Nazir müavini və xidmət rəisi həbs olundu

Nazir müavini və xidmət rəisi həbs olundu

09-05-2020 21:03 / Bu xəbər 916 dəfə oxundu

Onlara verilən ittihamlar məlum olub

Bir gün əvvəl həbs olunan iki məmur - Mədəniyyət nazirinin müavini Rafiq Abbasov və nazirliyinin tabeliyindəki Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov mayın 9-da məhkəmə qarşısına çıxarılıb. 

Səbail Rayon Məhkəməsində onların istintaq dövründə həbsdə saxlanması üçün verilən təqdimata baxılıb. Hakim Şahin Abdullayev təqdimatı təmin edib və adları çəkilən hər iki şəxs barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, həm R.Abbasov, həm də Z.Sultanov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb.

Cinayət Məcəlləsinin 179.3.2 maddəsində 5 ildən 10 ilə qədər, 308.2 maddəsində isə 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Nazir müavini və xidmət rəisi mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Onların işi üzrə istintaq DTX-nın istintaq idarəsində aparılıb. Bu məmurlar da, onlardan öncə həbs edilən sabiq icra başçıları da DTX-nın istintaq təcridxanasında saxlanılır.

Prezident İlham Əliyev nazir müavini R.Abbasov və xidmət rəisi Z.Sultanovun həbsindən sonra onların vəzifələrindən azad edilməsi haqda mayın 9-da sərəncamlar imzalayıb.