Nazirliyin milyon yarımlıq tenderini İctimai Şuranın üzvlərinin şirkətləri udub

Nazirliyin milyon yarımlıq tenderini İctimai Şuranın üzvlərinin şirkətləri udub

05-02-2023 19:59 / Bu xəbər 1027 dəfə oxundu

İqtisadiyyat Nazirliyi Yanında yanında Dövlət Vergi Xidməti və nazirliyin tabeliyində fəaliyyət göstərən Tikinti Təchizat Birliyi Məhdud Məsuliyyətli Cəmiyyəti sifarişçi olduqları 1.543.086 manatlıq tenderə yekun vurublar. 
 
Dövlət Vergi Xidmətinin sözügedən satınalması "Kölgə iqtisadiyyatının ölçülməsi və onun aradan qaldırılması ilə bağlı təkliflərin hazırlanması Kölgə iqtisadiyyatının ölçülməsi və onun aradan qaldırılması ilə bağlı təkliflərin hazırlanması" lotu üzrə keçirilib.

"Qlobal.az" yazır ki, bu satınalmanın məbləği 962.880 manat, qalibi isə "ERNST & YANQ HOLDİNQS (SİAYES) Bİ.Vİ." şirkətinin Azərbaycan Respublikasındakı filialı olub.
 
"ERNST & YANQ HOLDİNQS (SİAYES) Bİ.Vİ." şirkətinin Azərbaycan Respublikasındakı filialının qanuni təmsilçisi Vəliyev İlqar Əflatun oğludur.
 
Tikinti Təchizat Birliyinin sözügedən satınalması isə yanvar ayının 11-də ""Data Governance” platformasının hazırlanması üzrə məsləhət xidmətlərinin göstərilməsi" lotu üzrə keçirilib.
 
Bu tenderin məbləği 580.206 manat, qalibi isə "DELOİTTE & TOUCHE" Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti olub.
 
Qalib elan edilən təşkilatın qanuni təmsilçisi Kərimov Nuran Qüdrət oğludur.
 
Qalib təşkilatların rəhbərləri nazirliyə yaxın şəxslərdir
 
Qalib elan edilən "ERNST & YANQ HOLDİNQS (SİAYES) Bİ.Vİ." şirkətinin və "DELOİTTE & TOUCHE" MMC-nin qanuni təmsilçiləri - Vəliyev İlqar Əflatun oğlu və Kərimov Nuran Qüdrət oğlu sifarişçi təşkilatların tabe olduğu İqtisadiyyat Nazirliyinin İctimai Şurasının üzvləridir.
 
 
İlqar Vəliyev
 
İlqar Vəliyev İqtisadiyyat Nazirliyinin yanında İctimai Şurada "Vətəndaşların təşəbbüs qrupu"nu təmsil edir.
 
 
Nuran Kərimov
 
Nuran Kərimov isə "Azərbaycanda Amerika Ticarət Palatası" İctimai Birliyini təmsil edir.
 
"Dövlət satınalmaları haqqında" Qanuna görə isə satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfındən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmədiyi yazılır.
 
Antiinhisar Xidməti qanunun pozulmadığını deyir
 


Məmməd Abbasbəyli, İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi

"Qlobal.az" məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən münasibət öyrənib. 

Yuxarıda qeyd edilən satınalmalarla bağlı Dövlət Xidmətinin açıqlamasında deyilir: 
 
"Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən satınalan təşkilatdan hüquqi, maliyyə və təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir. Müsabiqələrdə qalib elan edilmiş malgöndərənlərin (podratçıların) qanuni təmsilçiləri Vəliyev İlqar Əflatun oğlunun və Kərimov Nuran Qüdrət oğlunun İqtisadiyyat nazirliyi Yanında İctimai Şuranın üzvü satınalan təşkilatdan (Dövlət Vergi Xidmətindən və Tikinti-Təchizat Birliyi MMC-dən) Qanunda nəzərdə tutulmuş hər hansı hüquqi, maliyyə və təşkilati asılılığı ehtiva etmir.
 
Belə ki, "İctimai iştirak haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.3-cü maddəsinə əsasən ictimai şura - bu Qanunda nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur".