Nazim Bəydəmirliyə hökm oxundu
30-09-2024 23:49 / Bu xəbər 660 dəfə oxundu
İqtisadçı zərərçəkmiş qismində tanınan Mürsəl İbrahimova 49 min 740 manat da təzminat ödəməlidir
Keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli 8 il azadlıqdan məhrum edilib. Sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, Nazim Bəydəmirli zərərçəkmiş qismində tanınan Mürsəl İbrahimova 49 min 740 manat da təzminat ödəməlidir.
İqtisadçıya qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.
Bu maddələrin sanksiyasında 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası var, çünki Nazim Bəydəmirli iki nəfərdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.
İttihamlardan birində iddia edilir ki, sabiq deputat pay sahibi olduğu "Avto-Qarant” ASC-nin təsisçisi və Müşahidə Şurasının sədri Ədalət Bağırovu intim görüntülərlə şantaj edərək ondan 50 min manat pul tələb edib.
Son nəticədə 2023-cü ilin iyununda 10 min manat alıb.
Digər ittihama görə isə Nazim Bəydəmirli 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində Mürsəl İbrahimovdan spirtli içki biznesinə yatırdığı vəsaitdən imtina etməsini və əlavə pul tələb edərək sonda istədiyini alıb. Lakin Nazim Bəydəmirli ittihamların heç birini qəbul etmir.
Onun həbsindən bir neçə gün əvvəl hökumətə yaxın media orqanlarında Söyüdlü hadisələrinin təşkilatçıları qismində adlar hallandırılmışdı ki, onların sırasında Nazim Bəydəmirli də vardı.
Keçmiş deputat Söyüdlü hadisəsində qurban seçildiyini deyir: "Gədəbəy hadisələrilə bağlı kimisə qurban vermək lazım idi, o da mən oldum”.
O, özünü "ekologiya məhbusu” sayır.
Söyüdlüdə nə baş verib?
2023-cü il iyunun 20-də Gədəbəyin Söyüdlü kəndinin sakinləri bölgədə qızıl hasilatı ilə əlaqəli sianid tərkibli zəhərli süni gölün yaradıldığını iddia edərək etiraz aksiyası keçirmişdilər.
Aksiyaya polisin müdaxiləsi nəticəsində 10-a yaxın yerli sakin xəsarət alsa da, bir qrup sakin barəsində isə inzibati qaydada həbs qərarı çıxarılıb(Meydan TV)