"Nazirlikdən mənə dedilər ki, bəxtiniz gətirmədi"

23-05-2019 19:30 / Bu xəbər 234 dəfə oxundu

Azərbaycanda pensiyaçıların sayı az, təqaüdün məbləği isə aşağıdır.

Müstəqil Dövlətlər Birliyinin (MDB) Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda hər min nəfərə 130 pensiyaçı düşür.

Həmin statistikaya görə, Ermənistanda hər min nəfər üçün 154, Qazaxıstanda 157, Moldovada 200, Ukraynada 264, Belarusda 273, Rusiyada 296 pensiyaçı düşür. Yəni MDB ölkələri içində bu baxımdan ən zəif göstərici Azərbaycandadır.

Əhalisinin sayına görə Azərbaycanla çox yaxın olan Belarus 2 milyon 594 min təqaüdçüyə və ya əhalinin 26 faizinə pensiya verir. Azərbaycan isə 1 milyon 299,5 min təqaüdçüyə və ya əhalinin 13 faizinə pensiya verir. Buna baxmayaraq Azərbaycanda əmək pensiyalarının orta məbləği Rusiydan 2 dəfə, Qazaxıstan və Belarusdan isə 1,5 dəfə azdır.

Dünya üzərində isə təqaüdə çıxmaqla bağlı ABŞ təcrübəsindən çox istifadə olunur.

Amerikada istənilən şəxs 62 yaşı tamam olduqdan sonra və ya vaxtından əvvəl təqaüdə çıxa bilər. Lakin vaxtından əvvəl pensiyaya çıxanlar tam olmayan məbləğdə təqaüd alırlar. 

Amerikada pensiyaya çıxma yaşı 65-dir. Orta pensiya isə 1328 dollar təşkil edir. Amma nəzərə almaq lazımdır ki, 5-6 və 30-35 illik iş stajı olan pensiyaçıların aldığı təqaüd fərqlidir.

Azərbaycanda isə təqaüdə çıxmaq üçün vətəndaşlar çoxlu mərhələ keçməlidir.

Toplum Tv təqaüdə çıxmaqla bağlı çətinlikləri araşdırıb.

Tofiq Məmmədli Azərbaycandakı təqaüd qaydalarından şikayətçi olan vətəndaşlardan biridir. 

64 yaşı tamamlansa da, hələ də təqaüdə çıxa bilmir. Tofiq Məmmədli 2017-ci ildə pensiyaya çıxmaqla bağlı qanuna edilən dəyişiklikdən sonra təqaüdə çıxmaq üçün 67 yaşını gözləməli olacaq.

O deyir: "Prezident fərman vedi ki, hamıya 25 il staj verilsin və pensiyaya çıxarılsın. Sonra yeni bir tələb çıxdı ki, kimin Sosial Müdafiə Fondunda pulu var, onlar çıxarılsın”.

Tofiq Məmmədlinin 23 il stajı olsa da, ona pensiya verilmir. Yeni qanuna görə, ya 25 il stajı olmalıdır, ya da 2006-cı ildən bu tərəfə Sosial Müdafiə Fonduna ödəniş edilməlidir.

O deyir ki, dəfələrlə pensiyaya çıxmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müracət etsə də, cavab eyni olub: "Dedilər ki, sizin Sosial Müdafiə Fondunda pulunuz yoxdu. Pensiya almaq üçün 2006-cı ildən fonda pul köçürməliydim. Belə çıxır ki, 25 il stajı olmayıb, amma 2006-dan bəri fonda 1-2 manat pul verənlərə pensiya düşür. Mənim kimi 24 il 11 ay stajı olanlara isə pensiya düşmür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən hətta mənə zəng edib dedilər ki, bəxtiniz gətirmədi. Siz 67 yaşında 130 manat sosial təminat alacaqsınız”. 

Tofiq Məmmədli 67 yaşına qədər çalışmadan və gəliri olmadan necə dolanacağını bilmir: "Mən özüm ali təhsilli adamam, amma indi heç yerdə işləyə bilmirəm. Heç bir yerdən gəlirim olmayan biri kimi gərək 67 yaşıma qədər gözləyim. Nə qədər müraciət etdimsə, dedilər ki, qanun belədir. Evdə bir mənəm, bir də yoldaşım. O da müəllimədir və çox cüzi maaş alır”.

Ekspert Rəşad Həsənov vətəndaşa verilən cavabın yeni qanuna görə, doğru olduğunu bildirib: "Azərbaycanda 25 il sığorta stajını verənlərin sayı az olduğu üçün pensiya alanların sayı aşağı düşür. İctimai qınaqdan sonra 2017-ci ildə "Əmək pensiyaları haqqında” Qanuna yeni  dəyişiklik edildi və artıq 25 il sığorta stajı vətəndaşa hədiyyə olaraq verilir. Amma bu zaman bir indikator nəzərə alınır. 2006-cı ildən sonra heç olmasa 1 ay belə olsa, sizin sığorta hesabınızda daxilolma olmalıdır. Bu daxilolma yoxdursa, deməli, siz bu hüquqdan istifadə edə bilmirsiniz”.

Ekspert Azərbaycanın MDB məkanında vətəndaşlara ən az təqaüd verən ölkə olmasını əmək bazarının illeqal olması ilə izah edib: "Bu artıq səthi bir məsələdir. Məsələ faktiki olaraq müəyyənləşdirilmiş pensiya məbləğləri ilə bağlıdır. Demək olar ki, hər 3 çalışandan ikisi qeyri-leqal əmək bazarının iştirakçısıdır. Onların ödədiyi sığorta haqqı pensiya fondunun təmin edilməsi üçün yetərli deyil. Bu baxımdan da dövlət büdcəsindən bu istiqamətdə subsidiya ayrılır. Bu subsidiyalar da təbii ki, məhduddur. Pensiya fondunun 35-38 faizi əsasında ayrılır. Yəni Azərbaycanda Hesablama Palatasının verdiyi indikatorlara baxsaq, 1 pensiya ödəyicisi üçün 1,2 çalışan var. Göstəricinin aşağı olması pensiya təminatı sistemini zəiflədən əsas məqamlardan biridir”. 

Ekspert bildirib ki, pensiya sisteminə maliyyə daxilolmaları kifayət qədər aşağıdır: "Normalda pensiyanın müəyyənləşdirməsi zamanı iki əsas indikatordan istifadə olunur: Birincisi, yığılan pensiya kapitalı, ikincisi, gözlənilən pensiya müddəti. Yəni gözlənilən müddət 144 ay və ya 12 ildir. Toplanılan kapitalı 144 aya böləndə alınan nəticə sizin pensiyanın məbləğidir”.
 
Rəşad Həsənov 
 
Rəşad Həsənov deyir ki, Azərbaycanda işçilərin əməyi ya leqallaşdırılmır, ya da əməkhaqqının çox aşağı hissəsi leqallaşdırılır: "Bundan verilən sığorta haqqı da təbii ki, az olduğu üçün son nəticədə siz daha aşağı pensiya almış olursunuz”.

İqtisadçı Qubad İbadoğlu isə təqaüdçü sayının az olmasını erkən ölüm yaşı ilə əlaqələndirilməsinə cavab verib: "Burada iki problem üzə çıxır: Birinci pensiya yaşı yuxarıdır, bizdə daha çox əhali pensiya yaşına çatmamış dünyasını dəyişir. İkinci isə orta pensiya müddəti aşağıdır. Təqaüdçü pensiya yaşından sonra dünyasını tez dəyişir”.

"Sonra da deyirlər ki, dünyada ən inkişaf etmiş iqtisadiyyat, ən ədalətli sosial qayğı Azərbaycandadır”, - deyə Qubad İbadoğlu bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mövzu ilə bağlı münasibət bildirməyib.