“Nazirliyin işçisinə deyirəm ki, evimə yağış yağır, deyir, yağışlar kəsəcək, üzü yaya gedirik"

“Nazirliyin işçisinə deyirəm ki, evimə yağış yağır, deyir, yağışlar kəsəcək, üzü yaya gedirik

14-04-2022 11:24 / Bu xəbər 2351 dəfə oxundu

"Orduda 22 il qüsursuz xidmət göstərən, 17 il döyüş bölgəsində olan, Qubadlı uğrunda döyüşlərdə yaralanan 10 medallı palkovnik, bayramı evinə yağış yağa-yağa keçirir”.

Ehtiyatda olan polkovnik, İkinci Qarabağ Müharibəsinin iştirakçısı Rəşad Həsənov Maliyyə nazirliyindən şikayətçidir.


R. Həsənov deyir ki, Prezidentin 569 nömrəli Fərmanına əsasən, orduda 22 illik xidmətinə görə nazirlik tərəfindən mənzillə təmin olunmalıdır. Lakin 8 ildir ki, nazirliyin siyahısında 864-cü yerdədir.

"Nazirlikdəkilərin diqqətsizliyi və etinasızlığı ucbatından bugünədək evsizəm. Halbuki Prezident Fərmanın 3-cü bəndindən irəli gələn tələblərə əsasən, mənzillə təmin olunarkən ilk növbədə 22 illik qüsursuz xidmətim, döyüş əməliyyatlarında iştirakım, müharibədə xəsarət almağım, çətin yaşayış şəraitim nəzərə alınmalı idi. Nazirliyə sual vermək lazımdır ki, daha nə etməliyəm ki, mənə mənzil verilsin?”

Rəşad Həsənov hazırda Astarada 2 saylı hərbi şəhərcikdə yaşayır. Amma dediyinə görə, burdakı şəraiti də o qədər ürəkaçan deyil.

"Burda çox acınacaqlı vəziyyətdə yaşayıram. Binanın dam örtüyü bərbad vəziyyətdə olduğu üçün yağan yağışlar birbaşa mənzilimə damır. Binanın kanalizasiya sistemi yoxdur, üfunətdən nəfəs almaq olmur. Mən bayramı evə yağan yağışı seyr eləməklə keçirmişəm. 22 il xidmət edən zabitə verilən dəyər budur? Nazirliyin işçisinə deyirəm ki, evimə yağış yağır, deyir, yağışlar kəsəcək, üzü yaya gedirik".

Şikayətçinin sözlərinə görə, onunla eyni ildə xidmətdə olan 31 nəfərə Yasamal rayonu ərazisində mənzil verilib. R. Həsənovun iddiasına görə, həmin hərbçilərə müdafiə nazirliyində çalışan yüksək rütbəli şəxslərin yaxını olduqlarına görə mənzillə təmin olunublar.

Rəşad Həsənov

Nazirliyə dəfələrlə müraciət edən şikayətçiyə qurum hər dəfə eyni cavabı verir - R.Həsənov siyahıda 864-cü yerdədir, onun növbədənkənar mənzillə təmin olunması digər zabitlərin hüquqlarının pozulmasıdır.

"Nazirlik bir dəfə açıqlama yaydı ki, 2200-dən çox hərbçi mənzillə təmin olunub. Zəng vurdum nazirliyə ki, kimlər evlə təmin olunub? Niyə siyahını açıqlamırsınız? Ev verdiyiniz adamların siyahısı dövlət sirridir məgər?",- R. Həsənov belə deyir.

"Toplum TV" məsələyə münasibət öyrənmək üçün Maliyyə Nazirliyinə müraciət etsə də, qurum sorğuya cavab verməyib.