Nazir müavininin oğlu Naxçıvanda da yağ satacaq: 2023-cü ildə 14 tender

Nazir müavininin oğlu Naxçıvanda da yağ satacaq: 2023-cü ildə 14 tender

05-12-2023 15:21 / Bu xəbər 1414 dəfə oxundu

Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Emin Hacıyevə məxsus "Technoil" MMC daha bir tenderin qalibi olub. 

"Qaynarinfo" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Avtomobil Yolları Dövlət Agentliyinin Naxçıvan Şəhər Yol Təmir Tikinti İdarəsi şirkətdən 41 682,32 AZN dəyərində sürtkü yağları alacaq. 

Beləliklə, "Technoil" MMC-nin 2023-cü ildə qalib seçildiyi tenderlərin sayı 14-ə çatıb. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Technoil" MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb. 

Nizamnamə kapitalı 11 688 495 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76-da yerləşir. 

MMC-nin qanuni təmsilçisi Zeynalova Rumidə Ağabəy qızıdır. 

Rumidə Zeynalovaya qədər "Technoil" MMC-nin qanuni təmsilçiləri aşağıdakı şəxslər olub: 

Rəfiyev Murad İdris oğlu
Məmmədov Elvin Mirzəhüseyn oğlu
Hüseynov Pərviz Xudaverdi oğlu
Allahyarov Elbrus Tehran oğlu. 

Açıq mənbələrdə nə Rumidə Zeynalova, nə də şirkətin qanuni təmsilçisi olmuş digər şəxslər haqqında məlumat var. 

"Technoil" MMC-nin Emin Hacıyevə məxsus olduğunu onun özü də müsahibələrində təsdiqləyib. "Technoil” bizim ailədən gələn layihədir”, - deyə o bildirib.

Şirkətin tenderlərdə qalib gəlməsi də onun nazir müavinin oğluna məxsus olması ilə izah edilir.