"Nə qədər ki, ABŞ-da silah satışı azad olacaq..."
03-10-2017 18:17 / Bu xəbər 1364 dəfə oxundu
ABŞ-ın Las Veqas şəhərində 50-dən çox adamın ölməsi, 100-dən çox adamın yaralanması ilə nəticələnən qanlı hadisə bütün dünyanın diqqətini özünə çəkdi. Hadisə bir daha sübut etdi ki, heç bir ölkə bu cür qanlı hadisələrdən sığortalanmayıb.
Politoloq Elxan Şahinoğlu Toplum.Tv-yə açıqlamasında ABŞ-dakı son olayı vətəndaşların əlində xeyli silahın olması ilə əlaqələndirir: "Bu son qətliam da ən faciəvi hadisələrdən biridir. Keçmiş prezident Barak Obama bu prossesin qarşısını almaq istədi. Lakin Amerikada silah lobbisi çox güclüdür. Hətta o qədər ki, Amerika dövlət başçılarının, Ağ Ev sahiblərinin bunun qarşısını almağa imkan vermir. Nə qədər ki, Amerikada silah azad satışda olacaq belə hadisələr çox təəssüf ki, gələcəkdə də təkrarlanacaq. Qarşısını almağın tək yolu silah satışını məhdudlaşdırmaqdır. Bu isə baş vermir. Psixi xəstə olmayan və həbsdə yatmayan istənilən Amerika vətəndaşı asanlıqla istədiyi silahı ala bilir”.
Politoloq Zərdüşt Əlizadə isə Toplum.Tv-yə açıqlamasında bu cür hadisələrin daim yaşana biləcəyini qeyd edir: "Milliyətindən, cinsiyyətindən və dinindən asılı olmayaraq hamı bunu edə bilər. Təhlükəsizlik tədbirlərini sərtləşdirməklə faizi aşağı sala bilərlər lakin, ixtisar etmək mümkün deyil. Yaşam durduqca zorakılıq hadisələri qarşısı alınmaz təzahürdür”.
ABŞ-ın Las Veqas şəhərində hotel yaxınlığında konsertə gələnlərə atəş nəticəsində 50-dən çox adam ölüb, 100-dən çox adam yaralanıb.
Polisin hələlik şübhəli şəxs qismində nəzərdən keçirdiyi bir nəfər oktyabrın 1-də axşam saatlarında "Manday Bay” hotelinin 32-ci mərtəbəsindən avtomat silahla adamlara atəş açmağa başlayıb. Polisin sözçüsü Joe Lombardo deyib ki, atəş açan həmin şəxsi polis cavab atəşi ilə öldürüb.












