Nazir oğlunun Formula 1 qazancı... – böyük müəmma!

Nazir oğlunun Formula 1 qazancı... – böyük müəmma!

09-03-2016 17:13 / Bu xəbər 3197 dəfə oxundu

Xəbər verildiyi kimi, bu gün jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək Formula 1 Avropa Qran-Prisi yarışına çıxarılan biletlərin satışından əldə ediləcək gəliri açıqlayıb. Nazir bildirib ki, Azərbaycan bundan təxminən 3-4 milyon manat arası gəlir əldə edə biləcək.

365.az xatırladır ki, ötən ay nazir  bəzi mətbuat orqanlarında «Formula-1» yarışına Azərbaycanın 150 milyon dollar xərcləyəcəyi barədə getmiş fikirlərə münasibət bildirərkən "Bütün büdcəni əvvəldən axıra kimi saymaq çox ağır işdir” demiş və əlavə etmişdi: "Bu gün tam əminliklə deyirəm ki, 6 kilometrlik yollar 12 milyona başa gəlir. Pitstop binasının qiyməti təxminən 30 milyona yaxındır...”

Bir sözlə, təkcə yarış üçün yollar və pitstop binası üçün 42 milyon xərcləndiyi dəqiqdir. Belədə, bilet satışından həmin məbləğdən dəfələrlə az – cəmi 3-4 milyon manat əldə olunmasının "xüsusi təntənə ilə” elan edilməsi xeyli ironik görünür.

Arzuediləndir ki, gənclər və idman naziri növbəti açıqlamalarında Formula 1 Avropa Qran-Prisinin Bakıda təşkil edilməsindən "Baku Grand Prix” şirkətinin nə qədər qazanacağını da açıqlasın. Məsələ burasındadır ki, həmin şirkətin rəhbəri onun yeganə övladı olan Arif Rəhimovdur. 

2014-cü ilin yanvarında yaradılmış "Baku Grand Prix” şirkəti məlum yarışının təşkilatçısıdır və ayrılan vəsaitlər böyük ölçüdə nazir oğlunun bu şirkətinə yönləndirilir.  

Sözügedən şirkətin Formula 1 Avropa Qran Prisinin 2016-cı ildə Bakıda keçirilməsinin rəsmiləşməsindən qısa müddət sonra yaradılması xüsusi maraq doğurur. Görəsən, sözügedən yarış ərəfəsində həmin şirkətin yaradılmasında və Formula 1 Avropa Qran-Prisinin Bakıda təşkilinin bu şirkətə həvalə edilməsində doğrydanmı, qaranlıq, şübhəli heç bir məqam yoxdur?!   

Onu da deyək ki, orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan nazir oğlu, bunun ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. O, 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib. 2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləyib, sonradan "DDLAR GROUP" adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir.

365.az-ın araşdırmasına görə, Arif Rəhimovun şirkəti indiyədək atasının rəhbərlik etdiyi nazirliyin çoxsaylı sifarişlərini, o cümlədən, Bakıda Su İdman Sarayının tikintisini, "Crystal Hall"un Birinci Avropa Oyunları üçün hazırlığını, Bakı Stend Atıcılığı üzrə İdman Kompleksinin inşaat işlərini həyata keçirib. Bu isə şəffaflıq baxımından ciddi şübhələrə yol açır.

365.az