Nazirlik Bakı Avtovağzalının idarəçiliyinin dəyişməsinə aydınlıq gətirdi

Nazirlik Bakı Avtovağzalının idarəçiliyinin dəyişməsinə aydınlıq gətirdi

21-06-2017 18:43 / Bu xəbər 2272 dəfə oxundu

"Bakı Beynəlxalq Avtovağzalı özəl mülkiyyətdir”

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) idarəçiliyinin dəyişməsi haqda yayılan məlumatlara aydınlıq gətirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) AzadlıqRadiosunun sorğusuna cavabda Bakı Beynəlxalq Avtovağzalı və "Azerbaijan Ground Services” MMC-nin özəl mülkiyyət olduğunu deyib. BBAK-nın nazirliyin strukturuna daxil edilməyən təsərrüfat hesablı müəssisələr sırasına qoşulması istiqamətində iş aparılmır.

"Amma Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəqliyyat sahəsində dövlət siyasətini gerçəkləşdirən tənzimləyici mərkəzi icra hakimiyyəti orqanı olaraq, ölkənin sərnişindaşımada vacib strukturu olan Bakı Beynəlxalq Avtovağzalının fəaliyyətini diqqət mərkəzində saxlayır”, – nazirliyin məktubunda yazılıb.

Avtovağzalın mülkiyyətçiliyi haqda söz-söhbətlər NRYTN-nın yaranması və nəqliyyat naziri Ziya Məmmədovun vəzifəsindən uzaqlaşdırılmasından sonra baş qaldırmışdı. Vergilər Nazirliyinin məlumatına görə, avtovağzala bir müddət Ziya Məmmədovun qardaşı Elton Məmmədov rəhbərlik edib.

AzadlıqRadiosunun 2011-ci ildə apardığı araşdırma müəyyən etmişdi ki, 80 milyon ABŞ dollarına başa gəlmiş avtovağzal "Bakı-XXI Əsr” MMC-yə məxsusdur. Bu şirkəti Vircin adalarında qeydiyyatdan keçmiş "Trans European Leasing Group” şirkəti 2004-cü ildə təsis edib. "Bakı-XXI Əsr” MMC-nin hazırkı direktoru Ziya Məmmədovun digər qardaşı - Nəriman Məmmədovun oğlu Famil Məmmədovdur.

Bəs avtovağzal hazırda kimə məxsusdur? Bakı Beynəlxalq Avtovağzalının mətbuat katibi Yaşar İsakov AzadlıqRadiosunun bu haqda sualından yayınıb.

"Azerbaijan Ground Services” MMC-yə gəlincə, 2016-cı ildə yaradılan bu şirkət özünün internet saytında Bakı Beynəlxalq Avtovağzal Kompleksindən başqa, Yevlax, Ağsu, Quba və Ucar avtovağzalları haqda da məlumat verir. Bu avtovağzalların bir çoxunun "ZQAN Konstrakşn” MMC və "Azərinşaatservis” MMC tərəfindən tikildiyi bildirilir. Məsələn, hər biri 4 milyon 800 min dollara başa gəldiyi iddia olunan Yevlax və Quba avtovağzalları "Garant Holding” MMC-yə daxil olan "M-Trans” MMC-nin sifarişi ilə inşa olunub.

Həm "Azerbaijan Ground Services” MMC, həm də "M-Trans” MMC ölkədaxili və beynəlxalq sərnişindaşımaları ilə məşğuldur.

"Azerbaijan Ground Services” MMC-nin direktoru Seymur Aslanovdur. Mətbuat onun 2015-ci ildə BBAK-ın direktoru təyin olunduğunu yazır.