Nazirin həyat yoldaşı 120 min manata ofis icarəyə verdi

Nazirin həyat yoldaşı 120 min manata ofis icarəyə verdi

25-09-2024 17:57 / Bu xəbər 804 dəfə oxundu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Heydərova Ruhəngiz Muxtar qızı arasında ofisin icarəyə götürülməsi ilə bağlı satınalma müqaviləsi imzalanıb.

"Yeniavaz.com" xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Heydərova Ruhəngiz Muxtar qızına məxsus qeyri-yaşayış sahəsini 2024-cü il ərzində (bir illik) icarəyə götürüb. Multikulturalizm Mərkəzi icarə haqqı olaraq Heydərova Ruhəngiz Muxtar qızına 120 min manat ödəyəcək.

Multikulturalizm Mərkəzi ötən illər ərzində də ofisin icrası məqsədilə Heydərova Ruhəngiz Muxtar qızı ilə müqavilə imzalayıb və müqavilələrin müddəti və qiyməti aşağıdakı kimi olub:

20 fevral – 31 dekabr 2020-ci il  – 97 min 680 manat;
5 yanvar – 31 dekabr 2021-ci il  –  97 min 680 manat;
5 yanvar – 31 dekabr 2022-ci il – 97 min 680 manat;
5 yanvar – 31 dekabr 2023-ci il – 97 min 680 manat;
30 dekabr 2023 – 30 dekabr 2024-cü il – 120 min manat.

Açıqlanan məlumatlardan da göründüyü kimi, Ruhəngiz Heydərova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə icarəyə verdiyi ofisin icarə qiymətini 22 min 320 manat və ya 23% artırıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə ofis icarəyə verən Heydərova Ruhəngiz Muxtar qızı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşıdır. Kəmaləddin Heydərovun həyat yoldaşı "SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” İctimai Birliyinin rəhbəridir.

Ruhəngiz Heydərova eyni zamanda YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, həmçinin biologiya üzrə fəlsəfə doktorudur. 

İctimai Birliyin rəsmi veb-səhifəsində qeyd olunur ki, Birliyin tərkibində Şərq Təbabatı Klinikası da fəaliyyət göstərir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Bakının mərkəzi küçələrindən hesab olunan Mikayıl Useynov prospektində (Səbail rayonu) yerləşən tarixi binaların birində fəaliyyət göstərir.