Nazim Bəydəmirlinin oğlu ABŞ-da beynəlxalq konfransa qatılıb

Nazim Bəydəmirlinin oğlu ABŞ-da beynəlxalq konfransa qatılıb

11-12-2023 19:10 / Bu xəbər 915 dəfə oxundu

Hazırda həbsdə olan sabiq deputat, ekologoya məhbusu Nazim Bəydəmirlinin oğlu Cavid Bəydəmirli ABŞ-da beynəlxalq elmi konfransa qatılıb.

Gununsesi.info bildirir ki, Türkiyənin Koç Universitetinin doktorantı olan Cavid Bəydəmirli "Yüksək Performans üçün Beynəlxalq Konfrans Hesablama, Şəbəkə, Saxlama və Analiz” adlı konfransa qatılan azsaylı xarici vətəndaşlardan biri olub.

Nazim Bəydəmirli niyə həbs olunub? 

2005-2010-cu illərdə  104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir.

Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

İkinci ittiham bir neçə gün əvvəl verilib.

Əvvəlki ittihamda iddia olunur ki, sabiq deputat pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək ondan 50 min manat pul tələb edib.

Yeni ittihama görə isə Nazim Bəydəmirli guya 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində də hədə-qorxu ilə pul tələb edib.

Lakin o, ittihamların heç birini qəbul etmir, özünü "ekologiya məhbusu” sayır. 

Nazim Bəydəmirli Gədəbəyin Söyüdlü kəndində baş vermiş etirazlarla əlaqələndirilərək həbs olunduğunu deyir.

"Özü bu ittihamların hamısını qondarma hesab edir. Deyir ki, ekologiya məhbusudur və bu ittihamlar Söyüdlü hadisələrini pərdələmək üçündür”, – vəkili bildirib.

Bir müddət öncə "Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Nazim Bəydəmirlinin özünü "ekologiya məhbusu” adlandırdığına görə yeni ittihamlarla hədələndiyini açıqlamışdı.

Onun həbsindən bir neçə gün əvvəl hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində bir neçə nəfərin sırasında Nazim Bəydəmirlinin də adı hallandırılırdı.

Nazim Bəydəmirli özü də "Bandotdel” kimi tanınan Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə çağrılarkən oradan vəkilinə telefon zəngində Söyüdlü hadisələrinə görə saxlandığını bildirib.