Nazirlik: "Şərtləri yerinə yetirən tələbələr dövlət imtahandan azad edilib"

Nazirlik:

07-06-2021 18:01 / Bu xəbər 1010 dəfə oxundu

Nicat Məmmədli: "Magistraturada yekun dövlət attestasiyası keçiriləcək"

"Bakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə tədris planının bütün şərtlərini yerinə yetirən, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçən tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar”.

Nazirlər Kabinetinin "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın təsdiq edilməsi haqqında” 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarındakı dəyişiklikdə belə deyilir.

Qərarla bağlı Təhsil Nazirliyi də məlumat yayıb.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib ki, kolleclərdə bütün ixtisaslar üzrə, bakalavr səviyyəsində isə bəzi istisnalar olmaqla yekun dövlət attestasiyası (dövlət imtahanı və ya buraxılış işi) Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜÖMG) əsasında müəyyən ediləcək.

Bildirilir ki, attestasiyanın nəticələri ilə razılaşmayan tələbələr üçün dövlət attestasiyası təşkil edilir: "Magistraturada yekun dövlət attestasiyası keçiriləcək, yəni bu olduğu kimi qalır. Tələbə öz nəticələrindən narazı qalarsa, bu halda universitetlər onlar üçün imkan və şərait yaradacaq ki, sınaqlarda iştirak etsin”.

Qərarda qeyd olunub ki, bakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları üzrə dövlət attestasiyası məcburidir və ixtisas üzrə buraxılış yekun dövlət imtahanından (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir: "Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsindən və (və ya) ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, ali təhsil 3 müəssisəsinin Elmi Şurası və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən müəyyənləşdirilir”.

Bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən müəyyən edilir”, - deyə məlumatda bildirilir.