etibar etmişəm.
Ədalətin əmisi oğlu Aydın Xıdırovla məhkəmə çəkişmələri təqribən 2 ilə yaxın davam edib. Mən məlumatsızlıqdan hətta Ədalətə bəzi dəstəklər də vermişəm. Nəhayət, 2007-ci ilin sonlarında Aydin Xıdırovu mənim ofisimə ümumi tanışlarımızdan biri gətiririb. Ədalətin 61% səhmlərə necə sahib olmasını məhz onda Aydının dilindən eşitmişəm. Belə ki, 25 ildən artıq bir dövr ərzində ASC-nin rəhbərliyində işləmiş Aydın Xıdırov 2003-cü ildən keçmiş sədr Hacıvəlinin səhmləri satmaq istədiyini əmisi oğlu, Ədalətin böyük qardaşı Fazil Bağırovla birlikdə müzakirə edib, almağa razılaşıblar. Bu məqsədlə Fazil Bakıdakı 3 otaqlı mənzilini satıb, ASC-nin 4 "Qazel" markalı avtomobilləri də qiymətləndirilib. Ümumi olaraq Hacıvəliyə 45 min ABŞ dolları ödəyiblər, 20 min ABŞ dolları borcları qalıb.
Kimin adına rəsmləşdirmək məsələsinə gəlincə, Fazil Bağırov Türkmənistanda yaşadığından səhmlər Ədalət Bağırovun adına rəsmləşdirilib. Bir il Aydın və Ədalətin birgə idarəçiliyindən gələn gəlirləri də bölüşdürüblər. Aralarında yaranmış mübahisə Aydın Xıdırovu mülki qaydada səhmlərin bölüşdürülməsi iddiası ilə Xətai Rayon Məhkəməsinə müraciət etməyə məcbur edib.
Xətai Rayon Məhkəməsi Aydın Xıdırovun iddiasını təmin etsə də, daha sonar Apelyasiya Məhkəməsində Ədalət Bağırov əlaqə yaratdıqları hakim vasitəsilə Aydın Xıdırovu ASC-dən kənarlaşdırmağa nail olub. Bu iki əmioğlunun mübahisəsi düşmənçiliyə çevrilib. 2005-ci ildə onları barışdırmağa çalışsam da, buna nail ola bilmədim. Əksinə, 3 cü şəxslərin "köməyi” ilə Ədalət Bağırov Aydın Xıdırovun həbsinə nail ola bildi ki, guya Aydın xuliqanlıq edib, ASC-də Ədalətə xəsarət yetirib.
Mən bu vəziyyətdə yeganə çıxış yolu kim əmlakın bölüşdürülməsi və ASC-dən ayrılmaq üçün mülki qaydada məhkəməyə müraciət etdim. Çox təəssüf ki, bir vaxtlar Ədalət Bağırovla Aydın Xıdırovun məhkəmələrində hakim olmuş, Ədalətə kömək etmək üçün mənə də yalan məlumatlar verərək 30 faiz səhmi almağı xahiş etmiş Bakı Apelyasiya Məhkəməsinin hakimi iddialarımı məhkəmə yolu ilə reallaşdırmağıma mane oldu. Məhkəmə 2013 cü ilə qədər davam etsə də, mülki qaydada və ya sülh yolu ilə Ədalət Bağırov kimi şərikdən ayrılmağa nail ola bilmədim.
2013- cü ildən ASC-nin keçmiş sədri, Ədalətin qardaşı Fazil Bağırovun öz dilindən səhmlərin ona məxsus olduğunu bir daha eşitdim. Onda aralarında mübahisə yaranmışdı. Onunla razılaşdım ki, ASC-ni ümumi sataq və payımızı bölək. Bir ilə yaxın bu mövzuda danışsaq da, satışı reallaşdırmaq alınmadı. Sonralar məlum oldu ki, qardaşlar yenə ciddi mübahisə ediblər.
Fazil Bağırov 2016-ci ildə Ədalətdən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. Hətta bacısı, anası digər qohumları səhmləri faktiki sahibinin Fazil olduğunun desələr də, Ədalət məsuliyyətdən yayınmağa nail ola bilib. Fazil Bağırovun özünün dediyinə görə, müxtəlif instansiyalara şikayətlər versə də, səhmlərini geri almağa nail ola bilməmişdi.
Mənim də Xətai rayonu prokuroruna, Baş Prokurora, DİN strukturlarına Ədalət Bağırovun yaratdığı mütəşəkkil dəstə ilə bağlı müraciətlərim olub. Bu müraciətlərim həmin dəstənin - "Avto Qarant” ASC "idarəçiləri”nin mənə vurduğu milyonlarla manat zərərin alınması, mülkiyyət hüququmun məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı olub.
Bununla bağlı, Baş prokuror Kamran Əliyevin qəbulunda da olmuşam. Ona uzun illər ərzində Ədalət Bağırovun mənimsəmə, hüquqi sənədlərin saxtalaşdırılması, ikili mühasibatlıqdan istifadə və digər cinayətləri haqqında video sübutları, faktları şəxsən təqdim etmişəm. Bir neçə ay sonra Xətai rayon prokurorundan məktub almışıq. Həmin məktubda "məhkəməyə müraciət etməyimiz" tövsiyə olunur. Bundan sonra bir qrup səhmdarla Xətai Rayon Prokurorluğu qarşısına getmişəm, orada jurnalistlərə müsahibə verməyə çalışdım...
Sosial şəbəkədə ictimaiyyətə müraciət etdikdən sonra BŞBPİ-yə dəvət olundum. Rəhbərliyin qəbulunda oldum. BŞBPİ-də mənim ərizəmlə bağlı araşdırmalar aparılıb, Aydın Xıdırov da daxil olmaqla şahidlər ifadə veriblər, materiallar toplanaraq Prokurorluğa göndərilib. Bir neçə ay sonra təkrarən "məhkəməyə müraciət etməyiniz tövsiyə” olunub. Yenidən bütün olub-keçənləri yenə sosial şəbəkələrdə dəfələrlə yazmışam.
Bu arada Ədalətə 2003-cü ildən kömək edən keçmiş hakimin sonradan özünün dələduz olduğu üzə çıxdı. Məlum oldu ki, Aydın Xıdırov o hakimin məhkəmələrində iştirak edib, müstəqil iddiaçı kimi çıxış da edib. Amma növbəti məhkəmədən və BŞBPİ-də mənim ərizəmlə bağlı ifadə verəndən sonra Aydın Xıdırovun müəmmalı şəkildə avtoqəzada həlak olması məndə narahatlıqlar yaratdı.
Bu hadisədən sonra "Avto Qarant” ASC ətrafında mütəşəkkil cinayətkar dəstəsinin olmasına şübhəm qalmadığından 2022-ci ildə daxili işlər naziri cənab Vilayət Eyvazova müraciət etdim. Onun tapşırığı ilə BMCMİ-nin rəisi general Əbülfət Rzayev tərəfindən qəbul olundum. 2004 cü ildən baş vermiş hər şeyi qısa nəql etdim. O da istintaq idarəsinin rəisi Rəhman Kərimova: "Cənab nazirin tapşırığıdır, keçmiş deputat Nazim müəllimi qəbul et və araşdır, məruzə et”, - deyə tapşırıq verdi. Həmin gün Rəhman Kərimov müstəntiq Yusif Yusifova ərizəmi və izahatımı almağı tapşırdı. Ərizə və izahatımı verdim, vəkil vasitəsilə əlavə video subutları, faktları çatdırdıq. Bir neçə ay ərzində heç bir irəliləyiş olmadığından təkrar DİN-ə müraciət etdim.
Bir neçə dəfə "Facebook"da yazdıqdan sonra müstəntiq məni idarəyə dəvət etdi. Bu dəfə idarə rəisi Rəhman Kərimov: "Facebook"da tez-tez DİN haqqında yazırsan, başın ağrıyar”, - deyə hətta məni təhdid etməkdən belə çəkinmədi. "Sizin işinizə məhkəmə baxıb, mülki işdir”, - deyə eyham vurdu ki, çıxıb gedə bilərsən. Bu xoşagəlməz söhbətdən sonra "Avto Qarant” ASC-yə son həftə müstəntiqin təklifi ilə göndərdiyim nümayəndəm Şaiq Abdullayevdən Ədalətin "mesajını” aldım: "Nazim hara şikayət etsə də, xeyri yoxdu. "Bandotdel"ə şikayət etdi, 2-3 aylıq icarə pulunu verdim, həll etdim".
Bu mesajdan sonra cənab Vilayət Eyvazovun şəxsi qəbuluna yazıldım. Sabirabad rayonunda keçirilən 17 aprel 2023 tarixindəki vətəndaşların qəbulu vaxtı təkrar şikayətimi şəxsən verdim. Daha bir ay gözləyəndən sonra, yenidən "Facebook"da qəbuldan bu qədər çox vaxt keçdiyinə görə şikayətimin aqibətini soruşdum. Bu dəfə yenidən Əbülfət Rzayev tərəfindən qəbul olundum. Mənə Rəhman Kərimovun və Ədalət Bağırovun dediklərini bir daha generalın diqqətinə çatdırdım. O da öz növbəsində: "Ədaləti də dəvət edin, müstəntiqi Ayaz Bayramovla əvəzləyin, hamını yığın, istintaqı özüm aparacağam”, - deyə Rəhman Kərimova göstəriş verdi.
Günün ikinci yarısında mən nümayəndəm Şaiq Abdullayev, Ədalət Bağırov, Rəhman Kərimov, Ayaz Bayramov və Yusif Yusifov BMCMİ-nin toplantı otağında general Əbülfət Rzayev tərəfindən təkrar sorğu-sual olunduq. Bizi dinləyəndən sonra: "Ədaləti saxlayın, sənədləri ASC-dən toplayın, şahidləri dindirin, tam məlumatları toplayın və məruzə edin”, - deyə tapşırıq verdi. Bütün bunlardan sonra artıq ümidim var idi ki, obyektiv araşdırma aparılacaq, hər həftə müstəntiq Ayaz Bayramovla danışmağa davam etdim, şahidlərimizi, sənədləri, videoları təkrarən təqdim etdim. Bununla yanaşı, dəfələrlə demişəm ki, mən Ədalətin həbs olunmasını deyil, şərikliyin sonlandırılmasını, payımızın ümumi satışdan sonra bölüşdürülməsini istəyirəm.
Fazil Bağırovun Ədalət Bağırov haqqında verdiyi şikayət əsasında toplanmış materiallar BŞBPİ-dən BMCMİ-nə gətirildi, harada ki, notarial arxivdən satılan evin pulunu Ədalətə verilməsi təsdiq olunur. Həm də hər ikisinin doğma bacıları, anaları ifadələri və video yazı ilə bildirirlər ki, səhmlərin pulunu bütövlükdə Fazil Bağırov verib və səhmləri qardaşının adına rəsmləşdirərək ona etibar edib. Bu qədər faktların, maddi sübutların ortada olmasına rəğmən ASC-nin uzun müddət, yəni 2005-ci ildən 2019-cu ilə qədər idarə heyətinin sədrləri olmuş Elmar Musayev, Rahib Novruzov Ədaləti mənimsəmələri, hüquqi sənədlərin saxtalaşdırılması barədə ifadələr vermişlər.
Mənim həm BŞBPİ-də, həm də BMCMİ verdiyim şikayətlər müstəntiq Ayaz Bayramovda ola-ola heç bir prosessual hərəkətlər etməmiş, iyun ayının ortalarında mənə Ədalətlə görüşərək ASC-nin satışını birgə razılaşdırmağı təklif etmişdir.
Müstəntiqin bu təklifinə də razı olaraq, bir neçə dəfə ASC-yə alıcılar aparmışam, Ədalətlə qısa söhbətlər etmişəm, Fazilin də dəvət olunaraq halallaşmasının vacib olduğunu demişəm. Bu ərəfələrdə Gədəbəy rayonunda "Qızıl Emalı” zavodu ilə Söyüdlü kənd əhalisinin ekoloji problemlər üzərindən qarşıdurması, polislərin müdaxiləsi haqqında sosial şəbəkələrdə videolar yayımlanıb.
Azərbaycanda hər kəs kimi, mən də bu qarşıdurmadan ertəsi gün "Facebook"da xəbər tutmuşam, 2009-cu ildə o zavodun açılışında cənab prezidentlə birgə millət vəkili olaraq iştirak etdiyim haqqında status paylaşmışam. Mənə yerli və xarici KİV nümayəndələri çox saylı müraciətlər etmişlər, video müsahibələr götürüblər. Həmin müsahibələrdə texnoloji qəzanın günahkarının xarici istismarçı şirkətin olma ehtimalından, sakinlərə Dövlət Komissiyasının və cənab prezidentin verəcəkləri rəyləri gözləməyi, polislə qarşıdurmaya getməməyi tövsiyə etmişəm.
Çıxışlarımda xalqın, dövlətin və yerli sakinlərin maraqlarını önə çəkmiş, xarici şirkətə dövlətin və xalqın maraqlarını qorumasını tövsiyə etmiş, həmçinin 2009-cu ildə bununla bağlı cənab prezidentin tapşırdığının şahidi olduğum haqda məlumat vermişəm. Eyni zamanda, ekoloji məsələlərin necə vacib olduğunu belə zavodların timsalında misallarla, faktlarla ətraflı şərh etmişəm.
Bu çıxışlarımdan 2 gün sonra mənim haqqımda yerli saytların birində qara PR kampaniyası aparılmışdır. Həmin yazılarda qeyd olunur ki, guya Gədəbəydəki qarşıdurmanın təşkilatçılarından, koordinasiya edənlərdən biri də keçmiş deputatdır, yəni mənəm.
Məni və keçmiş başçını, onun oğlunu "koordinator” qismində göstərərək hədəf seçiblər. Bu böhtan kompaniyasını aparanlara qarşı məhkəmədə iddia qaldırsam da, artıq "çamur at, yapışmasa da, izi qalar” prinsipi ilə hərəkət edənlər mənim həbsimin lap yuxarıdan sifariş verilmış kimi qəbul edib hazırlıq görüblər. Heç bir dəlil, sübut olmamasına baxmayaraq BMCMİ-nin müstəntiqi Ayaz Bayramov 4 iyul tarixində general Əbülfət Rzayevin qəbul günü - saat 16:00 da idarəyə gəldiyimi nəzərə alaraq, əvvəl otağına dəvət edib qəbulu gözləməyi təklif edib, saat 18: 00-da qəbul bitdikdən sonra isə Ədalət Bağırov şikayət ərizəsi yazıb ona izahat verməli olduğumu bildirib.
Bir neçə saat məni idarədə qanunsuz saxlayarq vəkil təklif etdilər. Mən öz vəkilimi tələb etdikdən sonra təqribən saat 21 radələrində məni şübhəli şəxs qismində Ədalətin ərizəsi əsasında saxladılar. Səhərisi günü heç bir maddi sübut olmaya-olmaya qondarma cinayət işi üzrə məhkəməyə çıxarıb 4 ay həbs qətimkan tədbiri seçməklə tutulmağıma nail oldular.
Daha sonra 3 dəfə həbs müddətimi uzadıb 10 ay həbsdə saxlanılmağıma nail olublar, həmişə də deyiblər: "Bizlik bir şey yoxdur, tut deyiblər tutmuşuq, indi də dur deyiblər, durmuşuq”.
Ayaz Bayramov dekabr ayında 6 dəfə təcridxanada mənimlə görüşərək inandırmağa çalışıb ki, onlarlıq bir iş yoxdur, yuxarının sifarişidir və çalışacaq ki, Yeni ilə qədər həbsi başqa qətimkan tədbiri ilə əvəzləsinlər, hətta bir neçə dəfə qayınatamı idarəyə dəvət ediblər, ictimailəşdirdiyinə görə bir az səbir etməyi xahiş ediblər. Yeni ildən həmən sonra işə xitam veriləcəyini söyləsə də, ailəmizi dəfələrlə aldadıb.
Yanvarın 16-da yenə yanıma gələrək işin məhkəmə vasitəsilə bəraətverici əsəslarla xitam edilməsinə razılığımı istəyib. Bütün bu görüşlər qeyri-rəsmi, vəkilsiz baş tutub. Mən də öz növbəmdə söz vermişəm ki, heç kəsdən şikayətçı olmayacağam, ancaq yenə də verdiyi sözü tutmayıb. Sonuncu dəfə aprelin 6-da görüşmüşük, bu gəlişində yenə işin xitam verilməsi üçün məndən ərizə alıb, ancaq məlum olduğu kimi təqdim etməyərək, cinayət işi ilə tanış etməyərək Baş prokururun müavinin imzası ilə təsdiq olunaraq iş məhkəməyə göndərilib.
Artıq məhkəmənin üçüncü iclasında "zərərçəkən” Ədalət Bağırovun məhkəməyə ifadəsindən mənə məlum olmuşdur ki, guya "mən Ədalətə homeseksulların videosunu telefonda göstərərək ondan 50 min manat pul tələb etmişəm. O da fikirləşib, daha doğrusu, ehtimal edib ki, mən onun başının şəklini həmin videoya montaj edib, yayaraq onu rüsvay edə bilərəm. Ona görə də 24 iyun tarixində saat 18:30-da mənə evində 10 min manat pul verib. Daha sonra mən onu narahat etdiyimdən BMCMİ-yə ərizə verərək məndən şikayət edib.
İttiham aktı mənim əlimə çatandan sonra müstəntiqin gəldiyi nəticədən məlumat almışam. Belə ki, "şahidlər” qismində 4 nəfər - hansılar ki, Ədalətdən asılıdılar və ASC-də onun tabeliyində işləyənlərdir - "ifadələri"ndə bildirirlər ki, Ədalət onlara mənim tərəfimdən şantaj olunduğunu deyib və 10 min manat məcbur olaraq verdiyinə inandırıb. Yəni bütün cinayət işi Ədalət Bağırovun şərindən, böhtanından ibarətdir. Heç bir maddi sübut olmaya-olmaya Ayaz Bayramov Ədalətin üzədurmasını mötəbər sübut hesab edərək cinayət işini məhkəməyə göndərmək üçün Baş Prokurorluğu da inandırıb.
Azərbaycanda hər kəsə aydındır ki, mən şərlənmişəm, yerli və xarici hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus olaraq sifarişlə həbs olunmağım haqqında rəy formalaşıb. Mən ilk gündən özümü "ekologiya məhbusu” hesab edirəm və güman edirəm ki, cənab Prezidentə Gədəbəy hadisələri haqqında ilk günlər doğru olmayan məlumatlar verilib, həmçinin mənim haqqımda "maraqlı şəxslər” qara PR apararaq həbsmə razılıq almağa nail olublar və məni uzun müddət izolyasiya etməyə nail olublar. Ancaq cənab Prezidentin həbsimdən bir həftə sonra Gədəbəy hadisələrindən danşması, hər şeyi aşkara çıxarmışdır. Belə ki, cənab Prezidentin fikirləri ilə mənim çıxışlarım fərqli vaxtlarda olsa da, demək olar ki, yüz faiz üst-üstə düşüb.
Necə deyərlər, artıq gec idi, və mən Prezidentin çıxışını Kürdəxanı istintaq təcridxanasının kamerasında (765-ci) dinlədim və tezliklə hər şeyin aydınlaşacağına, azad olunacağımı düşünürdüm. Təəssüf ki, məni qanunsuz, qondarma cinayət işi ilə həbs edənlər, "ictimailəşib və bir az səbr edin” deyərək 11 aydan çoxdur ki, məni ailəmdən, cəmiyyətdən təcrid ediblər.
Dəfələrlə söylədiyim kimi, mən 2005-ci il Milli Məclis seçkilərində cənab Prezidentin "demokratik seçki keçirilsin" tapşırığına inanaraq qatılmışam. Namizəd olduğum 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən hakimiyyət seçilməyimə mane olmayıb. Buna görə də Prezident İlham Əliyevin tapşırığını təqdir etmişəm və unutmamışam. Bu günə qədər bütün çıxışlarımda, o cümlədən sonuncu publik yazı və musahibələrimdə dövlətin, xalqın mənafeyinə zidd heç nə deməmişəm.
Hörmətli ictimaiyyət nümayəndələri!
Mən həmişə əxlaqlı, nümunəvi ziyalı olmağa çalışmışam, 2004- cü ildə böyük səhv edib dərindən tanımadığım Ədalət Bağırovla "Avto Qarant" ASC-də şərik olmuşam. Yuxarıda qeyd etdiyim kimi, başıma olmazın problemləri gətirib, əgər dövlətimizin məsul şəxsləri razı olsalar, mən halal pulumla aldığım həmin 30% iqtisadiyyat Nazirliyinin ƏMDX-nə əvəzınə geri qayatrıram. İcazə verirəm ki, yeni hərrac keçirib Ədalət Bağırova daha münasib şərik tapsınlar. Bu illər ərzındə Ədalət Bağırovun mənə məhkəmələrdə, prokurorluqda, polislərdə qalib gəlməyimin əsl səbəbi ikimizin fərqli fəlsəfə daşıyıcısı olmağımızdandır.
Mən "Rüşvət qorxaqla quldur arasında gizli sazişdir" deyərək özümə məxsus olan sahibkarlıq fəlsəfəsinin daşıyıcısıyısam. Ədalət Bağırov isə "Pulunu ver, Ədaləti apar”, yəni "rüşvətini ver, haqlı çıxacaqsan" fəlsəfəsini tam mənimsəyib.
Mən yenə inanıram ki, məhkəmə, hüquq, mühafizə sistemində və dövlətin digər orqanlarında vicdanlı adamlar daha çoxdur, onlar zamanla hər şeyi yoluna qoyacaqlar ki, mənim yaşadığımı digər sahibkarlar yaşamasınlar.
KİV-dən QHT-lərdən, fəal vətəndaşlardan bu yazının geniş omasına görə üzr istəyirəm və daha çox adamlara çatsın deyə paylaşmalarını xahis edirəm.
Hörmətlə, Nazim Bəydəmirli".