Nazim Bəydəmirlinin vəziyyətinin pisləşdiyi bildirilir
29-01-2025 19:37 / Bu xəbər 218 dəfə oxundu
Onun dekabrın 27-dən bəri hələ də həkim müayinəsindən keçirilməyib
Keçmiş deputat, hazırda həbsdə olan iqtisadçı Nazim Bəydəmirlinin vəziyyətinin pisləşdiyi bildirilir.
Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli sosial şəbəkədə yazıb.
"Bu gün (yanvarın 29-da) Nazim zəng elədi, səhhəti ilə bağlı narahatlığı davam edir. Ürəyindən və sol ayağının tutulmasından şikayət etdi”, – Fəridə Bəydəmirli yazıb.
Bildirib ki, Nazim Bəydəmirlinin səhhəti ilə əlaqədar 2024-cü il dekabrın 27-də Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Cəmil Kamillinin qəbulunda olub.
Həyat yoldaşının səhhəti ilə bağlı məlumat versə də, Nazim Bəydəmirli hələ də həkim müayinəsindən keçirilməyib: "Nazimin səhhətində yaranmış ciddi sağlamlıq problemləri haqqında danışmışam. Demişəm ki, xəstəxanaya yerləşdirilməlidir və müayinə olunmalıdır. Mənə vəd verildi ki, mütləq kardioloji komanda göndəriləcək və hospitala köçürüləcək. Üstündən bir ay keçməsinə baxmayaraq, həkimlər Nazimin səhhəti ilə maraqlanmayıblar. Onu müayinə etsəydilər, vəziyyətinin ciddiliyini görərdilər. Cəmil Kamilli ilə görüşümüzdə ondan səmimi və ədalətli olmasını xahiş etmişdim”.
2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli 2023-cü ilin iyulun 4-dən həbsdədir.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.
İttihamlardan birində iddia edilir ki, sabiq deputat pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək ondan 50 min manat pul tələb edib.
Digərinə görə isə Nazim Bəydəmirli 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində də hədə-qorxu ilə pul tələb edib.
Lakin o, ittihamların heç birini qəbul etmir, özünü "ekologiya məhbusu” sayır.
Nazim Bəydəmirli Gədəbəyin Söyüdlü kəndində baş vermiş etirazlarla əlaqələndirilərək həbs olunduğunu deyir.
Onun həbsindən bir neçə gün əvvəl hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində adlar hallandırılmışdı ki, onların sırasında Nazim Bəydəmirli də vardı.
Nazim Bəydəmirli özü də "Bandotdel”ə çağırılarkən oradan vəkilinə telefon zəngində Söyüdlü hadisələrinə görə saxlandığını bildirib.
Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında olan Nazim Bəydəmirli 2024-cü il dekabrın 24-də 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
Həyat yoldaşı Fəridə Bəydəmirli bildirmişdi ki, Nazim Bəydəmirlinin saxlanma şəraiti pis olmaqla yanaşı, ən qəddar cinayətkarlarla – 20-25 il azadlıqdan məhrum olunmuş iyirmi məhkumla bir otaqda qalır.